Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna təyinat yubandıqca, cəmiyyətdə müxtəlif versiyalar gündəmə gəlir. Bu versiyalardan ən geniş yayılanı isə Bakıda böyük şəhər bələdiyyəsinin formalaşdırılacağı ilə bağlıdır. Yayılan məlumatlarda tezliklə Bakıda meriya institutunun yaradılacağı, buna görə də boş qalan şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur.
Bakının bələdiyyə idarəçiliyinə verilməsi nə qədər realdır? Paytaxt rəhbəri postuna kimi daha layiqli namizəd hesab etmək olar? Suallara müxtəlif sahədə fəaliyyət göstərən şəxslərdən cavab aldıq.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, Bakıda seçkili orqanların yaradılması çox vacibdir: “Ümumiyyətlə, idarəetmədə maksimum şəkildə seçkili orqanlara üstünlük verilməlidir: universitet rektorları, xəstəxanaların baş həkimləri də seçki yolu ilə müəyyənləşməlidir. Amma Azərbaycanda demokratikləşdirmə siyasəti aparılmır ki, biz deyək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının təyinatı bələdiyyə institutu yaradılacaq deyə yubadılır. Görünür, hansısa bir kadrın üzərində ümumi razılıq yoxdur deyə təyinat yubanır”.
Partiya sədri deyir ki, müxalifətdə Bakıya rəhbərlik edəcək layiqli insanlar çoxdur: “Hakimiyyətdə isə mən heç kimi tanımıram ki, kiminsə layiqli olub-olmadığını deyə bilim”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, təmsil etdiyi partiya on illərdir Azərbaycanda böyük şəhər bələdiyyəsi institutunun yaradılmasını təklif edir: “Bakı və Gəncədə böyük şəhər bələdiyyəsi formalaşdırılmalı, bu şəhərlər bələdiyyələr tərəfindən idarə olunmalıdır. Ümumiyyətlə, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Mövcud status bələdiyyələrin inkişafına imkan vermir. Amma bunun həyata keçirilməsi üçün həm Seçki Məcəlləsində, həm bələdiyyələrə dair qanunvericilikdə dəyişikliklər olunmalıdır. Bu baxımdan, qeyd etdiyiniz variantın nə qədər real olduğunu söyləməyə çətinlik çəkirəm”.
Baş redaktorun sözlərinə görə, BŞİH-ə rəhbərin təyin olunması bilavasitə ölkə prezidentinin səlahiyyətində olduğuna görə kiminsə namizədliyindən danışmaq mümkün deyil: “Bakı şəhər icra hakimiyyətinin başçısı şəhəri yaxşı tanıyan, infrastrukturuna dərindən bələd olan, mövcud problemlərdən çıxış yollarını göstərməyi bacaran, çevik, dinamik və düşünürəm ki, daha gənc insan olmalıdır”.
Azərbaycan Bələdiyyə Alyansının üzvü, ekspert Samir Əliyev: “Azərbaycan Avropa Şurasına üzv olanda yerli özünüidarəetməyə dair Avropa Xartiyasını imzalayıb. Və üzərinə öhdəlik götürüb ki, paytaxtda bələdiyyə idarəetməsinə keçiləcək.Hazırda Azərbaycan Avropa Şurasına üzv olan yeganə ölkədir ki, meriya institutu yoxdur. Meriya institutu seçkili qurumdur, onun rəhbəri də, təmsilçi idarəçiləri də seçki yolu ilə müəyyənləşir. Bakıda belə bir institutun yaradılması həm şəffaflıq baxımından zəruridir, həm də Azərbaycanın üzərinə götürdüyü öhdəlikdir. Düşünürəm ki, Azərbaycan əvvəl-axır buna getməlidir”.
İndi Bakıda meriya institutunun yaradılmasının mümkünlüyünə gəlincə, S.Əliyev bunu real saymır: “Əvvəla, bunun üçün qanunvericiliyə müvafiq dəyişikliklər olunmalıdır. İkincisi isə bələdiyyə institutu inkişaf etdirilməlidir. Digər tərəfdən, bu, siyasi iradə tələb edən işdir. Çünki Bakı rəhbərliyi elə bir postdur ki, ora seçkilərdə həm siyasi partiyaların, həm də ayrı-ayrı şəxslərin marağı olacaq. Hakim partiyanın, hakimiyyətin bu gün buna gedəcəyinə əmin deyiləm”.
S.Əliyevin fikrincə, Bakı meri şəhər əhalisinin iradəsini ifadə etməli, onun tərəfindən seçilmiş şəxs olmalıdır.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, ən doğru variant Bakının seçkili rəhbərlik tərəfindən idarə olunmasıdır:“Hansı qərarın veriləcəyini deyə bilmərəm. Doğru olanı Bakıda meriya institutunun formalaşdırılmasıdır. Azərbaycanla bərabər üzərinə öhdəlik götürən dövlətlərin hamısı ona əməl ediblər. Ən sonuncu Ermənistan idi, orada da İrəvanda böyük şəhər bələdiyyəsi institutu yaradıldı. Bu baxımdan, Azərbaycan hamıdan geriyə qalıb”.
Ekspertin fikrincə, Bakıda seçkili orqanların formalaşdırılması şəhər təsərrüfatının normal idarə olunmasında, şəffaflığın yaranmasında böyük rol oynayar: “Bu gün Bakıda kimin səlahiyyəti harada başlayıb harada bitir, kimin səlahiyyətlərinə nələr daxildir - bunu bilən yoxdur. Kim harada istəyir fəaliyyətini həyata keçirir, şəhər rəhbərliyindən icazə alan yoxdur. Nəqliyyata biri baxır, kommunala 3-ü baxır... Halbuki meriya institutu olarsa, bu xaotik vəziyyət aradan qalxar, bunların hamısına o cababdehlik daşıyar”.
Dünya SAKİT,
“Yeni Müsavat”