"Əziz dostlar! Hörmətli həmkarlar!
Son zamanlar qəti formalaşan qənaətlərimdən biri uzun illər bizim üçün çox önəmli, çox vacib saydığımız beynəlxalq təşkilatların, qurumların əslində çox GƏRƏKSİZ və MƏNASIZ olması əminliyidir. Mənim söylədiklərimi elə dünən, bizim qardaş Türkiyə dövlətinin başçısı hörmətli Rəcəb Tayib Ərdoğan BMT Təhlükəsizlik Şurasında heç bir müsəlman dövlətin təmsil olunmaması ilə bağlı səsləndirdiyi fikirlə bir daha təsdiq etmiş oldu. Bəli, tam doğru, tam dəqiq. BMT, ATƏT və bu tipli mühüm beynəlxalq təşkilatların və qurumların fəaliyyət mexanizmi tez bir zamanda yenidən həm formalaşdırılmalı, İŞLƏK MEXANİZM tətbiq olunmalıdır.
ABŞ prezidenti Donal Tramp da vəzifəsinin icrasına başlayanda xüsusi olaraq vurğulamışdı ki, BMT və digər qurumların dünyada baş verən hadisələr fonunda daha operativ, daha effektiv hərəkət etməsi mexanizmi işlənilib hazırlanmalıdır. Deyəsən, Tramp müəllim bu vacib məqamı nədənsə unudub. BMT üzvü olan 196 ölkənin həm BMT üzvü olmaqla yanaşı, eyni zamanda Təhlükəsizlik Şurasında da təmsil olunmaları yaxşı olardı.
Görün BMT kimi dünyanın ən mühüm və ən böyük təşkilatı hansı bərbad, bivec durumdadır ki, bu qurum öz TƏHLÜKƏSİZLİK ŞURASININ illər öncə yekdilliklə qəbul etdiyi Qərar və Qətnamələri belə icra edə bilmir. Və ya, onların loru dillə desək, hansısa Ermənistan kimi dılğır bir dövlətə gücü çatmır ki, onu beynəlxalq hüquqa, normalara hörmət və sayğı göstərməyə məcbur etsin.
Və şəxsən mənim üçün dünən BMT Baş katibi Antoniu Quterreşin Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi məktub sadəcə anormallıq nümunəsi kimi növbəti dəfə gülüş və ikrah hissi yaratdı. Mən anlıyıram ki, bu bir beynəlxalq protokol qaydasıdır. Amma, bunu hansı əxlaq və hüquq norması ilə ölçmək olar ki, BMT kimi dünya çaplı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini İŞĞALÇI statusunda olan dövlət heç bir yerinə də alımır, amma sən ona təbrik məktubu ünvanlayır və hələ üstəlik də şərəfsizcəsinə yalanlar uydurursan. Görün Baş katib Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına ümidvar olması ilə bağlı necə yalanlar uydurur. Bu Portuqaliyadan olan növbəti yalançı diplomat qeyd edib ki, "BMT ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün göstərdiyi səyləri qətiyyətli şəkildə dəstəkləyir". Ay kişi, sənin ağlın yerindədirmi? Sənin kimi bundan əvvəl də tupoy, axmaq və səriştəsiz səhv etmirəmsə 4 və ya 5 BMT Baş katibi bu gün dediyin boğazdan yuxarı, reallıqdan uzaq və yalan sözləri dəfələrlə utanmadan, qızarmadan, eç bir vicdan əzabı çəkmədən dedilər də, bəziləri artıq cəhənnmə vasil olub getdilər, bəziləri də, indi öz xarabalarında guya böyük qələtlər etmişlər kimi kef çəkirlər. Sizin bivecliyiniz və vicdansızlığını ucbatından ölən və yaralanan, əziyyət çəkən MİLYONLARLA Azərbaycan İnsanıdır. Ay ləyaqətini itirmiş diplomatlardan biri, sənə bu sözü mən çəkinmədən deyirəm, çünki, özünə və vəzifəsinə hörmət etməyən adama başqa söz yaraşmır, axı sənin zərrə qədər qeyrətin, vicdanın olsa, sən TŞ-nın iclasını çağırıb Qarabağ və digər münaqişlərin həll edilməsi üçün təcili addımlar atar, təmsil etdiyin BMT kimi ən böyük qurumun nufuzunu qaldırardın?!. Sən isə, tülkü kimi işğalçı dövlətin yeni canı və əclaf banda başçısına təbrik məktubu ünvanlayır və onu daha da böyük cinayətlərə sövq edirsən?!
Bəli, çəkinmədən demək lazımdır ki, BMT və ATƏT kimi qurumlarda təcili reformalar həyata keçirilməlidir. Bu təşkilatlarda təmsil olunan dövlətlərlə də bir qədər ciddi danışıb, onları digər ölkələrin və xalqların hüquq və azadlıqlarına hörmətlə yanaşmağa məcbur etmək lazımdır. Faktiki isə, bu gün dünyada çoxlarının dilə gətirmədiyi, yaxud ehtiyatla səsləndirdiyi xristian-müsəlman dinlərarası rəqabət, əslində isə açıq-aydın görünən xristian təəssübkeçliyi gözümüz önündədir. Bu məsələnin dərinləşməməsi və gələcəkdə daha ağır fəsadlar verməməsi üçün ciddi addımlar atılmalıdır. Bu BMT və ATƏT kimi qurumlar isə hələlik Quttereşlər, Kasprşiklər və digər hoqqabaz beynəxalq imunitetli diplomatlar üçün superdən də super komfort yaşayış və dolanışıq deməkdir. Əksini sübut edə bilirlərsə, dinləməyə və üzr istəməyə hazıram. Amma, hazır olsunlar ki, 24 il ərzində Qarabağla bağlı həm BMT-nin, həm də ATƏT-in özünün və xüsusi olaraq təşkil olunmuş Minsk qrupunun ortaya qoyduqları 1-cə uğuru olsun belə sadalamağa.
Tanrı dünyamızı fəlakətə sürükləyən bivec dövlətlərin həm başçılarına, həm də onlara dəstək olan güclərə, diplomatlara lənət etsin!"
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert