Bu həftə Ermənistanda daxili siyasi böhranın aradan qalxıb-qalxmayacağına əhəmiyyətli dərəcədə aydınlıq gələcək. Mayın 8-də parlamentdə ikinci cəhddə yeni baş nazir seçkisinin nəticələrindən bəlli olacaq ki, işğalçı ölkə ilə aparılan Qarabağ münaqişəsinə dair danışıqların aqibəti necə olacaq, sülh prosesi bir az da dalana girəcək, müharibə riski artacaq, yoxsa danışıqları davam etdirmək üçün hansısa yeni, ümidverici mərhələ başlayacaq, impuls yaranacaq?
Sözsüz ki, çox şey konfliktin həllinə ən güclü təsirini saxlayan Rusiyanın baş verənlərə reaksiyasından, daha dəqiqi, inqilabi hərəkata və onun lideri Nikol Paşiyana etimad dərəcəsindən asılı olacaq. Belə görünür ki, Moskva bu xüsusda daha çox aktiv gözləmə mövqeyi tutub.
*****
“Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, Ermənistandakı siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova son brifinqdə Azərbaycan və Ermənistandakı seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin intensivləşməsi imkanının olub-olmaması ilə bağlı suala cavabında bildirib.
“Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərəm ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır”.
*****
“Ermənistan təkcə avtoritar rejimin yox, həm də Qarabağın girovudur. İlk növbədə isə Dağlıq Qarabağ probleminin girovudur”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni nəşrinə açıqlamasında tanınmış ukraynalı politoloq Vitali Portnikov deyib.
“Ermənistan - tranzit dövlət kimi unikal siyasi və iqtisadi imkanlara malikdir. O, Qafqazda mühüm mərkəz və Ermənistan erməniləri ilə diaspor arasında birləşdirici həlqədir. Ancaq bu imkanların reallaşması üçün ilk növbədə Dağlıq Qarabağ probleminin həllini tapmaq lazımdır”, - deyə o qeyd edib.
Ekspert bildirib ki, Dağlıq Qarabağ konflikti bu və ya başqa formada nizamlanmayınca, Azərbaycan və Türkiyə ilə sərhədlər açılmayınca, Ermənistan özünün bütün qonşularından təhlükəsizlik zəmanəti almayınca, onun durumu əhəmiyyətli şəkildə yaxşılaşmayacaq: “Əgər resurslar yoxdursa, həyatı yaxşılaşdırmaq mümkün deyil. Bu resurslar isə Ermənistanın geostrateji vəziyyətinin əsasında durur və heç bir Rusiya hərbi bazası bu resursları əvəzləyə bilməz. Bunu səmimi şəkildə etiraf eləmək və ölkənin yeni rəhbərliyinə sual vermək lazımdır. Əgər yeni rəhbərlik Qarabağ məsələsində status-kvonu saxlamaq niyyətindədirsə, demək, avtomatik şəkildə erməni yoxsulluğu, çıxılmazlıq və emiqrasiya planında da status-kvonu saxlayacaq”.
Portnikovun sözlərinə görə, dəqiqliklə söyləmək olar ki, Ermənistanda etiraz hərəkatının geosiyasi çalara malik olmadığını söyləyənlər özlərini tələyə salıblar: “Çünki erməni etirazları mahiyyət etibarilə Vladimir Putinin postsovet məkanında müəyyən elədiyi oyun qaydalarına qarşıdır. Və əgər Paşinyan hakimiyyətə gələndən sonra Serj Sərkisyanın kursunu davam etdirsə, o zaman o, mütləq yeni etiraz dalğası və onun yeni lideri ilə üzləşəcək, hansı ki, artıq onun əleyhinə olacaq”.
Politoloqa görə, oyun qaydaları hakim klanların əvəzolunmazlığı ilə bağlıdır. “Həmin qaydalara görə, hakimiyyət məsələsi küçələrdə deyil, kabinetlərdə həll olunur. Ona görə də səmimi şəkildə demək lazımdır ki, bu günlər küçələrə çıxan hər bir erməni Serj Sərkisyana yox, konkret olaraq Rusiya siyasi rejiminə və şəxsən Vladimir Putinə etiraz edir. Nikol Paşinyandan tutmuş, təqaüdçüyə və tələbəyə kimi, küçəyə çıxan hər kəs - şəxsən Vladimir Putinin və Rusiya rejimini dəstəkləyən hər bir Rusiya vətəndaşının şəxsi düşmənidir”, - deyə o qeyd edib.
Ukraynalı analitik Ermənistandakı kütləvi etiraz hərəkatı ilə bağlı xəbərdarlıq da edib: “Mən başa düşürəm ki, cənab Paşinyan siyasətçidir. Onu da başa düşürəm ki, o, niyə belə bəyanatlar verir (Paşinyan iddia edir ki, onun hərəkatı geosiyasi çalara malik deyil və xarici siyasət oriyentasiyası baxımından qarşısına vəzifə qoymur - red.). Ancaq məndə sual yaranır: o, ölkəni necə idarə eləməyə hazırlaşır? Əgər onun yeganə məqsədi baş nazir olmaq və sələfləri Serj Sərkisyan və Robert Köçəryan kimi işləməkdirsə, o zaman məğlubiyyətə məhkumdur. Bu halda onun siyasi mübarizəsinin mənası mənə aydın deyil”.
*****
Necə deyərlər, bu yerdə əslində əlavə şərhə ehtiyac qalmır. Yalnız bundan savayı ki, ukraynalı ekspertin də xüsusi vurğuladığı kimi, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın xilası Rusiya ilə bağlı deyil, tam əksinə, əsas qonşular - Türkiyə və Azərbaycanla dil tapmaqdan, anlaşmadan və bunun nəticəsi kimi Qarabağ məsələsinin həlində ciddi dönüşə nail olmaqdan keçir.
Yəni erməni xalqının xoşbəxtliyi, rifaha qovuşması heç kimin deyil, öz əlindədir. Bundan ötrü çox şey də tələb olunmur. Qonşu ölkələrə qarşı əsassız torpaq və saxta soyqıqrım iddialarından əl çəkib, onların ərazi bütövlüyünü tanımaq, qlobal güclərin, ilk növbədə də Rusiyanın əlində regionu qarışdırmaq üçün maşa missiyasını daşımaqdan imtina eləmək.
Ermənilər nəhayət, anlamadırlar ki, Kreml onlara heç vaxt xoşbəxtlik gətirməyəcək. Əsas da o səbəbə ki, Rusiyanı nəinki ermənilərin, ümumiyyətlə, bölgə xalqlarının rifahı və xoşbəxtliyi heç vaxt maraqlandırmayıb, Moskva yalnız I Pyotr dövründən əsası qoyulan “Parçala, hökm sür” siyasətini davam etdirir. Nə vaxt ki, bədbəxt erməni bu acı gerçəyi dərk edib rusun maşası olmaqdan imtina edəcək, o gündən də onun xoşbəxtliyi başlayacaq...