Azərbaycanın rüşvət skandalında Britaniya şirkətlərinin adı hallanır

Azərbaycanın rüşvət skandalında Britaniya şirkətlərinin adı hallanır Britaniyanın “Guardian” nəşrində Azərbaycanın Avropadakı rüşvət skandalı ilə bağlı məqalə dərc edilib. “Azadlıq” qəzeti məqaləni təqdim edir.

Tanınmış italyan siyasətçinin daxil olduğu bir neçə milyon funtluq rüşvət skandalında 4 Britaniya kompaniyasının adı hallanır.


İtaliyanın Mərkəzi Birlik Partiyasının keçmiş üzvü Luka Volonte dünyanın ən avtoritar ölkələrindən biri Azərbaycanı tənqid edən insan haqları hesabatının qarşısını almağa kömək etməkdə günahlandırılır. Britaniya şirkətlərindən birinin Rusiya mütəşəkkil cinayətkar qrupun daxil olduğu skandalla da əlaqəsi olduğu iddia edilir.

Volonte həmçinin Avropa Şurasında Avropa Xalq Partiyasının prezidentidir. O, 2.39 milyon avro rüşvət almaqda ittiham edilərək Milan prokurorluğu tərəfindən istintaqa cəlb edilib.

İddia edilir ki, 2013-cü ildə Xalq Partiyasını Azərbaycanın siyasi məhbusları ilə bağlı hesabatın əleyhinə səs verməyə inandırmaq üçün Volonte bu pulları qəbul edib. O, ittihamları rədd edir.

Hesabatın Avropa Birliyinə üzv ölkələrin siyasətçiləri tərəfindən rədd edilməsindən bir neçə ay sonra Avropa Komissiyası Azərbaycandan Avropaya qaz daşıyacaq Trans Adriatik Boru kəmərinin (TAP) tikintisini elan etdi.

Almaniya Sosial Demokrat Partiyasının üzvü Kristof Ştrasser tərəfindən tərtib olunan hesabatın nəşr edilməsi Azərbaycandakı pozuntuları ictimaiyyətin mühakiməsinə çıxarar və boru kəmərinə Avropanın dəstəyi barədə suallar qaldırardı.

Ştrasser İtaliyanın RAI kanalına deyib: “Hesabatın rədd olunması Azərbaycanın reputasiyasını qorudu və ölkənin Avropadakı biznesi ilə bağlı heç kimin deməyə sözü olmadı.”

TAP Avro-Kaspian Meqa Boru Kəmərinin tərkib hissəsi olaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçəcək. Layihə tamamlandıqdan sonra o, Xəzər dənizindəki Şahdəniz yatağından Avropaya qaz daşıyacaq.

Volonteyə pulun ödənilməsində iştirak edən 4 Britaniya şirkətinin adı İtaliya sənədlərində aşkar edilib. Volonte bildirib ki, “ödəniş deputat Elxan Süleymanova şəxsi məsləhət müqabilində həyata keçirilib”. O, deyib ki, bu pul ona kənd təsərrüfatı ilə bağlı məsləhətə görə verilib.

Avropa Stabillik Təşəbbüsü həmin 4 Britaniya şirkətini müəyyən edib: “LCM Alliance LLP”, “Hilux Services”, “Polux Management” və “Metastar INVEST”. Dörd şirkətin hər biri vergi cənnətlərində qeydiyyatdan keçən kompaniyalar tərəfindən idarə olunur.
Tarix: 1-01-2017, 19:39
Xəbəri paylaş





Xəbər lenti