AXCP sədri Əli Kərimli tərəfdarları ilə araşdırmaçı jurnalist Xədicə İsmayıl və Avropada yaşayan Meydan.tv-nin qurucusu Emin Milli sosial şəbəkədə bir-birilərinin ünvanına aşağılayıcı ifadələr, təhqirlər səsləndirməkdə davam edirlər.
Musavat.com xəbər verir ki, virtual qarşıdurma mayın 9-da ABŞ Konqresində Azərbaycandakı vəziyyətə dair dinləmələrdən sonra başlayıb. Əvvəlki dinləmələrə dəvət olunan Ə.Kərimli bu dəfə dəvət almayıb. Səbəb kimi də əvvəlki dinləmələrdə xaricə çıxışı olmayan Ə.Kərimlinin öz əvəzindən İngiltərədə yaşayan oğlu Türkel Kərimlini göndərməsi və onun orada yalnız atasını təmsil etdiyi barədə davranışı göstərilir. Bu dəfə dinləmələrdə iştirak üçün Emin Milli və Hollandiyada mühacir həyatı yaşayan Orduxan Teymurxan dəvət olunub. Dinləmələr zamanı ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marjinal şəxsi” və ya “qocası” adlandırıb. Bundan sonra cəbhəçilər E.Millinin üzərinə hücumlar təşkil edərək, onun AXCP liderini “marginal şəxs” və ya “qoca”adlandırdığını iddia edərək, ən ağır şəkildə təhqir etməyə başlayıblar.
Bütün bunlara dözməyən E.Milli öz facebook profilində bu statusu paylaşıb: “İsa Qəmbərin bütün fəaliyyətinə, eləcə də Əli Kərimlinin son illər ərzində nümayiş etdirdiyi mübarizəsinə böyük hörmətim var. Onlar bütün bu illər ərzində heç kimin təsəvvür belə etmədiyi ən çətin şəraitdə on minlərlə insanı mübarizəyə ruhlandırıb və bu mübarizəyə liderlik ediblər. Lakin düşünürəm ki, aktivistlərin və Azərbaycanda dəyişiklik etmək istəyən insanların yeni nəslinin bu dəyişikliklərə necə nail olmaq, onların nədən ibarət olması, bu dəyişikliklərin strategiyası və taktikası ilə bağlı fərqli görüşləri var. Son 20 il ərzində Azərbaycan müxalifətinə rəhbərlik etmiş bütün insanlara öz ehtiramımı ifadə etməklə yanaşı bunu qeyd etməyi mühüm sayıram ki, bu liderlərin hazırda edə biləcəyi ən yaxşı iş həm partiyalarının daxilində, həm də xaricində olan bütün başqa gəncləri dəstəkləmək olardı. Bununla onlar Azərbaycan xalqına mesaj verərdilər ki, bu mübarizə şəxsi deyil - bu, İsa Qəmbərin, yaxud Əli Kərimlinin şəxsi mübarizəsi deyil. Biz problemlərdən danışırıqsa, təkcə hökuməti hədəfə almamalıyıq, həm də müxalifətdən danışmalıyıq. Çünki bəzi siyasi partiyalarda şəxsiyyət kultu pərəstiş var və gənc nəsillər bunu qəbul etmir. ”Baxın, mən belə möhtəşəməm, böyüyəm və mən sizə rəhbərlik edəcəyəm" - bu, Azərbaycan xalqının qəbul etdiyi bir tərz deyil və bunu siz insanların reaksiyalarından hiss edə bilərsiniz. İnsanlar yeknəsəq (rutin) qaydada hər ay Azərbaycanda təşkil olunan mitinqlərə gəlmirlər. Bəlkə də onların mübarizəsinin taktikası ilə bağlı şübhələri var, bəlkə də onlar bu yolu effektiv hesab etmirlər.
Bəlkə də onlar mitinqlərə gəldikləri halda hakimiyyətin onları çəkib sonra da ailələrinə təzyiq edəcəyindən qorxurlar. Düşünürəm ki, Azərbaycanda milyonlarla insan ayağa qalxıb azadlıq uğrunda mübarizə aparmağa hazırdır. Lakin onlar bir günün içində hamılıqla küçəyə çıxmaqla bu işi bitirib və sonra evlərinə qayıdıb öz gündəlik həyatlarını davam etdirmək istəyirlər. Onlar anlamağa çalışırlar ki, bu işi bir günün içində hamılıqla necə etmək olar. Liderlər insanların onları sorğulamasına hazır olmalıdır. İnsanlar onlardan sosial media ilə necə işlədiklərini, insanlarla ünsiyyəti necə yaratdıqlarını, taktika, strategiya və kommunikasiya ilə bağlı dəyərləndirmələrinin nədən ibarət olduğunu soruşa bilərlər. Yeni siyasi fəallar və qrupların meydana çıxara alternativlər təklif etməsi artıq milli seçim prosesidir. Sən insanlara bunu et və ya etmə deyə bilməzsən".
E.Millinin bu statusu da müsavatçılar və cəbhəçilərin kəskin tənqidləri ilə üzləşib.
Onun bu cür tənqidlərə verdiyi cavablardan əsas diqqətçəkən Müsavatın Divan üzvü Elman Fəttaha verdiyidir: “Elman bəy, çıxışımda etiraz edilməli ifadələr deyirsiniz. İki gün ərzində yüzlərlə AXCP fəalları, hörmətli Cəmil bəy (Həsənli) də onlara qoşularaq demədiyim ifadələri, ”köhnəlmiş" və marginallaşmış" müxalifət ifadələrini adıma yazdılar. Sonra iki gündən sonra anladılar ki, bu ifadələri mən işlətməmişəm. Hansı ifadələrimdə problem var? Şəxsiyyətə pərəstiş də, strategiya və taktiki problem də, xalqdan tədric olunma problemi də var. Dediyim hər bir ifadənin üstündə dururam və canlı efirdə də Əli Kərimli və Cəmil Həsənli ilə bu məsələləri müzakirə etməyə hazıram".
Araşdırmaçı jurnalist Xədicə İsmayıl Emin Millinin müdafiəsinə qalxıb. Lakin o da yazdığı bu statusa görə cəbhəçilərin hücumları ilə üzləşib: “Məlum oldu ki, marginal sözünü Emin Milli yox, Audrey Alştadt deyib. Hərçənd kimin deməsindən asılı olmayaraq, həqiqətdir. İndi iki gündür, Emini mütəşəkkil hücuma məruz qoyan cəbhəçilər yazdıqları təhqirlərə görə üzr istəyəcəkmi? Bu arada, Cəmil Həsənli də ilk ittiham yazanlardan biri olub. Səadət, Cahangir iki gündür, adamı atəşə tutmusuz, postlarınızın altında xeyli təhqir yazılıb. Məsuliyyətli siyasətçilər, aktivistlər nə edər belə durumda?”
X.İsmayıl da statusuna görə qaragüruhçu dəstənin hücumlarına məruz qalıb. Hətta cəbhəçilər onu qrant almaq üçün Kərimliyə şər atmaqda ittiham ediblər.
Fransada mühacir həyatı yaşayan AXCP funksioneri Natiq Ədilov X.İsmayıla qarşı onun statusunun altına bu cür rəy yazıb: “Nahaq belə edirsən, Xədicə xanım. Yaxşı olar ki, özün o brifinqə baxıb bu statusu yazardın, daha Emin bəyin dedikləri əsasında yox. Demişəm də, hər gözəlin bir eybi var, Xədicə xanımın da eybi dostbazlıq etməsidir. Eybi yox, bu da onun hüququdur, tolerant yanaşmaq olar. Sadəcə, izin ver deyək ki, bu dəfə ədalətsizlik edən sənin dostlarındır”.
Dinləmələrdəki çıxışında Azərbaycandakı siyasi məhbuslardan danışarkən E.Millinin cəbhəçilərin adını çəkməməsini AXCP fəalları ayrı-seçkilik kimi qələmə verərək, Meydan.tv-nin qurucusunu daha sərt şəkildə tənqid edirlər. E.Milli bu məsələyə paylaşdığı statusda bu cür aydınlıq gətirib: “Yenə deyirəm, məhbus arasında fərq qoymuram. Hər bir siyasi məhbus mənim üçün əzizdir. Mən, sadəcə, hamının adını birdən belə çıxışlarda çəkə bilmərəm. Çıxışın məqsədi də bu deyildi. Çıxışım spontan idi, yazılı deyildi və AXCP fəallarının adını çəkməmək kimi niyyətim də yox idi. AXCP ilə bağlı qərəzim olsaydı, Əli bəyin oğlu Türkel Kərimlini iki il bundan qabaq təşkil olunmuş dinləmələrə dəvət etməyi məsləhət görməzdim. Bu dəfə də onu məsləhət görürdüm (çünki keçən dəfə çox yaxşı danışmışdı). Amma təşkilatçılar israr etdilər ki, mən gəlim. Məni 5 ildir dinləmələrə və brifinqlərə dəvət edirlər, amma getməyə ya vaxtım, ya da imkanım olmurdu. Türkel bəy Əli bəy və AXCP fəallarının mövqeyini atasının adından 2 il bundan qabaq danışarkən kifayət qədər ətraflı çatdırıb. Budur həqiqət. Burada qərəz axtaranlar çox yanılırlar”.
Musavat.com xəbər verir ki, bir qrup “şeyözündələrin” virtual davaları hələ də davam edir.