"Rus NATO"su ətrafında düşmən israrının pərdəarxası; Ermənistan nümayəndəsinin quruma baş katib gətirilməsi gündəmdən çıxır; Azərbaycan əsgərinin cəsədi ilə prinsip aparan marionet ölkə adekvat münasibətlə üz-üzə; erməni analitik: “Eyforiya dövrü bitdi...” Ermənistan dekabrın 26-da sərhəddə diversiyanı dəf edərkən həlak olan azərbaycanlı əsgərin cəsədini hələ də qaytarmayıb. Bununla beynəlxalq humanitar prinsiplərə və öhdəliklərə növbəti dəfə tüpürən, meyitlə düşmənçilik aparan, ümumiyyətlə, beynəlxalq normalara məhəl qoymayan işğalçı ölkə bir daha öz mahiyyətini ortaya qoymuş oldu. Əfsus ki, Minsk Qrupunun həmsədrləri də məsələyə laqeyd və susqun münasibət göstərməkdədir.
Azərbaycan məhz belə bir əxlaqsız düşmən və qərəzli vasitəçilərlə üz-üzədir. Əslində təəccüblü də deyil. Çünki Ermənistanda 20 ildir hakimiyyətdə terrorçu-quldur ünsürlər, Xocalı hərbi caniləridir. Onlardan insana, cəsədə başqa münasibət gözləmək yanlış olardı. Necə ki, eyni rəzaləti vaxtilə Milli Qəhrəman Mübariz İbrahimova qarşı eləmişdilər. Demək, düşmən tərəf son insidentdə görə də qəzəbli və məyusdur. Odur ki, heç olmasa, bu yolla öz hərbi uğursuzluğunu kompensasiya eləmək, eyni zamanda ictimai rəyi sakitləşdirməyə çalışır.***
Bunlar öz yerində, insidentə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ona “Rus NATO”su da deyilir) birinci və hələ ki sonuncu baş katibi Nikolay Bordyujanın məlum reaksiyası da maraqlı oldu. Bordyuja ad çəkməsə də, dolayısıyla və haqsız şəkildə Azərbaycanı qınadı, üstəlik, “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Ancaq daha maraqlısı odur ki, cəmi bir gün sonra qurumun həm mətbuat xidməti, həm də Rusiya XİN-i onu təkzib elədi, daha bir gün sonra isə Bordyuja vəzifəsindən getdi. Onu indi müavini əvəz edir.
Beləliklə, ermənilərin sevinci uzun çəkmədi və pərt oldular. Bunu özləri də etiraf edirlər. Məsələn, erməni analitik Akop Badalyan bu xüsusda yazır: “Eyforiya həqiqətən çox sürmədi. İki gün sonra belə bir informasiya yayıldı ki, KTMT baş katibi postunda Nikolay Bordyujanı müavini Valeri Semerikov əvəz edəcək. ”DQR" ifadəsi ilə bağlı isə Rusiya XİN bəyanatla çıxış elədi və bildirdi ki, Dağlıq Qarabağ probleminə dair KTMT üzvü olan dövlətlərin mövqeyi qurumun oktyabr 2016-cı il İrəvan bəyanatında əksini tapıb. Həmin bəyanatda isə təbii ki, “Dağlıq Qarabağ Resbublikası” ifadəsi yoxdur. Rusiyanın reaksiyası təəccüb doğurmadı - nəzərə alsaq ki, KTMT-nin üzv ölkələri hərbi-siyasi planda qurumun üzvü olmayan Azərbaycana daha çox bağlıdır, nəinki Ermənistana. Beləcə, eyforiyanı frustrasiya əvəzlədi - Bordyuja nəinki KTMT-də dəstəklənmədi, üstəlik, vəzifəsini itirdi".Bu yerdə yada salaq ki, N. Bordyujanın baş katib kimi səlahiyyətləri 2015-ci ilin sonunda bitib. Lakin Ermənistanın nümayəndəsinin baş katibliyə gəlməsinə birmənalı münasibət olmaması və Azərbaycanın mümkün narazı reaksiyası üzündən təyinat üç dəfə (ötən ilin apreli, oktyabrı və dekabrı) təxirə salınıb. Növbəti dəfə məsələ bu ilin aprelindəki sammitə kimi ertələnib.Baş katibliyin İrəvan üçün nə dərəcədə önəmli olduğunu isə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçəryanın açıqlamasından açıq görmək olardı. Hələ noyabr ayında o etiraf eləmişdi ki, “baş katibliyə Ermənistan nümayəndəsinin təsdiqi məsələsində konsensus yoxdur, ancaq Ermənistan qurumun dekabr Sankt-Peterburq sammitində öz namizədində israr edəcək”. Yəni faktiki, Kremlə qarşı demarş məsələsi.
Artıq bəllidir ki, Peterburq toplantısında da İrəvan deyən olmayıb. Az sonra Semerikovun Bordyujanı əvəzləməsi ehtimal eləməyə əsas verir ki, ikinci baş katib də yəqin ki, elə o - rus olacaq.
***
Bəs Ermənistanın israr elədiyi bu post nəyinə lazımdır, əgər onsuz da işğalçı ölkənin təkcə hərbi infrastrukturu, hava məkanı deyil, iqtisadi sferası da faktiki, Moskvanın nəzarətindədirsə?
Əlbəttə ki, ilk növbədə özünütəbliğ və Azərbaycana qarşı əlavə təsir rıçaqı əldə eləmək üçün. Məsələ ondadır ki, baş katib qurumun toplantıları arası dövrdə onun mövqeyini ifadə edən əsas və mühüm fiqurdur və nə qədər deyilsə də ki, burada qərarlar kollegial qəbul edilir, baş katibin əlahiddə fikir bildirmək hüququ da var. Necə ki, bu hüquqdan istifadə edən N.Bordyuja gethagetdə Azərbaycana pislik elədi - hərçənd iki gün sonra vəzifəsini də itirdi. Yəni baş katib erməni olsa belə, ağzına gələni danışa bilməz. Əgər Bordyujaya yerini göstərirsə, erməniyə də göstərilər. Hərçənd fürsət tapıb suyu bulandıra bilər.
Ehtimal ki, Kreml həm də bu kimi insidentlərin daha çox ola biləcəyi və Bakı ilə əlavə baş ağrısı yaşanmaması naminə, üstəlik, Qazaxıstan, Qırğızıstan və Belarusun mövqeyini bildiyi üçün erməni generalın “Rus NATO-su”na baş katib gətirilməsini istəmir. Bu, həmçinin Qarabağ danışıqlarında Rusiyanın onsuz da şübhə altında olan neytral vasitəçilik imicinə əlavə zərbə olardı.
Bununla bağlı erməni şərhçi Akopyan daha sonra yazır: “Bordyujanı müavinin əvəzləməsindən aydın oldu ki, nəinki Ermənistan nümayəndəsinin baş katib olması məsələsi, bütövlükdə rotasiya qaydasının məqsədəuyğunluğu artıq sual altındadır. Dərhal da xəbər yayıldı ki, yanvarın 1-dən Bordyujanı onu müavini əvəz edəcək, hərçənd onun səlahiyyətlərinin 2017-ci il aprelin 1-dək uzada da bilərdilər. Ayrı sözlə, tamamilə mümkündür ki, onun kənarlaşdırılmasına ”Dağliq Qarabağ Respublkiası" ifadəsini işlətməsi səbəb ola bilərdi. Beləliklə, konkret halda Bordyuja da Ermənistan kimi qurbandır. Növbəti dəfə aydın olur ki, KTMT-nin Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur".
***
Əslində də belədir. Rusiya baş katiblik məsələsinə həssas yanaşmaqla, onu erməniyə həvalə etməməklə faktiki surətdə Azərbaycanla münasibətlərə verdiyi önəmi nümayiş etdirir və bu - doğrudur. Odur ki, apreldə yeni baş katib qismində erməninin deyil, məhz elə Semerikovun təsdiqlənəcəyini proqnoz eləmək olar. Bununla Ermənistanın postsovet məkanında ciddi söz sahibi və etibarlı tərəfdaş olmadığı bir daha ortaya qoyulmuş olacaq.
Azərbaycan əsgərinin cəsədi ilə prinsip aparan bir marionet ölkəyə ayrı münasibət mümkün də deyil - o ki ola, onun nümayəndəsinə KTMT baş katibliyi həvalə edilə. Bunun bədələnin nə ola biləcəyini kim bilməsə də, Bakı və Ankara ilə münasibətlərə strateji dəyər verən Moskva, hər halda, çox yaxşı bilir.
Siyasət şöbəsi
Tarix: 10-01-2017, 09:13