Moskva-İrəvan qarşıdurması: Nikolun Qərblə sensasion razılığı - TƏHLİL


Moskva-İrəvan qarşıdurması: Nikolun Qərblə sensasion razılığı
Ermənistanı qarşıda çox ciddi və ağır günlər gözləyir.

Bu sözləri Axar.az-a Ermənistanda qərbyönümlü Paşinyan dönəmi və Rusiya ilə münasibətlərin gələcək taleyi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistanda demokratik dəyişikliklər ölkədə dərin islahatların həyata keçirilməsini tələb edir:

“Ermənistanda monopolistlər istehsal və ticarət sahələrini inhisara götürüblər. İlk növbədə ölkədə inhisarçıları meydandan uzaqlaşdırmaq və azad sahibkarlığa meydan açmaq lazım gələcək. Paşinyan yəqin ki, bunu və siyasi idarəçiliyin demokratikləşdirilməsi tələbini həyata keçirəcək. Yəni o, seçki qanununu dəyişdirəcək. İdarəetmə ilə bağlı bir sıra sahələrin qanunvericilik bazasınə da təkmilləşdirəcək. Ermənistandan oğurlanmış xeyli miqdarda pulun bir qismi böyük ehtimalla Qərb ölkələrindədir. Yeni baş nazir bu fonda Qərb dövlətləri ilə əlaqəyə girmək məcburiyyəti qarşısında qalacaq. Belə ki, o, həmin vəsaitlərin ofşor zonalarda, yaxud da İsveçrə və ya ABŞ banklarında olmasının mənbəyini aşkara çıxardıqdan sonra Ermənistan büdcəsinə qaytarılması təmin edəcək. Ali təhsili olmasa da, o, çox bic və təcrübəli adamdır. Ən azından formal bəhanələrlə oliqarxların bir qismini həbs edəcək və istintaq gücü ilə onların maliyyə mənbələrinin öyrənilməsi prosesinə girişəcək. Çünki hazırda Ermənistan xəzinəsi demək olar ki, boşdur. Yeganə köməyi Rusiya və Qərb diasporu edir. Paşinyana daha çox pul lazımdır ki, ölkəsinin maddi rifahını təmin edə bilsin. Bu zaman Paşinyan hədəf kimi Qərb qanunvericiliyini götürəcək”.

Politoloq hesab edir ki, Paşinyan ilk vaxtlar Rusiyanı narazı salacaq addımlar atmayacaq və Moskva ilə münasibətləri qoruyub saxlamağa çalışacaq:

“Ən əsası isə Gümrüdəki hərbi bazanın çıxarılması və Rusiya ilə bağlanmış hərbi müqavilənin denonsasiyası bir qədər sonra gündəmə gələcək. Hər halda o da bəllidir ki, Paşinyan Ermənistanda qanunların demokratik məzmun kəsb etməsini təmin etməyə çalışacaq. Bu fonda o, Qərbin güclü dəstəyini qazanmaq üçün Avropa Birliyi ilə assosiativ sazişi də gündəmə gətirə bilər. Bildiyiniz kimi, Qərb assosiativ üzv olan ölkələrə böyük miqdarda pul ayırır. Zənnimcə, Ermənistan Avrasiya Birliyi və KTMT-də qalmaqla Qərblə assosiativ sazişi imzalaya bilər”.

Q.Hüseynli Paşinyanın rus amili fonunda Qərblə ciddi bazarlığa girişəcəyini qeyd edib:

“Ermənistan əhalisi uzağı 3-4 aya seçdiyi baş nazirdən ölkədə maddi rifahın yüksəldilməsini tələb edəcək. Ermənistan kasıb ölkədir və bütün sənaye müəssisələri borc qarşılığında Rusiyaya satılıb. Bu fonda, fikrimcə, Paşinyanın ciddi manevrlər edəcəyi mümkündür. Paşinyan erməni hiyləgərliyinə xas olan metodla Qərbdən çoxlu vəsait qopara bilər. Qərb verəcəyi böyük vəsaitlərin qarşılığında rus bazalarının Ermənistandan çıxarılmasını və Rusiya ilə imzalanmış uzunmüddətli hərbi müqavilələrin birtərəfli qaydada ləğvini irəli sürə bilər. Qərbin istəkləri isə bununla bitməyəcək, Paşinyandan mütləq NATO-nun Cənubi Qafqaza doğru genişlənməsi istiqamətində addımlar atması istəniləcək. Əks təqdirdə Qərb Ermənistana lazımı siyasi və maddi dəstəyi verməyəcək”.

Paşinyanın üçüncü bir çıxış yolunun olmadığını deyən politoloq əks addımın Ermənistanda yeni rəngli inqilabla nəticələnə biləcəyini vurğulayıb:

“Ona görə də Paşinyan Qərblə maksimum sövdələşməyə gedərsə, bu, genişmiqyaslı olmalıdır. Çünki belə demək mümkündürsə, Qərb edəcəyi referanslar müqabilində Paşinyanın bütün resurslarını öz tərəfinə çəkməyə çalışacaq. Bu isə ən sonda Rusiya ilə Ermənistan arasında qarşıdurmaya səbəb olacaq. Qərblə əlaqə sadəcə demokratiya ilə bitmir, həm də Ermənistanın bəzi Avropa strukturlarına inteqrasiyasını gündəmə gətirir. Yəni təkcə siyasi, deyil, hərbi inteqrasiya da lazım olur. Bu isə Ermənistanın çox mürəkkəb mərhələdən keçməsinə gətirib çıxaracaq. Bunun üçün təkcə Gürcüstanın keçdiyi yola nəzər salmaq kifayətdir. Ermənistanın bu yolu necə keçəcəyi, Rusiya ilə münasibətlərin taleyi və Qərblə əlaqələrin gələcək formatı çox ciddi məsələlərdir. Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq”.
 
Tarix: 10-05-2018, 09:46
Xəbəri paylaş





Xəbər lenti