Seçicisi ac, deputatı tox hökumət xalqdan qopmaqdadır - miskin mənzərə...



 

Ətalət dibə qədərdir. Hökumət xalqa miskin varlıq kimi baxır. Onun kölə və istismarçı resurs kimi xərclədiyi qullar hər addımda təhqir olunurlar;
evinin dövlət planı adı ilə yıxılıb oliqarx şirkətinə satılmasında, məmur qapılarında süründürülməsində, qəpik-quruş maaşının artırılmasında...

Anaxeber.Az yazır ki, dünya tarixində bənzəri olmayan neofeodal münasibətlər sistemi Azərbaycanda oturuşmaqdadır.
Hökumət xalqdan günbəgün qopmaqda, uzaqlaşmaqdadır.Belə mənzərə yaradılır ki, Azərbaycan hökumətinin bu xalqla heç bir yaxınlığı və əlaqəsi yoxdur.
Belə olmasaydı, onun məmurları yalnız öz sosial rifahını yaxşılaşdırmaq barədə düşünməzdilər.
Məsələn, götürək deputat maaşlarının artırılmasını, parlamentdə təmsil olunan siyasi partiyaların büdcədən ayrılan 100 min manatları mənimsəməsini və bunların fonunda xalqın qabağına atılan yolçu payını, dilənçi pulunu müqayisə edək:
Milli Məclisin sədrinin maaşı 220, onun 1-ci müavininin maaşı 212, müavinlərin maaşı 191, komitə sədrlərinin maaşı 180, sıravi deputatların maaşı isə 143 manat artıb.
Növbədənkənar seçki qərarı veriləndən sonra pensiyalar, eyni zamanda büdcə təşkilatlarında çalışanların maaşı isə cəmi 10 faiz artırılmışdı.
Deputatın əmək haqqı birdən-birə 143 manat artdığı halda, həkimin, müəllimin, dövlət qulluğunda çalışanların 8-10 manat maaşı niyə qalxmalıdır?
Təxmini hesablamalara görə, büdcə təşkilatlarında artımlar 7-50 manat civarında olub. Amma zavallı və çarəsiz millətin vəkilinin maaşı 10 dəfə artıq qalxıb.
Və bu ürəkbulandıran, ikrah doğuran miskin mənzərəyə baxanda insanı əti ürpəşir: axı qəzalı binanın nəmişli zirzəmisində illərdir övlad böyüdən qaçqının boynuyoğun, xalqın seçmədiyi, mandatı öz puluna alan bir biznesmen deputatdan nəyi əskikdir???  
Doğurdanmı Xanhüseyn Kazımlının, Hadı Rəcəblinin, Rüfət Quliyevin, Nəriman Əliyevin, Mahir Aslanovun, Xanlar Fətiyevin, Novruz Aslanın, Mahir Abbaszadənin və onlarla belə deputatın maaşının artmasına ehtiyacı var idi?
Hökumət qərar verir, prezident sərəncam imzalayır, bəs deputatlar seçicisi ac-yalavac vəziyyətdə yaşadığı halda niyə bu artımı qəbul edir? Biznesi, mal-mülkü, obyektləri olan deputatlar xəcalət təri tökmürlərmi? - Yox!!!
Təsəvvür edin ki, pensiyaçının 140 manat təaqüd aldığı ölkədə spiker 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Anaxeber.Az sual edir: bəs, işıq, qaz, su pulunun bahalaşdığı, dərmanın “od qiymətinə” olduğu ölkədə pensiyaçı 140-150 manatla necə yaşaya bilər?
Məgər ömrünü bu dövlətə və ölkəyə xidmətlə keçirmiş təqaüdçü 1732 manat pensiya almağa haqq etmir?
Həkim, müəllim, neftçi, poçtalyon Adil Əliyevdən, Aqil Abbasdan, Aytən Mustafayevadan, Elmira Axundovadan, Ağacan Əbiyevdən, Hüseynbala Mirələmovdan, Araz Əlizadədən və s. mandatlılardan az maaş almağa niyə layiq olmalıdır?
Ona görə ki, müəllim işdən sonra daş daşımağa, soğan əkməyə, “yorğanını ayağına görə uzatmağa”, “az yeyin” məsləhətlərinə məhkum olmalıdır?
Kim bu haqqı verib ki, xalqla, insanların heysiyyatı ilə oynasınlar? Nə üçün vətəndaş ələ salınır, hörmət olunmur. Axı vətəndaşına hörmət qoymayan hökumətin dünyada heç bir hörməti olmur.
Almaniya, Yaponiya, İsrail, Finlandiya, Türkiyə, hətta ağız büzdüyünüz Gürcüstan vətəndaşına hörmət qoyur, pensiyaçını, müəllimi, hərbçini qiymətləndirir, bu zümrəni parlament tribunasında oturanlardan aşağı tutmur.
Azərbaycanda isə hökumət xalqa miskin varlıq kimi baxır. Ona kölə və istismarçı resurs kimi baxaraq, qul kimi öz mənafeyi uğrunda xərcləyərək hər addımda təhqir edir;
seçkidə səsinin oğurlanmasında (əslində bu hüququ əldən alınıb), evinin dövlət planı adı ilə yıxılıb oliqarx şirkətinə satılmasında, məmur qapılarında süründürülməsində, qəpik-quruş maaşının artırılmasında, deputata yüksək maaş yazılmasında...
Bununla güclü dövlət, sivil cəmiyyət, vətəndaşının məmuruna, hökumətinə güvənən ölkə qurmurlar. Bununla olsa-olsa Haitidəki qullar üsyanına aparan bir quldarlıq quruluşu qururlar.
Necə olur ki, fəaliyyətsizliyi ilə göz deşən, bir sədr, bir möhür- ştampdan ibarət partiyalar sədrinin deputatxanaya düşməsi ilə ildə 100 min manat büdcədən maliyyələşir?!
Onlar maliyyə hesabatları verirmi, verdikləri nə dərəcədə şəffafdır, həmin 11 partiya il ərzində hansı işləri görür??? - sadəcə talan və korrupsiya mexanizmidir.
Xalqı söymək, onu qıcıqlandıran çıxışlar etmək üçün həmin deputatların partiyalarına maliyyə ayrılır? İnsanları əsəbləşdirən açıqlamalar vermələri üçün maaşları artırlır?
Niyə və niyə, hansı fəaliyyətinə, vətənə, seçiciyə hansı xidmətinə görə millətin vəkilinin maaş qalxmalıdır?
Sadəcə, 1968-cı ildə Sarbonna tələbələrinin hərəkatındakı məşhur şüar yada düşür: Hər şey yaxşıdır, 2+2 daha 4 etmir...
Anaxeber.Az
 Turan
Tarix: 14-05-2018, 08:35
Xəbəri paylaş





Xəbər lenti