Paşinyanın arxasında dayanan qüvvə: Qərb, yoxsa Rusiya?


Siyasi ekspertlər Ermənistanın baş nazirinin iki qütb arasındakı vurnuxmalarını şərh etdi

Ermənistanda baş nazir kürsüsünə oturan Nikol Paşinyan mayın 14-də Rusiya prezidenti Vladimir Putinlə görüşür.

Amma hələ də bir suala doğru-dürüst cavab verilməyib: Paşinyan qərbpərəstdir, yoxsa rusiyapərəst? Yaxud yeni hökumət başçısının arxasında dayanan güc Qərbdən idarə olunur, yoxsa Kremldən? Bu, faktdır ki, N.Paşinyan ortaya iddialarını qoyana qədər qatı Rusiya əleyhdarı kimi görünürdü. Parlamentdəki çıxışlarında Ermənistanın Rusiya asılılığından çıxmasını tələb edən çıxışlarını ermənilər bu günlərdə yaxşı xatırlayır. Ancaq onun Qərbə reveranslar etməsi də diqqət çəkir.

Məlum olduğu kimi, Nikol Paşinyan bir müddət öncə Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri ilə görüşmüşdü. Göründüyü kimi, o, həm Qərbə, həm də region ölkələrinə meyllilik nümayiş etdirməklə balansı qorumağa çalışır. Bəzi müşahidəçilər şübhə etmir ki, Nikol həm də Rusiyanın iradəsinə uyğun hərəkət edir. Çünki sanksiyalarla üz-üzə qalan Rusiya Ermənistan adlı yükdən xilas olmaq üçün Ermənistanı müəyyən müddət üçün sərbəst buraxmağı faydalı sayır. Sözsüz ki, bu, müəyyən dövr üçün düşünülə bilər. Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq oyununda müəyyən vəsaitlər əldə edib yenidən Rusiyanın yanına qayıda bilər. Necə ki, ötən il Ermənistanın NATO təlimlərində iştirakı Putinlə razılaşdırılmışdı, lakin sonuncu təlimə qatılmaqla bağlı qərar son anda ləğv edildi-Sərkisyan Soçidə, Putinlə görüşən zaman. Çox güman ki, bu dəfə də Ermənistandakı proseslər Rusiyanın dirijorluğu ilə cərəyan edir və Paşinyanın ilk xarici səfərini Rusiyaya etməsi də bundan xəbər verir. Əks təqdirdə, Paşinyan aradan götürmək Rusiya üçün çox asan idi. “Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab edirik. Hərəkatımız bu münasibətlərə təhlükə yaratmır”. Bunu da Paşinyan deyib.

“Gözlənildiyi kimi, Paşinyan ilk səfərini məhz Dağlıq Qarabağa etdi və bununla da ona satqın damğası vuranları təkzib etməyə cəhd göstərdi. Məlumdur ki, bütün Ermənistan rəhbərləri öz ilk səfərlərini məhz Dağlıq Qarabağa edirlər və bununla da iqtidara gəlmək üçün hansı kartdan istifadə edildiyini göstərirlər. Deməli, Paşinyanın da hələlik kursu dəyişmək istəyi yoxdur”.

Bu fikirlÉri politoloq Arzu NaÄıyev ile ilgili görsel sonucu

Bu fikirləri politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspertin sözlərinə görə, ola bilər ki, bu, bir növ Rusiyanı sakitləşdirmək üçün atılan addımdır: “Bu addım Ukrayna və Gürcüstan variantından seçilir. Yəni fərq ondan ibarətdir ki, korrupsiya ilə mübarizə adı altında başlanılan inqilablar Rusiya ilə kifayətlənmədən, Qərbə doğru addımlar atmaqdan ibarətdir. Hələ bu, Ermənistanda baş vermir. Paşinyan nə qədər başa salmağa çalışsa da ki, korrupsiyanın kökündə Sərkisyan və onun klanı durur, əsas məsələ məhz geosiyasi, daha doğrusu, Dağlıq Qarabağ məsələsinin həll edilməməsidir. Bu, Ermənistan üçün ən böyük problemdir, bunu artıq bütün vətəndaşlar dərk edir. Paşinyan bunu başa salmaq üçün böyük imkana malikdir. O da bilir ki, Dağlıq Qarabağ məsələsi nə qədər ki, həll edilməyib, Ermənistan səfalət içində olacaq və daima Rusiyadan asılı vəziyyətdə qalacaq. Lakin bunun əksinə olaraq, Paşinyan variant kimi kursun dəyişməyəcəyini göstərməyə çalışır. O, çalışacaq ki, lider olduğunu sübuta yetirsin, yeni parlament seçkiləri keçirməyə nail olsun. Lakin bununla erməni vətəndaşının iqtisadi vəziyyəti düzəlməyəcək, əksinə o öz hörmətini itirib gözdən düşəcək, vətəndaş isə yenə kasıblıq və səfalət içində qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsi həll edilmir. Bu isə məlumdur ki, Rusiyanın ən böyük istəyidir”.

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a deyib ki, Ermənistan-Rusiya münasibətlərində hansısa dəyişikliklər baş verir: “Artıq Rusiya Ermənistan "yükündən" azad olmağa çalışır. Əslinə qalsa, bu “dostluq” hərbi, siyasi və iqtisadi baxımdan Rusiyanın xeyrinə deyil, əksinə, ona ziyan gətirir. Reallığı nəzərə alaraq, istisna etmirəm ki, Rusiya Ermənistandan çəkilmə prosesinə başlasın. Əgər, bu baş versə, Ermənistan istər-istəməz öz imkanlarını və gücünü nəzərə alaraq addımlar atmalı olacaq. Bu zaman sözsüz ki, Ermənistan daha real siyasət həyata keçirməyə məcbur olar. Bu əslində gec və ya tez baş verəcək. Hesab edirəm ki, əslində bu proseslərə artıq start verilib".

Ermənistanın bundan sonra Qərbyönlü siyasətə start verib-verməyəcəyi barədə suala gəldikdə, eks-nazir bunları bildirib: “Ermənistan istəyir ki, Rusiya onların təhlükəsizliyini təmin etsin, rəsmi İrəvan da Avropa və qərblə iqtisadi münasibətlərini inkişaf etdirsin. Bu onların istəyidir. Amma mən Qərbin Rusiya tərəfindən təhlükəsizliyi qorunan Ermənistanla iqtisadi münasibətlərini dərinləşdirməyə maraq göstərəcəyinə əsas görmürəm. Bu baxımdan belə istək yoxdur. İnandırıcı deyil ki, NATO Ermənistanı özünə üzv etməkdə maraqlı olsun. İndi Ermənistan böhran qarşısındadır. Paşinyanın bəyanatlarına qayıdaraq deyim ki, ermənilər öz siyasətləri ilə əslində özləri üçün çərçivə cızıblar və bu çərçivədən kənara çıxa bilmirlər. Qarabağ onlar üçün ən böyük problemdir. Əslində qalsa, Qarabağ münaqişəsi Ermənistanın inkişafını dayandıran amildir. Ermənistan qonşuları ilə yaxşı əlaqələr qurmadan öz gələcəyini təhlükə altına qoyub. Bu proses davam edəcək”.

“Əgər Paşinyan Qərbə inteqrasiya yolunu seçəcəksə, o zaman bu, İrəvanın Moskva ilə münasibətlərinin kəskinləşməsinə səbəb olacaq. Belə olduğu təqdirdə Rusiya Ermənistanın bütün nəfəsliklərini qapatmağa çalışacaq”.Bu sözləri axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Ekspertin fikrincə, Qərb Ermənistanın bir dövlət kimi mövcudluğunun qorunub saxlanılmasına çalışacaq: “Əgər İrəvanın Tehranla iddia olunduğu kimi iqtisadi əlaqələri güclənərsə, o zaman Qərb siyasətçiləri kluarlarda bunu mövcud vəziyyətdən çıxış yolu kimi dəyərləndirəcək və dolayısıyla bu prosesi stimullaşdırmağa çalışacaqlar. Əgər möcüzə baş verərsə və Paşinyan Ermənistanı Rusiyanın təsir dairəsindən qismən də olsa çıxarmağı bacararsa, o zaman Qərb Ermənistanın İranla və Gürcüstanla əlaqələrinin daha da genişləndirilməsi üçün bütün vasitələrdən istifadə edəcək”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Tarix: 12-05-2018, 10:36
Xəbəri paylaş





Xəbər lenti