Havel maskası: iqtidarda kimlər xalqa nifrət toxumları səpir? - sehrli əllər...

 


 

Azərbaycan cəmiyyətinə nifrət-kin toxumları səpirlər. Bu toxumlar artıq cücərməkdə, böyüməkdə, onu yetişdirənlərə bumeranq effekti verməkdədir.
AnaXeber.Az yazır ki, bu nifrət, düşmənçilik toxumları hansı siyasi mətbəxlərdə hazırlanırsa, onların bir məqsədi var - antixalq fəaliyyəti.
Çex dissidenti Vatslav Havel “Susqunluğun anatomiyası” əsərində yazır ki, siyasi gücü anonimləşdirən, şəxssizləşdirən, onu sadəcə idarəetmə və manipulyasiya alətinə çevirən prosesin minlərlə maskası var.
Sistemin hansı məqsədə xidmət etməsi bu məqsədə necə xidmət etməsindən daha vacibdir.
Azərbaycandakı sistem isə həmin maskaların timsalında necə və nə cür olmasından asılı olmayaraq, bir məqsədə xidmət edir - antixalq ideyasına...
Biz bunu sistemin vintciklərinin ayrı-ayrı klounluqlarında, eybəcərliklərində görməyə məhkum edilmişik. Nədən ibarətdir anti-xalq siyasəti?
1 Xalqın dəyər verdiyi şəxsiyyətləri maskaların, klounların ağzı ilə aşağılamaq, nifrət etmək
2 Xalqın heysiyyatına toxunan və qıcıqlandıran çıxışlar etmək, onun kölə olduğunu göstərmək
3 Sosial həyatını ağırlaşdırmaq, leyhinə olan qərarları rədd etmək, yaşamını sərtləşdirən qanunları qüvvəyə salmaq


Azərbaycanda son illərdə  məmurların pozğunluğu, qudurğanlığı xirtdəyə qədər çatmağa başlayıb.
Onlar nə xalq artistlərini, nə xalqın qiymət verdiyi adamları dəyərləndirir, nə danışıqlarını bilirlər.
Ölkəyə nifrət püskürən vəzifəlilərin bir qayəsi var: qanunlar da onlara xidmət eləsin. Və sanki bu qüvvə hər addımında çalışır ki, insanları qızışdırsınlar.
Bunu pensiya yaşını artırmaqda, benzinin qiymətini qaldırmaqda, vətəndaşların evlərini yerlə-yeksan etməkdə, məhkəmə qərarlarında həyata keçirirlər.
Dəfələrlə məsələ qaldırılıb ki, dollar krediti probleminə baxılsın, 5000-10 000 manat kredit borclarının bağışlanması üçün addımlar atılsın, amma onlar nə edirlər? – deputat maaşlarını artırırlar.
Bu xalqa nifrətin, hirsin, hikkənin qaynağı hardandır? Nə üçün insanları sevmirsiz? Niyə ölkəni “barıt çəlləyi”nə çevirənə qədər əlinizin içindən gələni edirsiniz?
Elə sonuncu hadisədə - Fuad Poladovun vəfatına laqeyd münasibətlə məqsədiniz nə idi? Niyə xalqın sevdiyi adamlara nifrət edirsiz?
Nazir aktyorun dəfninə getsəydi, dünya dağılacaqdı yoxsa “xəncərinin qaşı düşəcəkdi”?
Niyə xalqın Fuad üçün ağladığı gün insanları üsyan həddinə çatdıran biganəlik göstərdiniz?
AnaXeber.Az yazır ki, bu, xalqla hakimiyyət arasındakı uçurumun, körpülərin yanmasının axarıncı sübutuydu. Təkcə Poladovdurmu?
Dəfələrlə cəmiyyətdə qara qəpik dəyəri olmayan deputatların ağzından Rəsulzadə, Elçibəy təhqir olunub, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Ş.İ.Xətai barəsində, Səfəvilər haqda qıcıqlandırıcı çıxışlar eşitmişik.
Niyə? Nə üçün xalqın dəyərlərinə toxunurlar, bunu məqsədli şəkildə etməklə xalqla iqtidar münasibətlərinə hansı rəngi vermək istəyirsiz? Suallar ritorikdir.
Çünki qısqanırlar, xalqın sevimli şəxsiyyətlərini həzm edə bilmirlər, özlərinin millətin gözündə heç kəs olduqlarını, gecə-gündüz söyüldüklərini bilirlər.
Məsələn, Şuşanın işğalına bir gün qalmış, mayın 7-də İctimai Televiziya efirində Suraxanıda bayram-konsert göstərilirdi.
Kəsəsi, bu siyasət antixalq fəaliyyətinin Havelin təbirincə desək, maskalarıdır, təzahürləridir.
Və belə ehtimal etmək olar ki, iqtidar daxilindəki sehrli əllər, ruspərəst dairələr bu strategiyanı müəyyənləşdirirlər.
Onlar xalqın əleyhinə olan mürtəce qanunları qəbul edirlər, cərimələri artırırlar, qiymətləri bazarlarda bahalaşdırırlar, idarə qapılarında süründürürlər, şəhid bulağını sökürlər, şəxsiyyətləri alçaldırlar, etinasızlıq göstərirlər, cığallığa yol verirlər ki, toplumun nəbzini yoxlasınlar.
 Lakin bu  xalqı saymayanların, bəyənməyənlərin sonu olur, başlanğıcı kimi...
AnaXeber.Az
 Turan
Tarix: 8-05-2018, 08:38
Xəbəri paylaş





Xəbər lenti