Son bir neçə gündə cəmiyyətdə müzakirə olunan məsələlərdən biri, heç şübhəsiz ki, Ermənistanın yeni baş naziri Paşinyanın adından yayılan “tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib” açıqlaması idi. Başda ziyalılar, jurnalistlər və siyasətçilər olmaqla Xarici İşlər Nazirliyi səviyyəsində belə bu məsələyə sərt reaksiya verildi, hətta Azərbaycan dövlətinin Paşinyan qarşısında üzrxahlıqla bağlı tələb səsləndirməsi də çağırışlar sırasında oldu.
Amma daha sonradan məlum oldu ki, ümumiyyətlə, Paşinyan bu sayaq bir açıqlama verməyib. Bu, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sarkazmla yazdığı bir status nəticəsində yayılıb. Musavat.com sözügedən statusu yada salır: “Paşinyan gəldi Qarabağa, dedi ki, buranın ağası bizik. Paşinyan beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib.Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? “Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə olmağı arzulayırıq.”- Paşinyan belə deyib.
Paşinyanın sözlərindən əsəbiləşən qəhrəman XİN-imiz tez BMT-nin özünün də unutduğu neçə nömrəli, hansısa arayışlarından danışanda, Paşinyan vertolyotu ilə Yerevana qayıdırmış və vertolyotdan yerə bulaşıq kağızlar səpələnib. Kağızlar bizim Müdafiə Nazirliyinin postlarına düşüb. Müdafiə Nazirliyinin bir xeyli müşayətilə vertolyot Qarabağ səmasında dövrə vurub, sonuncu arayış-kağızı da tullayıb gedib. Bu arayış BMT-nin yox Rusiya Federasiyasının məxvi məlumatı olub. Məlumatda deyilir: “Ermənilər Qarabağı istəyirdilər, azərbaycanlılar hakimiyyəti. Rusiya hər iki tərəfin istəyini həyata keçirib” .
Nəyimizə lazımdır e Qarabağ, gedək bulvara, deyir, orda konset verirlər”.
İ.İsmayıl musavat.com-a açıqlamasında bildirib ki, bir neçə gündür Qarabağdadır: “Paşinyana Qarabağa gələndə o qədər əsəb keçirdim ki. Ondan iki gün əvvəl, mayın 7-də məqalə yazmışdım ki, “Paşinyan Qarabağa gələcək, onun rahat gəlib-getməsinə hər hansı formada mane olun”. Ya cəbhədə bir gərginlik yaransın. Bunların heç biri olmadı. Heç diplomatik sferada da gərginlik yaradılmadı. Mən Tərtər bölgəsində gərginlik keçirdim ki, necə olur ki, burda heç tapança səsi də eşidilmir, cəbhənin ən yaxın yerində. Paşinyan Sərkisyandan da qəzəbli, ondan da sərt qərarlar verir. Bizimkilər isə ona hər hansı cavab vermir. Əksinə, Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BMT qətnamələrinə istinad edən bir açıqlama verib. Buna çox əsəbləşdim, istehzayla, sarkazmla dolu həmin statusu yazdım”.
İ.İsmayılın sözlərinə görə, Paşinyanın sözlərini qəsdən “dırnaq işarəsi içində” yazmaqla inandırıcılığı artırmaq istəyib. Müsahibimiz bunun belə reaksiya doğuracağını 50 faiz təxmin etdiyini dedi: “Amma XİN səviyyəsində bu cür reaksiyanın verilməsini gözləmirdim. Bu, onu göstərdi ki, biz diplomatik nöqteyi-nəzərdən nə gündəyik. Bilmirlər ki, Paşinyan orda nə deyib, nə deməyib. Qarabağ siyasətində bu dərəcədə bacarıqsızlıq olmaz. Mən bunu sarkazmla yazdım. Bu, zarafat deyildi. Mən o statusu Tərtərdə, Qarabağın ortasında əsəb, gərginlik keçirə-keçirə yazdım. Dostlarımdan başqa heç kim mənə yazmadı, təpki də göstərmədi. Açıq olan bir şey idi. Jurnalistlər də, Xarici İşlər Nazirliyi də bu məsələyə qeyri-peşəkar yanaşırsa, vay peşəkarların halına. Görün biz hansı səviyyədəyik ki, bir nömrəli problemimizə belə səthi yanaşırıq”.
Müsahibimiz bundan öncə də ironiya dolu statuslar yazdığını xatırlatdı: “Bu, nə birincidir, nə axırıncı. Qarabağ məsələsində istər hərbi, istərsə diplomatik sferada qeyri-peşəkarlıq göstərdikləri müddətdə, bundan ikiqat artığını yazacam. Hər cür təpkilərə də hazıram”.