SOS! Koronavirusun yeni dalğası QAPIDA! - İnfeksionistdən AÇIQLAMA
Gürcüstanda COVID-19-a yoluxma halları artır. Rəsmi olaraq təsdiqlənməsə də, qonşu ölkədə yayılan virusun koronavirusun omikron ştammının EG.5 variantı olduğu ehtimal olunur. Ölkənin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib ki, son bir həftə ərzində orta hesabla gündə 300-ə qədər yeni COVID-19 hadisəsi müəyyən edilib. Bu isə o deməkdir ki, ölkədə COVID üzrə müayinə olunanların hamısının (gündə təxminən 4000 test) 7-8 faizinin nəticəsi müsbətdir. Buna uyğun olaraq xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. Bununla belə, ölüm halları minimum səviyyədə qalır: ayda bir hadisə. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib ki, virusun yeni ştammlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır. Bu da təbii bir prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştamm əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir. Omikronun EG.5 variantına maraq məhz son dövrdə bu ştamm ilə yoluxma hallarının sayında olan artımlardır. Belə hal hələ ki, əsasən ABŞ, Avropada və Sakit okeanın qərb hissəsində müşahidə olunur. ÜST rəsmiləri tərəfindən bu tendensiyanın davam edəcəyi və payızda pik həddinə çatacağı və onun dominant ştamma çevriləcəyi proqnozlaşdırılır. Bununla yanaşı bildirilir ki, ümumi təhlükə səviyyəsi kiçikdir. Belə ki, bəzi ölkələrdə koronavirus səbəbindən hospitalizasiya hallarında cüzi artımlar olsa da, intensiv terapiya bölmələrində belə artımlar qeyd olunmur. Həmçinin COVID-19-dan ölüm halları azalmaqda davam edir. Beləliklə, yeni ştammın daha ağır xəstəliyə səbəb olmasının heç bir sübutu yoxdur. Daha geniş miqyaslı tədqiqatlarda EG.5 ştammının klinik nəticələrə təsirini öyrənmək tələb olunur. ÜST tərəfindən tövsiyə olunur ki, dövlətlər bu məsələdə sayıqlığı əldən verməməli, infeksiyanın artımları olan ərazilərdə əhalinin sıxlığı müşahidə edilən qapalı məkanlarda insanların maskadan istifadə etməsi, risk qrupuna daxil olan şəxslərin isə 4-cü buster doza ilə vaksin olunması məqsədəuyğundur. Lakin xüsusi, daha sərt karantin tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Onu da qeyd edək ki, Azərbaycanda bu məsələ Səhiyyə Nazirliyi və digər aidiyyətli dövlət qurumlarının daim diqqət mərkəzindədir. Ölkəmizdəki mövcud testlər koronavirusu növündən asılı olmayaraq aşkarlamağa imkan verir. Operativ Qərargahın statistik məlumatlarına əsasən, hazırda epidemioloji vəziyyət stabil qalmaqdadır, infeksiyanın yayılma səviyyəsi çox aşağıdır. İnfeksionist Mərdan Əliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, üzü payıza doğru koronavirusa yoluxma hallarında artım gözlənilən idi. Proseslər elə gözlənildiyi kimi cərəyan edir. Amma COVID-19-un yeni, Omikronun alt variantı kimi meydana çıxan EG.5 ştammı bizim üçün də sürpriz oldu:
“Dünyada artıq bu ştamma yoluxanların sayında xeyli artım müşahidə olunduğunu vurğulayan infeksionist deyib ki, payız aylarındansa virusun indi tüğyan etməsi yaxşıdır. Həm yayda virusa yoluxan adamlar xəstəliyi yüngül keçirir, həm də əksəriyyət indi yoluxub sağalacağı üçün payıza, qışa qədər insanlarda immunitet formalaşacaq”. M.Əliyevin sözlərinə görə, Omikronun EG.5 ştammı bizə qonşu olan Gürcüstanda və Rusiyada yoluxma varsa, mütləq Azərbaycana da gələcək: “Amma bu virusa yoluxanların ciddi bir həyatı təhlükə yaşayacağını zənn etmirəm. Artıq ölkəmizdə koronavirusa yoluxan xəstələr ev şəraitində, yüngül müalicə ilə sağala bilirlər. Azərbaycanda kollektiv immunitet daha çox COVID-19-a yoluxub sağalanların hesabına formalaşdığı üçün EG.5-yə yoluxma riskli deyil. İlk yoluxmadan sonra virusun hansı ştamm olur-olsun, 2-3-4-cü yoluxma yüngül keçir. Yalnız risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalı və koronavirusdan maksimum qorunmalıdır: “Yaşı 70-dən yuxarı olan yaşlı insanlar, xroniki xəstələr, yanaşı qaraciyər serrozu, diabet, revmatoid artrit, ağciyər xəstələri mütləq peyvənd olunmalıdır. Həm vaksinlərin üzərindən müəyyən müddət keçdikdə orqanizmin virusa dözümlülüyü azalır. Həm də vaksinlər yenidən düzəlməli və tərkibinə EG.5 variantı da daxil edilməlidir. Əvvəlki vaksinlər bədəndə immunitet yaradıb yeni ştamma qarşı qoruyucu funksiya rolunu oynasa da, birbaşa təsir etmir. Ona görə də mütləq peyvəndlər də modifikasiya olunmalıdır”. Koronavirusun bitmə tarixinə gəldikdə isə M.Əliyev deyib ki, bu virus artıq bizim həyatımıza daxil olub və uzun zaman da çıxması gözlənilmir: “Bütün viruslarda mutasiyaların baş verməsi gözləniləndir, amma koronavirusda bu ehtimal daha çoxdur. Xüsusən də daha çox yoluxmanın qeydə alındığı yerlərdə virusun mutasiyası və yeni ştammların meydana çıxması mümkün haldır. Məsələn, Azərbaycan kimi kiçik ölkələrdə COVID-19-un yeni ştammının yaranması real deyil, bu cür mutasiyalar, adətən, Hindistan, Çin, ABŞ kimi ölkələrdə müşahidə olunur. Yəni virusun genetik kodu dəyişməz qalır, yalnız genlərdə 1-2 dəyişiklik baş verir. EG.5 də “Omicron” variantında dəyişikliyə uğramış genlərdir. Yəni “Omicron” ştammında 2 gen dəyişikliyi baş verib. Bu, çox da önəmli deyil. Əvvəllər də dediyimiz kimi, əsas virusun hər hansı törəməsi, variantı onun özündən heç vaxt güclü olmur. Xəstəlik əlamətlərində, xəstəliyin gedişatında bəzi fərqliliklər baş verir. Ona görə də yeni variant barədə “çox təhlükəlidir” ifadəsinin işlədilməsi düzgün olmaz. Pandemiya dövrü başa çatdığı üçün artıq COVID-19-dan qorxmaq lazım deyil. Lakin bu virus daimi olaraq bizimlə qalacaq və qrip virusu kimi mövsümi olaraq davam edəcək”. //SHERG.AZ//