ABŞ İran üzərindən Türkiyəni hədəf alıb? - ilginc iddia


Elxan Şahinoğlu: “Vaşinqton Türkiyə hakimiyyətindən narazıdır, imkanı olsa, istənilən yolla onu dəyişməyə çalışar...”

Amerikanın İranla nüvə sazişini ləğv etməsindən sonra hər iki ölkə arasındakı gərginlik hər keçən gün artır. Digər dövlətlərin bu prosesə cəlb edilməsi üçün cəhdlərin olduğu göz önündədir.

“İrana hücumun əsas hədəflərindən biri isə Türkiyədir”. Publika.az xəbər verir ki, bu iddia ilə Rusiya Strateji Araşdırmalar İnstitutu rəhbərinin müavini, Yaxın Şərq üzrə mütəxəssis Yelena Suponina KAFKASSAM-a açıqlamasında deyib.

Rusiyalı ekspert hesab edir ki, Moskva da hərəkətə keçməlidir: “Bölgədə tərəfdaşlarımızla münasibətlərimizi daha da yaxşılaşdırmalıyıq. Rusiya-Türkiyə-İran formatı yaxşı işləyir. ABŞ bölgədə hər kəsin bir-birinə qarşı çıxmasını istəyir. Türkiyə İrana qarşı son hücumlardan narahatdır. Çünki Tehrana qarşı hücum Ankara üçün ”yaxşı hədiyyə" vəd etmir".

Suponina qeyd edib ki, ABŞ qərbyönümlü İranın qurulmasını istəyir. “Məşhur amerikalı politoloq Zbiqniv Bjezinski də ”Böyük şahmat taxtası" kitabında İranın qərbyönümlü ölkəyə çevrilməsinin vacibliyinə toxunurdu və qeyd edirdi ki, bölgədə getdikcə güclənən Türkiyəyə qarşı balans yaratmaq lazımdır. Bu baxımdan, hesab edirəm ki, ABŞ-ın İrana hücumunun əsas səbəblərindən biri Türkiyədir. Gələcəkdə Türkiyə də hədəfdə olacaq", - deyə o bildirib.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu rusiyalı ekspertin dediklərinə bu cür şərh verdi: “Öncəliklə onu deyim ki, ABŞ və İsrailin İranı hədəf almasında iki məqsədi var. Birinci məqsəd məlumdur. Vaşinqton və Təl-Əviv istəyirlər ki, İran nüvə silahı əldə etməsin və bu ölkə nüvə çalışmalarından əl çəksin. İsrailin daha bir məqsədi odur ki, İran bölgədəki silahlı qruplara dəstəkdən əl çəksin. Çünki İranın ”Hizbullah"a verdiyi dəstək İsrailə təhlükə yaradır. İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə çalışmalarına dair kəşfiyyat məlumatlarını açıqlamasına Qərbin özündə də inanan az oldu. Çünki İsrail illərdir İranın nüvə çalışmaları apardığını iddia edir. ABŞ-ın keçmiş prezidenti Barak Obama Avropadakı tərəfdaşları, o cümlədən Rusiya və Çinlə birgə İranla nüvə anlaşması imzalayanda İsrail bunu tənqid etdi. İsrail rəsmiləri dedilər ki, Tehran beynəlxalq aləmi aldadır və yenə də aldadacaq. Əslində İsrail həm də ondan ehtiyat edirdi ki, İran sanksiyalardan qurtulduğu və əlavə gəlir qazanacağı halda bundan İsrailə qarşı istifadə edəcək və anti-İsrail qüvvələrə silah və maliyyə dəstəyini artıracaq. Bu gün İsrail və İran Suriyada faktiki savaşırlar. Bu iki ölkə tarixində ilk dəfə baş verir və heç kim istisna edə bilməz ki, sabah bu savaş başqa məkanlarda davam etməyəcək. ABŞ və İsrailin Tehranı hədəf almasının ikinci məqsədi də var və bu haqda az danışılır. Vaşinqton və Təl-Əviv İrandakı rejimi sıxmaq hesabına bu ölkədə hakimiyyət dəyişikliyinə ümid edir. Çünki İrana qarşı sanksiyalar sərtləşsə, bu qonşu ölkədə iqtisadi və sosial duruma mənfi təsir edə bilər. Bundan sonra isə İranda müəyyən təlatümlər yaşana bilər. Məsələn, ABŞ-ın nüvə sazişindən çıxması İrandakı mühafizəkar dairələri prezident Həsən Ruhani və onun islahatçı tərəfdarlarına qarşı təzyiqi artıracaq. Çünki onlar deyəcəklər ki, amerikalılar Həsən Ruhanini və islahatçıları aldatdılar, Vaşinqtona inanmaq lazım deyildi və s. Bəlkə də Vaşinqtona və Təl-Əvivə elə bu cür gedişat lazımdır. İranda iqtisadi problemlər onsuz da kifayət qədərdir, vəziyyətin daha da gərginləşəcəyi istisna deyil. Məsələn, bu günlərdə skaypla bir neçə iranlı ekspertlə fikir mübadiləsi aparmışam, onlar ölkədə son günlərdə inflyasiyanın artdığını deyirlər. Vaşinqton İranı içəridən dağıtmaqla problemini həll edəcəyini düşünürsə, bu da yanlış yoldur. Vaşinqton vaxtilə Səddam Hüseyndən qurtulmaqla da İraqla bağlı problemin həll olunacağını düşünürdü. Səddam Hüseyni asdılar, ancaq İraq və bölgə bundan daha təhlükəsiz olmadı, tam əksinə, bu ölkə viran qoyuldu, təriqət savaşları baş alıb getdi və indi də müxtəlif təriqətlər arasındakı münasibətlərdə inamsızlıq var, qətlə yetirilənlərin sayı yüz minləri keçdi, terrorçu təşkilatlar peyda oldu. Eyni sözləri Liviyaya da aid etmək olar. İran daha betər ola bilər. İran asanlıqla təslim olmayacaq. İrandakı rejim bütün Avrasiya bölgəsini lərzəyə gətirər, ancaq Səddam Hüseyn və ya Müəmmar Qəzzafi kimi asanlıqla təslim olmaz".

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Türkiyənin hədəf alınacağı təqdirdə bunun dünya üçün ciddi təhlükələrə yol açacağını düşünür: “Vaşinqton İrandan sonra Türkiyəni hədəf götürərsə, bu, dünya sabitliyi üçün sonun başlanğıcı olar. Vaşinqton Türkiyənin indiki hakimiyyətindən narazıdır, əlində imkan olsa, istənilən yolla bu hakimiyyəti dəyişməyə çalışar. Ancaq hələ ki, alınmır. Çünki Türkiyədə siyasi qüvvələr, cəmiyyətin mütləq əksəriyyəti və ordu Amerikanın kuklası olmaq istəmir. Doğrudur, Fətullah Gülən vasitəsilə illər boyu Türkiyədə güclü qüvvə yetirşdirməyə çalışdılar, ancaq 2016-cı ilin iyul ayında planlar reallaşmadı. Türkiyədə 3 dəfə hərbçi çevriliş olub və ordu generalları əsasən həmrəylik nümayiş etdiriblər. Türkiyə tarixində ilk dəfə generalların özləri belə keçmiş həmkarlarına müqavimət göstərdilər və gülənçi çevrilişən imkan vermədilər. Yəni Amerikadakı bəzi dairələrin Türkiyə ordusu vasitəsilə qardaş ölkəni sözəbaxan etməsi planı da alınmadı. Bu baş verənlər bizim də gözümüzü açmalıdır. Bəli, hazırda Azərbaycan-ABŞ münasibətlərində ciddi problem yoxdur, Vaşinqtonla Bakı arasında əməkdaşlıq davam edir, Ağ Ev ölkəmizin həyata keçirdiyi regional layihələri dəstəkləyir. Ancaq Amerikaya inanmaq olmaz. Yaxın tarix göstərir ki, Amerika öz məqsədinə nail olmaq üçün birbaşa və ya başqalarının əli ilə ölkələri viran qoyur, xalqları iztiraba sürükləyir. Okeanın o tayından ölümləri və dağıntıları seyr etmək ona problem yaratmır. Ancaq bu, heç də o demək deyil ki, bunun qarşılığında biz Rusiyaya daha çox yaxın olmalıyıq. Bu, Amerika ilə daha çox yaxınlıqdan da betər olar bizə. Türkiyə ilə strateji müttəfiqlik əsasında milli və təhlükəsizlik maraqlarımızı gücləndirməliyik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 14-05-2018, 09:59
Xəbəri paylaş





Xəbər lenti