“Donald Trampın İranla imzalanan nüvə sazişindən çıxmaq haqqında qərarı ABŞ-ın digər ölkələrlə münasibətlərini daha da zəiflədəcək və Vaşinqtonun xarici siyasəti qarşısında duran problemləri artıracaq. Bütün bunlar isə Trampa son seçkilərdə qalib gəlməsində yardım edən Rusiyanın xeyirnə olacaq”.
Musavat.com xəbər verir ki, bu sətirlər “The Huffington Post” qəzetinin yazarı Əkbər Şahid Əhmədin məqaləsində yer alıb.
Müəllifin fikrincə, Donald Trampın bu addımı Rusiya prezidenti Vladimir Putinin iki əsas məqsədinə çatmasına gətirib çıxaracaq.
Belə ki, Moskva bir yandan ABŞ-ın rəhbərliyi altındakı demokratik ölkələrin alyansının parçlanmasına, digər yandan isə Rusiyanın ətrafındakı, o cümlədən, İranın da daxil olduğu alternativ blokun güclənməsinə nail olacaq.
Məqalədə sözügedən sazişin əslində Rusiya üçün xeyirli olduğu qeyd edilib. Çünki yeni ölkələrin nüvə silahı əldə etməsi və beləliklə, Rusiyanın dünya siyasətində ən böyük üstünlüklərdən birinin effektinin azalması Moskvaya da sərf etmirdi.
“Rusiya İranın daha da irəli atılmasına imkan verəcək potensialından çəkinirdi”, - Böyük Britaniyanın Londonda yerləşən Krallıq Müdafiə araşdırmaları institutundan Maykl Stivens məqalə müəllifinə rəyini bildirib.
“Birləşmiş Ştatların İrana iqtisadi təzyiqlərinin artacağını nəzərə alsaq, Tehranın bundan sonra yeni dostlar qazanması daha da çətinləşəcək. Bu isə İrana Moskva ilə yaxınlaşmaqdan başqa çarə buraxmayacaq. Bu dövlətlər olduqca qeyri-münasib tərəfdaş sayılsalar da, öz maraqlarına zidd gələn bir çox beynəlxalq təşəbbüsə qarşı birləşə bilirlər”, - müəllif qeyd edir.
Məqalədə Tehranda Qərbə qarşı sərt xətt tərəfdarlarının məhz Rusiya ilə münasibətləri möhkəmlətmək istədikləri vurğulanır. “Bu. həmin qüvvələrlə cəmiyyət içindəki tərəfdarları arasında aqressiv millətçiliyi yüksəltməyə yardım göstərəcək”, - yazar bildirir.
“İranın daha da təcrid olunmuş və paranoidal vəziyyətə salınması rusların geostratejik anlamda böyük qələbəsidir”, - “National Iranian American Council” təşkilatından Reza Maraşi qeyd edir.
Maraşinin fikrincə, bu, Rusiyanın həmişə təlqin etdirmək istədiyi bir fikri möhkəmlədir: Yəni, ABŞ Yaxın Şərqin yalnız cənub hissəsində ağalıq edə biləcək. Türkiyə, İran, Suriya və İraqın daxil olduğu şimal bölgəsi isə Moskvanın təsiri altında qalacaq...
“Məhz bu, Vladimir Putinin ən çox görmək istədiyi mənzərədir- Rusiyanın SSRİ dağıldıqdan 27 il sonra ABŞ-la başa-baş rəqabət edə biləcək güc olaraq tanınması...” məqalədə qeyd olunur.