11 aprel prezident seçkilərindən 1 ay keçdi. Seçkilərdən keçən bir ayda Azərbaycanda yeni hökumət formalaşdırılıb. Hökumət daxilində çoxlu sayda kadr dəyişiklikləri həyata keçirilib. Başda Artur Rasizadə olmaqla, Nazirlər Kabinetinin üzvlərinin bir xeylisi əvvəlki vəzifəsinə təyin edilməyiblər, onlar yeni kadrlarla əvəzlənib. Yüksək vəzifələrə təyinat alanlar sırasında əsasən gənc kadrlara üstünlük verilib. Yeni Nazirlər Kabineti, yeni təyin edilən nazirlər, komitə sədrləri artıq bir aya yaxındır iş başındadır. Xüsusilə yeni təyin olunanların fəaliyyətində yeniliklərə üstünlük verdiklər müşahidə olunmaqdadır.
Seçki kampaniyası dövründə prezidentliyə namizədlər sırasında daha çox müxalifət mövqeyi ilə fərqlənən ADP sədri Sərdar Cəlaloğlu, Yeni AXCP-nin sədri Razi Nurullayev 11 apreldən keçən bir ayda atılan addımlarla bağlı fikirlərini, qənaətlərini “Yeni Müsavat”a bildiriblər.
Sərdar Cəlaloğlu qeyd etdi ki, 11 apreldən öncə ölkədə siyasi, iqtisadi, sosial sahədə durum necə idisə indi də o cür qalır: “Kadrların dəyişdirilməsini köklü islahat saymaq olmaz. Bu bir ayda sadəcə olaraq kadr dəyişiklikləri olub. Bu da geniş çevrəni əhatə etməyib. Əgər idarəetmə prinsipləri eynidirsə, idarəetmənin qanunvericilik əsasları eynidirsə, qanunvericilikdə ciddi islahat xarakterli dəyişikliklər edilməyibsə, yeni təyin olunan kadrlar da əvvəlkilərdən elə də ciddi fərqli müsbət nəsə ortaya qoya bilməzlər. Ona görə də mən son bir ayda hansısa ciddi islahatların keçirildiyini görmürəm. Yeni təyin olunan nazirlərin əvvəlkilərdən fərqli iş ortaya qoya bilmələri üçün qanunlarda ciddi dəyişikliklər olmalıdır ki, nazir öz sahəsində ciddi islahatlar həyata keçirə bilsin”.
“Seçkiyə qədər hər kəs deyirdi ki, gənclər vəzifələrdə irəli çəkilməlidir və islahatlar bundan başlanmalıdır. Seçkidən sonra təyinatlarda daha çox gənclərdən istifadə edildiyi məlumdur. Bunu da islahat hesab etmirsiniz?” sualına prezidentliyə keçmiş namizəd belə cavab verdi: “Yaş məsələsinin önə çəkilməsi demoqogiyadan başqa bir şey deyil. Dünyanın ən güclü ölkəsi ABŞ-dır. Orada senatorların əksəriyyətinin yaşı 65-dən yuxarıdır. Prezidentlərin də əksəriyyəti 65 yaşından sonra seçilmiş şəxslər olub. Bu gün ABŞ Konqresinin üzvlərinin əksəriyyətinin yaşı 60-dan yuxarıdır. Gəlin baxaq, görək, yaşı çox olan adamların idarəçilikdə olduğu ABŞ kimi ölkələrin durumu necədir, gənclərin idarəçilikdə üstünlük təşkil etdiyi ölkələrdə vəziyyət necədir. Odur ki, mən Azərbaycanda gənclərin vəzifələrə gətirilməsinə bu prizmadan yanaşıram. İnsan yaşlaşdıqca məsuliyyət hissi artmağa başlayır, təcrübəsi zənginləşir. Ona görə də üzərinə düşən vəzifəni daha yaxşı həyata keçirə bilir. Yaşlılarda olan məsuliyyət hissi gənclərdə olmur. Mən gənclərin kütləvi şəkildə vəzifələrə gətirilməsinə o qədər də müsbət yanaşmıram. Gənclərin önə çəkilməsinin necə effekt verəcəyi bir müddət sonra bəlli olacaq”.
Razi Nurullayev seçki sonrası hadisələri və təyinatları yaxından izlədiyini bildirdi: “Atılan addımların Azərbaycanın problemlərini çözəcəyini deyə bilmərəm. İzləyirəm və hələ ki, real dəyişikliklər görmürəm. Kadr islahatları gözəldir, gərək bəhrə versin. Onu da gözləmək lazım gələcək. Bizim gözləntimiz bir az fərqli idi və elə fərqli olaraq da qalır. Azərbaycanın qurulmasında, dövlətçiliyin saxlanılmasında və gələcəyimizin təminatına yer ala biləcək siyasətin aparılmasının tərəfdarıyam. İstəyirəm ki, belə insanlar daha böyük rol alsınlar, ölkə siyasətinin formalaşmasında və idarə edilməsində daha böyük çəkiyə malik olsunlar. Ölkə qurmaq, siyasət qurmaq, onu aparmaq, təhlükələrdən qorumaq və gələcək nəsillərə azad, firavan, xoşbəxt Azərbaycan nəsib etmək üçün daha dərin siyasətin aparılmasına ehtiyac var ki, orada layiqli dövlət adamları, siyasətçilər və əməyi keçənlər yer alsınlar. Hələ də bunu gözləyirik və inanırıq ki, siyasi proseslərdə və dövlət idarəçiliyində nəzərdə tutduğum adamlara və siyasətçilərə layiqli yer veriləcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”