Ermənistanda hakimiyyət sistemini iflic vəziyyətinə salan "Məxməri inqilab"ın lideri Nikol Paşinyan artıq bir həftədir Baş nazir vəzifəsində işləyir. Dörd həftəyə yaxındır ki, davam edən etirazların lideri ölkəni böhrandan çıxaracaq islahatlar vəd edib.
Paşinyan o cümlədən ölkədə idarəçiliyi dəyişmək, korrupsiyanı ləğv etmək və Qarabağ probleminin tənzimlənməsi məsələlərinə toxunub.
Baş nazir qismində ilk hökumət iclasını keçirən Nikol Paşinyandan yaxın gələcəkdə hansı addımları atacaq və onun prioritetləri barədə nə məlumdur? BBC Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.
Artıq bir həftədir baş nazir olan Nikol Paşinyan dəfələrlə hazırkı durumu "keçid dövrü" kimi səciyyələndirərək növbədənkənar seçkilərə hazırlıq barədə danışır.
"Məxməri inqilabın" lideri bir neçə seçki ssenarisinin mövcud olduğunu deyir.
"...Legitim, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün şəraitin yarandığını hiss edərəmsə istefaya çıxacağam", - Nikol Paşinyan deyib.
Amma indi belə görünür ki, onu hakimiyyət başına gətirən kütləvi etiraz dalğası səngiyəndən sonra qısa bır zamanda növbəti seçki ehtimalı getdikcə daha qeyri-real görünür.
Təhlilçilərə görə, Nikol Paşinyan dediyi kimi, seçkilərdən əvvəl yeni seçki kodeksini parlamentdə təsdiqləmək və öz partiyasını yaratmaq istəyir ki, səsvermədən sonra onun dəstəyinə arxalana bilsin. Ehtimallara görə belə bir prosesə ən azı bir il vaxt tələb oluna bilər.
Bəs bu, Nikol Paşinyanın seçilmək şansına necə təsir göstərə bilər?
Nikol Paşinyanın strategiyasının həm mənfi, həm də müsbət tərəfləri var, yerevanlı politoloq Aleksandr İskandaryan deyir.
"Ən böyük təhlükə odur ki, seçkilərə kimi etiraz eyforiyası keçə və onun populyarlığı azala bilər. Digər tərəfdən, Nikol Paşinyan yeni partiyanın dəstəyinə güvənə bilər."
Hazırda isə Nikol Paşinyan parlament çoxluğunu əlində saxlayan sabiq baş nazir Serj Sarkisyanın Respublikaçılar Partiyasına qarşı sərt addımlar atmayıb.
Ermənistan mətbuatındakı bəzi icmallarda zaman amilinin mühüm olduğu vurğulanır. Deyilir ki, "Məxməri inqilabın" hədəflərinə çatmaq üçün çevik və qərarlı addımlar atılmalıdır - əks təqdirdə "Anti-Məxməri inqilab" təhlükəsi baş qaldıra bilər.
Nikol Paşinyan təkrarən deyib ki, onun hökuməti siyasi rəqiblərinə qarşı təqiblərə yol verməyəcək və mülkiyyət mübahisələrinə cəlb olunmayacaq.
O, siyasi sələfinin müqəddəratı barədə sualı cavablandırarkən deyib ki, Serj Sarkisyan sabiq Baş nazir kimi yaşadığı iqamətgahı saxlaya bilər və ona dair nəzərdə tutulan güzəştlər qüvvədə qalmaqdadır.
Nikol Paşinyanın sözlərinə görə, hökumət başçısı ədliyyə sistemini əvəzləyə bilməz və hər şey qanun çərçivəsində həll olunmalıdır.
"Ermənistan vətəndaşları qanunun hökm sürdüyü və hamının qanun qarşısında bərabər olduğu bir ölkədə yaşadıqlarını bilməlidirlər", - Paşinyan jurnalistlərlə görüşündə deyib.
Məmurlara dair hansı addımlar gözlənilir?
Serj Sarksiyana dair məsələ bir qədər aydın olsa da, onun rəhbərliyi altında formalaşan bürokratik sisteminin gələcəyi daha mücərrəddir.
"Məxməri inqilab"ın bütün erməni xalqına məxsus olduğunu deyən Nikol Paşinyan hakimiyyətə gələndən bəri Serj Sarkisyandan miras qalan dövlət aparatında radikal dəyişiklər etməyib.
İndiyədək bir sıra yüksək rütbəli rəsmi könüllü olaraq istefasını elan edib, Nikol Paşinyanın özü isə milli polis və təhlükəsizlik xidməti rəhbərlərinin vəzifədən getməsini istəyib.
Baş nazir deyir ki, o, Serj Sarkisyan aparatında çalışan orta səviyyəli məmur təbəqəsilə işləməyə hazırdır.
Lakin bu o deməkdirmi ki, yüksək təbəqəli məmurlara gələcək hakimiyyətdə yer tapılmayacaq?
Hələlik Baş nazir bu suala aydınlıq gətirməyib.
Bəlkə də Nikol Paşinyan seçkilərdən əvvəl sərt bəyanatlarla öz elektoratı arasında parçalanmadan ehtiyatlanır?
Yerevanda mənzillənən "Demokratiya naminə əməkdaşlıq" təhlil mərkəzinin rəhbəri Stepan Danielyan bu fikirlə razılaşmır.
Onun sözlərinə görə, Baş nazir sadəcə olaraq bir çox məsələni ekspromt şəklində həll etməyə məcburdur.
"Axı, ola bilsin ki, Nikol Paşinyan heç baş nazir olacağını da gözləmirdi. Buna görə də onun addımlarında hələ ki, konkretlik nəzərə çarpmır. O bir çox şeyləri spontan şəkildə edir", - Stepan Danielyan BBC Azərbaycancaya deyib.
Qarabağa əvvəlki kimi "təzyiq olmayacaq"?
9 mayda Qarabağa yola düşən Nikol Paşinyan deyib ki, o, Azərbaycan rəhbərliyi ilə danışıqlara hazır olsa da, Qarabağın yerinə danışa bilməz.
"Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər vardır, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax Respublikası (tanınmamış DQR - red.) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır".
Bakı Qarabağ rəhbərliyini danışıqlar masası arxasında görmək istəmədiyini bildirirsə, Nikol Paşinyanın bu bəyanatı hansı məntiqə söykənir?
Ola bilsin ki, Paşinyan hakimiyyətdən gedən "Qarabağ klanı" Serj Sarkisyan və Robert Koçaryanın səs verəcək elektoratı cəlb etmək üçün hökumətdə onların maraqlarının da nəzərə alınacağı barədə siqnal göndərir?
Qarabağa daha geniş rol ayırmaq ideyası Ermənistanda geniş qəbul edilib və Nikol Paşinyan sadəcə olaraq "Qarabağ rəhbərliyi ilə müzakirə etmədən" bu ideyanı səsləndirib"
Stepan Danielyan Nikol Paşinyanın Qarabağ mövzusu ilə bağlı bəyanatlarında gizli mesajın olmadığını deyir.
"Qarabağa daha geniş rol ayırmaq ideyası Ermənistanda geniş qəbul edilib və Nikol Paşinyan sadəcə olaraq "Qarabağ rəhbərliyi ilə müzakirə etmədən" bu ideyanı səsləndirib".
Onun sözlərinə görə, əslən Qarabağdan olan Robert Koçaryan və Serj Sarkisyanın Ermənistanda hakimiyyət başına gələndən sonra Qarabağ liderinin rolu əhəmiyyətini itirib.
"Qarabağ Ermənistan tərəfindən təmsil olunduğunu qəbul etmişdi" deyən təhlilçinin sözlərinə görə, əvvəlkindən fərqli olaraq Qarabağı arxa planda saxlamaq üçün "təzyiq tətbiq edilməcəyək."
Paşinyan oliqarx-məmur sistemini sökəcəkmi?
Aprel ayında Nikol Paşinyanın liderliyi ilə başlayan "Məxməri inqilab"ın əsas hədəflərindən biri də oliqarx sistemi və korrupsiya ilə mübarizə olub.
Belə hesab olunur ki, Ermənistanda korrupsiyaya əsas yaradan amillərdən biri hakimiyyətə yaxın inhisarçı-oliqarxlardır və Paşinyanın vəd etdiyi islahatlara müqavimət də elə hakimiyyətə yaxın sahibkarlar dairəsindən irəli gələ bilər.
İki prezidentlik müddətindən sonra konstitusiya dəyişikliyi sayəsində daha geniş səlahiyyətlərlə baş nazir vəzifəsinə seçilən Serj Sarkisyan Paşinyanın rəhbərlik etdiyi etiraz hərəkatının təzyiqi altında istefa verməyə məcbur oldu
Lakin Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasından millət vəkili Lena Nazaryan bu məsələnin problem doğurmayacağını hesab edir.
"Hələ 2017-ci ildəki parlament seçkiləri vaxtı Paşinyan deyirdi ki, banan və şəkər tozu inhisarını aradan qaldırmaq üçün ona cəmi 45 dəqiqə vaxt tələb olunur".
Ermənistan mətbuatına əsasən, inhisarlara sabiq prezidentə yaxın iş adamlarının nəzarət etdiyi heç kim üçün sirr deyil.
Bu arada sahibkar-məmur sistemində islahatın hamar keçməyəcəyi barədə optimistik bəyanatları heç də hamı bölüşmür.
Moskvada mənzillənən "MDB ölkələri institutu"nun Ermənistan üzrə rəhbərinə əsasən, hazırkı sistemdə islahatlar qeyri-realdır.
Aleksandr Markarovun sözlərinə görə, Nikol Paşinyanın Baş nazir vəzifəsində təsdiqlənməsi ölkənin ən zəngin siyasətçilərindən biri, "Firavan Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın dəstəyi sayəsində mümkün olub.
Eləcə də, "Məxməri inqilab"dan ən çox fayda görən də elə 105 yerlik parlamentdə 31 səsə nəzarət edən Qaqik Tsarukyandır, Nikol Paşinyanın mümkün addımları ilə bağlı mk.ru qəzetinə şərh verən təhlilçi bildirib.
"Paşinyan üçün onun (Tsarukyanın - red) dəstəyi kritik əhəmiyyət kəsb edir, bu isə deməkdir ki, Tsarukyan ən azı vitse-premyer postuna da iddia edə bilər".
Bu arada Armenianreport.com saytındakı "Kiriminal oliqarxiya Nikol Paşinyanın əsas hədəfidir" başlıqlı məqalədə deyilir ki, Paşinyanın oliqarxiya ilə "perspektivi olmayan" ittifaqı "Məxməri inqilab"ın altına mina qoymuş olacaq (BBC-Azərbaycanca).