Ermənistan ABŞ-ın nəzarətinə keçəcək, Azərbaycan isə...– Şərh



Trampın qərarı təhlükəlidir. Regionda yaranmış əmin-amanlıq pozula bilər.

Bunu ABŞ Prezidenti Donald Trampın İranla imzalanmış nüvə razılaşmasından çıxmaqla bağlı qərarını Teleqraf.com-a şərh edən politoloq Rasim Ağayev deyib.

O qeyd edib ki, İran indiyə qədər müəyyən təhlükələri dəf edirdi:

“Regionda Ermənistanı çıxmaq şərtilə təhlükəsizlik atmosferi var. Ancaq Tramp bu qərarı ilə Amerikanın əl-qolunu açır. Sabah ABŞ bəyan edə bilər ki, İranda nüvə silahı hazırlanır və biz bunun qarşısını almalıyıq. Bunu da deməsə, ayrı bir bəhanə ilə bura öz qoşunlarını yeridə, İrana hücum edə bilər”.

R.Ağayev deyib ki, əgər hadisələr bu istiqamətdə cərəyan etsə, bu, ABŞ-ın Şimali Qafqazdan tutmuş İranadək böyük bir regionu öz əlinə keçirmək istədiyinə dair köhnə fikri gücləndirəcək:

“Bu da artıq Rusiyaya təhlükə yaradır. ABŞ faktiki olaraq Rusiyanın cənub sərhədlərində öz mövqelərini bərkidir və burda olan bütün dövlətlər ABŞ-ın himayəsi altına keçir. Nə bunun qarşısını almaq, nə də digər hansısa addım atmaq mümkün ola biləcək. Hadisələr bu istiqamətdə cərəyan etsə, Ermənistan açıq-aşkar ABŞ-ın nəzarəti altına keçəcək. Azərbaycan onların arasında qalacaq. Rusiyanın da yaranmış vəziyyətdə necə davranacağı, hansı ölkəyə dəstək olacağını bilmək olmur. Mənə elə gəlir ki, ümumiyyətlə, çox təhlükəli vəziyyət yaranır”.

Bununla belə, R.Ağayev hansı hadisələrin baş verəcəyinə dair proqnoz verməyin çətin olduğunu vurğulayıb:

“Bir şeyi dəqiq demək olar ki, bu hadisə Rusiyanın əleyhinə yönəlib və regionda təhlükəsizliyi sual altına qoyur”.


Tarix: 10-05-2018, 22:57
Xəbəri paylaş





Xəbər lenti