Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, hərəkətin azalması və kompüter qarşısında saatlarla zaman keçirilməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun da artmasına səbəb olur.
Yeniavaz.com tanınmış fitoterapevt Fizuli Hüseynovun bu mövzuda fikirlərini təqdim edir:
Baş beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur.
Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri – başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir.
Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaqlarda və qollarda hissiyyatsızlıq və keyimə kimi hallar çoxalır.
Boyun osteoxondrozu ağır xəstəlikdir və müalicəyə çətin tabe olur. Dərman preparatları və bitkilərlə aparılan müxtəlif müalicələr müvəqqəti nəticə verir. Xəstəlik zamanı fəqərə arasındakı qığırdaqlar tamamilə dağılır, fəqərələrin sümük səthləri bir-birinə toxunaraq zədələnir və bütün fəsadlar da bundan sonra başlayır.
Boyun osteoxondrozunu aradan qaldırmaq üçün bir neçə təbii üsuldan istifadə olunur. İlk növbədə başdan 3, boyundan 2 və onurğa üstündən belə qədər 5 banka həcəmət edilir. Üstündən 10 gün keçəndən sonra həftədə 10, cəmi 50 ədəd zəli qoyulur.
1-ci həftə boyuna 10, 2-ci həftə boyunla kürək arasına 10, 3-cü həftə kürəyə 10, 4-cü həftə belə 10, 5-ci həftə yenə də boyun üstünə 10 ədəd zəli qoyulur. Zəli qoymazdan əvvəl qanın ümumi analizinə və qan laxtalanmasına diqqət etmək lazımdır. Əgər qanda hemoqlobin azdırsa, yüksəltmək lazımdır, əgər qan durudursa, onda ya zəli qoyulmamalı və ya həftədə 4-5 ədəddən çox qoyulmamalıdır.
Müalicə ilə yanaşı olaraq 2 ay öksəotu və sofora bitkiləri qarışdırılaraq 2 xörək qaşığı 3 stəkan su tutan termosda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan qəbul edilir.
Müalicə proseduru hər 4 aydan bir təkrar edilir. Boyun osteoxondrozunun daha bir səmərəli müalicəsi isə təzə andız köklərini ətçəkən maşından keçirib boyuna qoyub bağlamaqdır. Andız kökünü 2 gündən bir cəmi 10 dəfə qoymaq effektlidir.