Ölkəmizdə geniş yayılmış türkəçarə üsullardan biri də bankalanmaqdır. Ta qədimdən soyuqdəymə, əzələ, bel ağrıları zamanı müalicə vasitəsi kimi bankadan istifadə edilib. Bankalanmağa daha çox yaşlı və orta nəslin nümayəndələri üstünlük verir. İnanca görə, banka qoyulan yerdə nə qədər çox tünd qan yığılarsa, deməli, bu nahiyəyə daha çox soyuq olub. Lakin banka haqda fikirlər heç də birmənalı deyil, bəziləri bunun faydalı olduğunu, bəziləri isə orqanlara zərər verdiyini iddia edir. Bəs görəsən, soyuqdəymə zamanı bankalanmaq problemi aradan qaldırmağa kömək edirmi? Məsələ ilə bağlı Yenisabah.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb. O, bu üsulun minillərdir sınanmış olduğunu, faydasının görüldüyünü bildirib:
"Türkəçarə böyük elmi əsası olan qədim türk təbabətidir və həmin dövrdə vətəndaş hüququ qazanan, təsdiq olunan müayinə, müalicə üsulları uzun müddət sınaqdan keçirilib daha sonra üzərində dayanılıb. Eyni zamanda, banka qoyulması da buna aiddir. Banka qoymaq autohemoterapiya xarakteri daşıyır. Autohemoterapiya - xəstənin öz qanından istifadə olunaraq, müxtəlif bioloji dərmanlarla potensiyalaşdırılmış qarışığının alınıb yenidən pasiyentə vurulması ilə aparılan müalicə metodudur".
Professorun sözlərinə görə, banka qoymaqla müalicə üsulu artıq keçmişdə qalıb, tibbin inkişafı sayəsində artıq buna ehtiyac yoxdur:
"Müasir tibb bu gün o qədər inkişaf edib ki, bu cür üsullara ehtiyac qalmır. Bu üsullar artıq arxaik xarakter daşıyır. Məsələn, zəli müalicəsi bu gün də aktual olaraq qalır, amma banka qoymaq ayrı-ayrı adamlar tərəfindən istifadə edilsə də, elmdə vacib üsul kimi nəzərdən keçirilmir. Çünki bu gün son dərəcə müasir üsullar - antibiotikaterapiya və digər üsullar var. Banka arxaik üsul olsa da, özünü təsdiq etmiş üsullardan biridir".
Həkim qeyd edib ki, düzgün qoyulmayan banka ciddi fəsadlara səbəb ola bilər:
"Banka qoyan şəxslər bir növ buna adət edirlər və sonralar tez-tez bu üsula müraciət etməli olurlar. Bu da onun mənfi xüsusiyyətlərindən biridir. Bundan başqa, bankanın qoyulması üçün müəyyən yerlər var və bunu bilmək üçün təcrübə olmalıdır, bankanı onurğa sütununun, ürəyin üzərinə qoymaq qətiyyən olmaz. Bu isə ciddi fəsadlara yol aça bilər. Banka qoymağın da metodologiyası var.
Banka qoyan zaman həmin yerdə qan hissəcikləri laxtalanır və həmin hissəciklər sorulanda orqanizmdə stimuliyasiya verir".
Tarix: 26-08-2023, 23:30