SƏRHƏDLƏRİMİZƏ YAXINLAŞAN FIRTINA…



Özcan Tikit

“Habertürk”, Türkiyə, 09 may 2018-ci il

 

ABŞ-ın paytaxtında bir müddətdir baş verən hadisələr yaxınlaşan fırtınanın xəbərçisi idi. Prezident Tramp, Ağ evdə İranla 2015-ci ildə əldə edilən anlaşma məsələsilə bağlı fərqli düşünən nə qədər adam vardısa, sön dövrdə bir-bir komandadan uzaqlaşdırmışdı.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Müşavirliyi və MKİ Direktorluğuna gətirilənlərin hamısı da İranla bağlanan nüvə anlaşmasına qarşı çıxan şəxslərdi.

Baş verən bütün bu hadisələri Trampın daxili siyasətdə əleyhinə işləyən məsələlərlə bağlı yaşadığı sıxıntılardan ayrı nəzərdən keçirmək də mümkün deyil. Trampı daxili siyasətdə yaşadığı sıxıntılardan qurtaracaq ən önəmli həmlə İsrail lobbisini arxasına almaq ola bilərdi. Əlbəttə ki, bunu xarici siyasətdə mümkün edəcək ən önəmli addım da İsrailin əzəli düşmən olaraq gördüyü İranla imzalanan nüvə anlaşmasından geri çəkilmək idi.

Faktiki olaraq, Tramp da dünən İranla əldə edilən anlaşmadan geri çəkilərək, tam da özünə qarşı yönəldilən təzyiqlə uyğun şəkildə davrandı.

Dünənki son dərəcə sərt sözlərindən anlaşılır ki, ABŞ hakimiyyəti bundan sonra aldığı qərar yönündə – İrana yenidən sərt sanksiyalar tətbiq edilməsi yoluna gedəcək. Tramp, bu addımları atarkən də İsraili və regiondakı əzəli İran düşməni olan ölkələri arxasına alacaq. Ancaq iqtisadi sanksiyaları tətbiq edərkən, ABŞ, 2015-ci illə müqayisədə daha çox yalnız qalması gerçəyilə üzləşməyə məcbur olacaq.

Çünki ABŞ hakimiyyəti bu anlaşmadan çıxaraq, sadəcə İranı qarşısına almaqla qalmır. Anlaşmanın tərəfləri olan İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin bu qərarı verən ABŞ hakimiyyətini yalnız qoyacaqlarını hal-hazırda elan ediblər.

Üstəlik, bu ölkələrin davranışı “duyğusal”dır. Bir çox Avropa ölkəsilə bərabər, Rusiya və Çin də ötən iki il içində anlaşmanın təsirilə yumşadılan sanksiyaları fürsət bilərək, İranla çoxsaylı ticarət anlaşması imzalayıb. ABŞ, imzalanan bu ticarət anlaşmalarını bir hərəkətlə yox edərkən, bu güclü ölkələrin prosesi eləcə əli-qolu bağlı bir şəkildə izləmələrini gözləmək sadəlövhlük olardı.

Bu ölkələrin ABŞ-ın İrana yönəlik sanksiyalarını nə qədər təsirsiz hala gətirə biləcəklərini də zaman göstərəcək. ABŞ-ın verəcəyi sanksiya qərarları xüsusilə Avropa ölkələrini imzaladıqları ticarət anlaşmalarını, faktiki olaraq, həyata keçirə bilməz hala gətirə bilər.

Bunun təsirli nümunəsi olaraq, Avropa təyyarə şirkətlərinin İranla aviasiya parklarının yenilənməsilə bağlı imzaladıqları təqribən 38 milyard dollarlıqanlaşmalar göstərilə bilər.

Avropa ölkələri anlaşmaya bağlı qalsalar belə, bu anlaşmaların işləməsi texniki olaraq imkansız ola bilər. Çünki sifariş ediləcək sərnişin təyyarələrinin hissələrinin ən azı 10%-i ABŞ-dakı fabriklərdə istehsal olunur. Təbii ki, ABŞ torpaqlarında yerləşən şirkətlər də ordakı dövlətin verəcəyi sanksiya qərarına tabe olmağa məcbur olacaqlar.

 

Türkiyənin mövqeyi

 

Vəziyyətin belə olması ilə birlikdə, 2015-ci ildə imzalanan nüvə anlaşmasının hələ də İran üçün bir diplomatik qələbə olduğu önə sürülə bilər. Çünki ABŞ hakimiyyəti öncə təsdiq edib, sonra geri çəkilmə qərarı verdiyi bu anlaşma ilə İran qarşısındakı diplomatik gücünü böyük ölçüdə itirdi. Bundan iki il öncə imzalanan bu anlaşma sayəsində bu gün Qərb bloku, İran məsələsilə bağlı, öz maraqları yönündə ABŞ-a qarşı cəbhə almış vəziyyətdədir. Bu şərtlər altında ABŞ BMT TŞ-dən İranı cəzalandılracaq bir sanksiya qərarı ala bilməz.Əlbəttə, BMT TŞ-siz alınacaq yeni sanksiya qərarları onsuz da kifayət qədər kövrək bir görüntü verən İran iqtisadiyyatına bəzi ağır zərbələr endirə bilər. Ancaq bu da nəticədə daxildə rejimin daha çox gücləndiyi bir durumun ortaya çıxmasına yol aça bilər.

Bu şərtlər altında ABŞ-ın İrana yönəlik strategiyasının bundan sonra, ağırlıqlı olaraq, rejimin regiondakı gücünü qırmaq məqsədilə formalaşdırılacağı söylənə bilər. İsrail və ərəb rejimlərinin ABŞ-ın dəstəyilə Suriya və Livanda İrana yaxın olan təşkilatları hədəf alacaq bir toqquşmanın yaxın olduğu söylənilir.

Rusiya və Türkiyə kimi ölkələrin həmin strategiya qarşısında tutacaqları mövqe belə bir durumda çox böyük önəm daşıyacaq.

Özünə qarşı yönəlik təhdid olaraq qəbul etməzsə, İranın Livan və Suriyadakı gücünün qırılmasından Türkiyənin narahat olmasını gözləməmək lazımdır. Ancaq bu strategiyanın çirkli oyunlarla birlikdə İranda rejim dəyişikliyi yönündə işləməsi halında da, Türkiyənin bundan xoşhal olması gözlənilməməlidi.

Başından bəri İranla yaşanan nüvə probleminin diplomatik yolla həll edilməsindən yana olan Türkiyənin, belə bir ssenarinin ona çıxaracağı hesabı da nəzərə alaraq, dağıdıcı olan hər cür ssenariyə qarşı etiraz etməsi gözlənilir. Ankaranın yaxınlaşan fırtınaya indidən hazırlıq görməsi lazımdır.

Tərcümə Strateq.az-ındır

Tarix: 9-05-2018, 16:17
Xəbəri paylaş





Xəbər lenti