Paşinyan da Sərkisyan kimi girovluqdadır - Təhlil
Nikol Paşinyan demək olar Serj Sərkisyanın siyasətini həyata keçirməkdədir.Bunu Ermənistanın yeni baş nazirinin Xankəndidə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri, politoloq Elşad Mirbəşiroğlu deyib.
O qeyd edib ki, N.Paşinyan da S.Sərkisyan kimi Qarabağ separatçılarını dəstəkləyib, qeyri-obyektiv olaraq Azərbaycanın hərbi ritorikaya üstünlük verdiyini sayıqlayıb:“O da Sərkisyan kimi Dağlıq Qarabağın münaqişənin tənzimlənməsində ayrıca tərəf kimi iştirakını istəyir. Yəni, göründüyü kimi, Ermənistanda mahiyyət etibarilə heç nə dəyişməyib. Paşinyanın Ermənistanın inkişafı üçün başqa çıxış yolu, əlində ciddi platforma olsaydı, yaxud potensial imkanlar paketindən danışmaq imkanı olsaydı, təbii ki, əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinə deyil, ölkənin acınacaqlı vəziyyətdən çıxması məsələsinə yönəldərdi. Paşinyan da hakimiyyətinin ömrünü Qarabağ münaqişəsi vasitəsilə uzatmaq istəyir”. E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistanda hakimiyətdə kimin olmasından asılı olmayaraq, bütün siyasi qüvvələr ölkənin işğalçılıq siyasətinin girovluğundadır:
“Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mətbuat konfransı zamanı yol verdiyi səhvlər onun siyasi naşılığından irəli gəlir. O özü də bilmədən fikirlərini bir-birinə qarşı qoyur. Onun ziddiyyət təşkil edən digər fikirləri də var. Bir tərəfdən deyir ki, Qarabağ münaqişənin müstəqil tərəfidir və danışıqlarda iştirak etməlidir, digər tərəfədən isə Ermənistanın da münaqişə tərəfi olduğunu bildirir. Sual olunur ki, əgər Dağlıq Qarabağ münaqişə tərəfidirsə, Ermənistan burda hansı formada münaqişə tərəfidir? O, Ermənistanın işğalçılıq siyasəti həyata keçirdiyini etiraf edir. Sərkisyan isə bir qədər ehtiyatlı danışırdı. O, Dağlıq Qarabağın guya öz müqəddəratını təyin etmək istədiyini deyirdi. Bu isə Ermənistanın münaqişə tərəfi olduğunu bildirir. Yəni, onun bütün bu fikirləri bir-biri ilə çox ciddi, dərin ziddiyyət təşkil edir. Bu da Dağlıq Qarabağ münaqişəsinin yenə də Ermənistanda hakimiyyət uğrunda mübarizə faktoru olması ilə bağlıdır. Demək, gələcəkdə Ermənistanda vəziyyətin sabitləşəcəyindən danışmaq mümkün deyil”.
Tarix: 10-05-2018, 21:58