ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli çəkilən Cina Haspeli yaxından tanıyıram.
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Çəfəroğlu deyib.
O bildirib ki, hazırda dünya mediası tərəfindən müzakirə edilən Cina Haspellə illər öncə görüşüb:
“Fəaliyyətimiz dövründə o qədər mütəxəssislə görüşmüşük ki, adamın yadına da gəlmir. Xanım Haspellə Amerikada görüşüm olub, müzakirələr aparmışıq. Bu çoxdan olub, haradasa 10 il əvvəl. O zaman ABŞ Dövlət katibi Kondoliza Rays mənə mükafat təqdim etmişdi. Xanım Haspellə görüşüm bu mükafatı alandan sonra olub”.
N.Cəfəroğlu qeyd edib ki, Bakıda Cina Haspellə görüşünü dəqiq xatırlamır:
“Ola bilsin ki, Bakıda da görüşmüşük. Bilirəm ki, Bakıya gəlmişdi və burada görüşlər keçirmişdi. Sadəcə olaraq, dəqiq tarixi deyə bilmirəm”.Hüquq müdafiəçisi deyib ki, Cina Haspellə görüşündən sonra bu xanım haqqında onda müsbət təəssürat yaranıb:
“Çox güclü qadındır, siyasəti yaxşı bilir, kişi ağlına sahibdir. Sizə deyim ki, mülahizələri korrekt və əsaslı görünürdü. Mən onu güclü qadın kimi xarakterizə edərdim”.
Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra edən Cina Haspelin vaxtilə Bakıda işlədiyi bəlli olub.
“CBS Nyus” xəbər verir ki, Cina Haspel 1990-cı illərin sonlarında Bakıda Mərkəzi Kəşfiyyat İdarəsinin yerli rezidenturasına rəhbərlik edib. Bu vəzifədə çalışdığı dövrdə – 1998-ci ildə o, Keniyada və Tanzaniyada ABŞ səfirliklərinə hücumda ittiham olunan iki nəfərin tutulması ilə nəticələnmiş uğurlu əməliyyata cəlb olunub.
“Turan” yazır ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşlarından biri Cina Haspelin Bakıda işlədiyini təsdiqləyib, ancaq onun burada hansı vəzifəni tutduğunu açıqlamayıb. Təsdiqlənməmiş məlumatlara görə, Cina Haspel Bakıda USAİD təşkilatının (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) strukturunda çalışıb.