Ölkələr niyə iflasa uğrayır?

 


“ABŞ vətəndaşı orta hesabla Meksika vətəndaşından 7 dəfə varlıdır. Amerikalı Peru və ya Mərkəzi Amerika vətəndaşlarından 10 dəfə, Səhraaltı Afrika sakinlərindən 20 dəfə, Mali, Efiopiya və Sierra Leone vətəndaşlarından 40 dəfə varlıdır. Söhbət təkcə ABŞ-dan getmir. Avstraliya, Yaponiya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya və Tayvan sakinləri dünyanın digər məkanlarında yaşayan insanlardan qat-qat firavan həyat tərzinə malikdir,” Daron Acemoğlu və Ceyms Robinson yazırlar. “ABŞ-ın Arizona ştatının Noqales şəhəri ilə həmsərhəd Meksikanın Sonora ştatının Noqales şəhərindən xeyli varlı olmasının səbəbi sadədir: Çünki sərhədin iki tayında tamamilə fərqli təsisatlar mövcuddur – həmin bu təsisatlar amerikalılar üçün bir qrup həvəsləndirici amillər yaradır ki, onlar Meksikada yoxdur.”

2012-ci ildə çapdan çıxmış Millətlər Niyə İflasa Uğrayır: Qüdrət, Sərvət və Yoxsulluğun Kökləri adlı kitab əbəs yerə inqilabi təfəkkürə malik tezisi ilə ad çıxarmayıb. Dünyanın aparıcı ekspertləri Acemoğlu və Robinsonun kitabının sosial elmlərdə ən mühüm problemin həll yolunu göstərdiyini, əsrlər boyu mütəfəkkirlərin üzərinə baş sındırdıqları suala dahiyanə cavab tapdığını iddia edir. “Millətlər Niyə İflasa Uğrayır o qədər mənada yaxşıdır ki, onların hamısını sıralamaq mümkün deyil,” tarixçi Çarlz Mann yazır. “Bu kitab bəşər tarixinin nəhəng hissəsini izah edir. O, həm Asiyanı, həm Afrikanı, həm də Amerikaları anladır. O, sağa da, sola da və onların arasındakı bütün siyasi əqidələrə ədalətlə yanaşır. O, indini anlamağa yönəlik düşüncə formalaşdırmaq üçün keçmişi işıqlandırır. Bu iqtisadi nəzəriyyə nadir kitabdır ki, oxucunu müəlliflərin sadə adamların rifaha çatmasını səmimi qəlbdən arzuladığını inandıra bilir.”

ABŞ-Meksika sərhədi. Noqales, Arizona

Acemoğlu və Robinson 2012-ci ildə Təhrir Meydanında etiraz aksiyasına çıxmış bir nümayişçinin sadə şikayətində dərin hikmət görürlər. “Biz korrupsiyadan, istibdaddan və pis təhsildən əziyyət çəkirik. Biz içərisində yaşadığımız bu korrupsioner sistemi dəyişmək istəyirik,” 24 yaşlı Nohab Hamed deyir.  2012-ci ildə Misirdə prezident Hüsni Mübarəkə qarşı etiraz dalğası başlananda orta hesabla misirlinin gəliri amerikalının gəlirinin 12 faizini təşkil edirdi. “Misirlilərin gözündə onları geridə saxlayan əsas amil qeyri-effektiv və korrupsiyanın tüğyan etdiyi bir cəmiyyət idi ki, burada insanlar öz istedadlarını, ambisiyalarını, dühalarını reallaşdıra, çox vaxt savadlana bilmirlər. Ancaq onlar problemlərin kökünün siyasi olduğunu dərk edirlər. Onların üzləşdiyi bütün iqtisadi əngəllərin əsasında Misirdə siyasi hakimiyyətin forması və onun bir ovuc elita əlində cəmləşməsi dayanır. Və onlar anlayırlar ki, dəyişən ilk növbədə bu olmaldır.”

Alim olaraq müəlliflərin başlıca məqsədi cəmiyyətin iflasının  diaqnozunu düzgün müəyyən etməkdir. Bu xüsusda onlar Misir kimi ölkələrin problemlərini adətən müxtəlif fərdi amillərlə izah etməyə çalışan analitiklərin yaxud akademiklərin sosial nəzəriyyələrini rədd edirlər. Bəziləri Misirin yoxsul olmasına görə ölkənin coğrafi mövqeyini, biriləri kifayət qədər resursun yaxud yağışın olmamasını, digərləri isə mədəniyyəti və ya dini önə çəkir. Başqaları hətta Misiri idarə edən zümrənin nə etmək lazım olduğunu bilmədiyini iddia edir. Onların aləmində Misirin necə idarə olunmasının, ölkənin siyasi quruluşunun az qala problemlərə dəxli yoxdur. “Bu kitabda biz izah edirik ki, Misir haqda ən düzgün təsəvvür akademiklərə və şərhçilərə yox, Təhrir meydanına çıxmış etirazçılara mənsubdur. Əslində Misir ona görə yoxsuldur ki, kiçik bir elita cəmiyyəti elə istiqamətləndirib ki, nəhəng kütlələrin hesabına özü bəhrələnsin.” Acemoğlunun və Robinsonun müşahidəsinə əsasən, sadə Misir xalqı bu oyunda udan və uduzanların kim olduğunu hamıdan yaxşı dərk edir.

İllər boyu hakimiyyətdə sözü olmayan misirlilərin üsyanı Ərəb Baharının əsas olaylarından idi

15 fəsildən ibarət kitabı bir yazıda xülasələmək mümkün deyil. Dəyərli tarixi nümunələrlə zəngin kitabda müəlliflər oxucunu siyasi keçmişin fərqli yozumu ilə tanış edir, arqumentlərini tarixi faktlarla əsaslandırırlar. Burada Qədim Romadan tutmuş Maya şəhər dövlətlərinədək, orta əsrlərin Venesiyasından tutmuş Sovet İttifaqınadək, Latın Amerikası, kolonial Afrika, İngiltərə, Avropa və ABŞ kimi dünyanın müxtəlif yerlərində və tarixi məqamlarında Acemoğlu və Robinson müşahidə olunan fenomenlər arasında bir qanunauyğunluq tapmağa çalışır.

“Homogen əhaliyə malik Koreya yarımadası füsunkar nümunədir,” müəlliflər qeyd edir. “Şimali Koreyalılar dünyanın ən yoxsul insanları olduğu halda onların Cənubi Koreyadakı bacı və qardaşları  dünyanın ən varlı vətəndaşlarıdır. Cənub insanları həvəsləndirən, innovatorluğu mükafatlandıran, hər kəsə iqtisadi fürsətlər bəxş edən cəmiyyət qurdu. Meydana çıxan iqtisadi uğurları şərtləndirən başlıca amil xalqa cavabdeh, geniş kütlələrin tələblərinə qulaq verən hökumətin formalaşması idi. Əfsus ki, şimalın insanları onilliklər boyu aclıq, siyasi repressiya və fərqli iqtisadi təsisatların idarəçiliyi ilə üzləşiblər. Koreyalar arasındakı fərq bu ölkələri tamamilə fərqli trayektoriyalara qoymuş siyasi quruluşlardır.”

Bir millət – iki dövlət: Cənubda yerləşən Hyundai şirkəti Şimali Koreyada aclıq qurbanlarına yardım göndərir

Acemoğlu və Robinsonun anlamında istənilən cəmiyyətin uğuru onun inklüsiv – yəni cəlbedici, yaxud dəvətedici iqtisadi təsisatlar yarada bilməsindən asılıdır. “Cəlbedici iqtisadi təsisatlar cəlbedici bazarlara yol açırlar ki, bu da insanlara öz istedadlarına uyğun peşələrin dalınca getməyə azadlıq verir və eləcə də onlar üçün rəqabət məkanını bərabərləşdirir,” Acemoğlu və Robninson yazır. “O adamlar ki, yaxşı ideyalara sahibdirlər, onlar bizneslər aça biləcək, işçilər məhsuldarlıqlarının ən çox olduğu sahəyə üz tutacaq və daha səmərəli firmalar səmərəsizləri əvəzləyə biləcəklər.” Bu cür təsisatlar həm də texnologiyada və təhsildə inqilaba təkan verir. Bir anlıq ağlınıza müasir həyatı rahat edən başlıca texnologiyaları gətirin – təyyarələr, avtomobillər, mürəkkəb tərkibə malik dərmanlar, kondisioner, radio, kino, robotlar, kompüterlər. Bunların və digər texnoloji irəliləyişlərin mütləq əksəriyyətini müasir cəmiyyətə dəvətedici cəmiyyətlər verib.

İqtisadi artımın bünövrəsində az qala hökmən onları, torpağı və mövcud kapitalı daha məhsuldar etməyə yönəlik texnolji təkmilləşmələr dayanır. Məhz bu şərtlər Tomas Edison kimi dünya sivilizasiyasını dəyişən və eyni zamanda ixtirasının real bəhrəsini görən ixtiraçıların meydana çıxmasına zəmin yaradır. İxtiraçının ərsəyə gəlməsində təkcə onun istedadı rol oynamır. Özəl mülkiyyəti qoruyan, əmək müqaviləsinə hörmət edən, bərabər rəqabətə imkan yaradan iqtisadi təsisatlar yeni texnologiyalarla çıxış edən bizneslərə nəfəs verirlər. Təsadüfi deyil ki, Edisonu yetişdirən cəmiyyət 19-cu əsrin Meksikası yaxud Perusu yox, bu elementləri özündə cəmləşdirən ABŞ idi. Necə ki, Samsung kimi texnoloji innovator şirkəti yetişdirən Şimali Koreya yox Cənubi Koreyadır.

Tokyonun gecə işıqları Yaponiyada çiçəklənən iqtisadi təsisatların cəmiyyətdəki rolunu nümayiş etdirir

Şimali Koreya cəlbedici təsisatların əksini təcəssüm etdirən istismarçı təsisatların bariz nümunəsidir. Bu növ təsisatlar hakimiyyəti bir qrup adamın əlində cəmləşdirməklə və iqtidara olan məhdudiyyətləri aradan qaldırmaqla kiçik bir elitanın cəmiyyətin hesabına varlanmasına və onu istismar etməsinə zəmin yaradır.  İstismarçı iqtisadi təsisatlar təbii olaraq istismarçı siyasi təsisatları müşayiət edir. “İstismarçı iqtisadi və siyasi təsisatlar arasında olan bağlılıq bir çevrə yaradır,” Acemoğlu və Robinson yazırlar. “Siyasi təsisatlar hakimiyyətə nəzarət edən elita qarşısında heç bir maneə olmayacaq iqtisadi təsisastlar qurmağa imkan verir. Bu mexanizm həmçinin elitaya gələcəyin siyasi təsisatlarını və onların təkamülünü formalaşdırmaq səlahiyyəti verir.  Öz növbəsində elitalar siyasi hakimiyyətlərini bir qədər də gücləndirir və var-dövlətlərini çoxaldırlar.”

Müəlliflər belə çevrəyə nümunə olaraq Latın Amerikasında kolonistlərin təqdim etdikləri sistemi göstərir. Burada siyasi hakimiyyətdən istifadə etməklə bir zümrə bütün əhalsinin hesabına böyük varidata sahib oldu. Həmin varidat elitaya hakimiyyəti qorumağa yardımçı olacaq ordu və təhlükəsizlik qüvvələri yaratmağa imkan verdi. Bir sözlə, siyasi və iqtisadi istismar təsisatları bir-birini qüvvətləndirərək status-kvonun uzun müddət saxlanmasına xidmət göstərdilər.

Yəmən kimi cəlbedici iqtisadi təsisatları inkişaf etdirməmiş ölkələrdə yoxsulluq ifrat həddə qalır

Bəs niyə elitalar cəmiyyəti varlandıracaq iqtisadi təsisatların yaranmasını istəməsinlər? Məgər hər bir vətəndaş, siyasətçi, hətta diktator belə istəmir ki, onun ölkəsi mümkün qədər varlı olsun? Bu sualı cavablandırmaq üçün müəlliflər Konqo krallığını misal gətirir. 1960-cı ildə Belçika müstəmləkəçiliyindən azad olduqdan sonra, Konqo müstəqil dövlət olaraq 32 il Cozef Mobutunun idarəçiliyi altında mövcudluğunu davam etdirdi. Bütün bu müddət boyunca Konqoda iqtisadi tənəzzül və ifrat səfalət yaşandı. “Vətəndaşlar yoxsul idilər, lakin Mobutu və onun ətrafındakı elita hədsiz dərəcə varlandı,” müəlliflər yazır. Mobutu öz doğma kəndində elə bir aeroport tikdirmişdi ki, orada supersonik Konkord təyyarəsi endirmək olardı, və Mobutu tez-tez Air France aviaşirkətindən bu bahalı təyyarəni kirayəyə götürürdü. Konqo daxilindəki varidatı ilə kifayətlənməyən Mobutu Avropa boyunca da qəsrlər alır, iri mülklərə yiyələnirdi.

“Fundamental problem budur ki, iqtisadi təsisatlar arasında konflikt qaçılmazdır. Fərqli təsisatların millətin firavanalığına fərqli təsirləri var. Söhbət var-dövlətin necə paylaşmasından, kimin söz sahibi olmasından gedir,” müəlliflər yazır. “Təsisatların yaratdığı iqtisadi artımda uduzanlar və udanlar olur.” Sənaye İnqilabı dönəmində İngiltərədə bu proses “yaradıcı dağıntı”  yaxud “kreativ dağıntı” ilə səciyyələnirdi. Müəlliflərin tez-tez işlətdikləri bu termin – yaradıcı dağıntı yeninin köhnəni əvəzləməsi və bunun nəticəsində cəmiyyətin rifah halının yaxşlaşmasını, onun irəli getməsin ehtiva edir.  Buxar mühərrikinin, nəqliyyat vasitələrinin və manufaktura texnologiyasının inkişafı bəzilərini varlandırdı. Yeniliyə zidd çıxan, ondan iqtisadi ziyan çəkən digərləri isə bu inkişafdan təbii ki, uduzdu. Konkret bu halda həmin zümrə feodalizm dönəmində krala xidmətin əvəzi olaraq mənsəbə, iri torpaq sahələrinə sahib olmuş aristokratlar idi. Ancaq İngiltərədə siyasi təsisatlar elə formalaşmışdı ki, aristokratlar texnoloji yeniləşmənin, kreativ dağıntının qarşısını almaqda elitanın daha despotik siyasi quruluşlarda olduğundan aciz idilər.

Smartfon və Facebook kimi icadlar bir qayda olaraq inklüsiv iqtisadi təsisatlara malik ölkələrdə ərsəyə gəlir

“İqtidar sahiblərinin uğura yol açacaq iqtisadi təsisatları təşviq etməməklərinin məntiqi onların siyasi təsisatlara münasibətlərinə də sirayət edir. Müstəbid rejimdə bəzi elitalar istədikləri iqtisadi təsisatı yarada bilərlər. Belə olan halda onların bu təsisatları plüralistik edəcək siyasi təsisatlarda marağı olarmı?” “Ümumilikdə xeyr!” deyə müəlliflər qoyulan sualı cavablandırır. Bu elitalar əsasən onların iqtisadi mənafelərinə xidmət edəcək təsisatlar yaratmaqda maraqlıdırlar.  Elə burada da davamlı konfliktin kökləri görünür. Müəlliflər hesab edir ki, istismarçı iqtisadi təsisatların əzdiyi adamların öz idarəçilərindən cəmiyyətdə hakimiyyəti paylaşacaq və könüllü şəkildə siyasi institutları dəyişəcək addımlar gözləməsi xülyadır. “Siyasi təsisatlarda dəyişikliklərə nail olmağın yolu elitaları plüralist təsisatlar yaratmağa vadar etməkdir,” Acemoğlu və Robinson müşahidə edir.

Varlı millətlər ona görə varlıdırlar ki, ötən 300 il ərzində hansısa məqamda cəlbedici təsisatlar yaratmağa nail olublar. Bu da öz növbəsində yeni və daha geniş miqyasda cəlbedici təsisatların yaranmasına gətirib çıxarıb. Məsələn, İngiltərə 1688-ci il İnqilabından dərhal sonra bir gündə demokratiyaya çevrilmədi. Ancaq əhalinin kiçik kəsiminin belə hakimiyyətə çıxışı sonrakı dönəmlərdə demokratiyanın daha geniş təbəqələrə yayılmasına yol açdı.  Digər tərəfdən istismarçı təsisatlar əks tendensiyaya təkan verir və ölkədə vətəndaş müharibəsi təhlükələrini artırır. “İstismarçı təsisatlar cəmiyyətdə nəhəng qeyri-bərabərliklər yaradır və hakimiyyətdə olanlara nəhəng sərvət və hüdudsuz səlahiyyətlər bəxş edirlər ki, bu da bir çoxlarında bu nemətləri öz zülmkarlarının əllərindən zorla almağa istək yaradır,” müəlliflər yazır. Belə olan halda istismarçı təsisatlar təkcə yeni rejimin əsasını yox, həm də daha istismarçı rejimin əsasını qoyur və daxili ixtilafların davam etməsinə yardımçı olurlar.  “Bu isə öz növbəsində anarxiyaya, dövlətin iflasına, siyasi xaosa yol açaraq iqtisadi firavanlığa olan ümidləri puç edir,” Acemoğlu və Robinson xəbərdarlıq edir.

Əsgər Möhsümoğlu, Amerikanın Səsi

Tarix: 15-05-2018, 08:19
Xəbəri paylaş





Xəbər lenti