Rusiya rəsmiləri və KİV-ləri ABŞ prezidenti Trampı bu dəfə İranla nüvə anlaşmasından birtərəfli qaydada çıxdığı üçün hədəf götürüb. Artıq neçə gündür Rusiyanın təbliğat maşını Amerikanın biznesmen-prezidentinə döşəyir. Onu ABŞ-ın iki il öncə götürdüyü öhdəliyə xilaf çıxmaqda, imzasına tüpürməkdə suçlayırlar.
Ruslar bir yandan düz edirlər. Siyasət nə qədər qəliz, “çirkin” fəaliyyət sahəsi olsa da, burada da sözübütövlük, verilən vədə kişi kimi əməl etmək, atılan imzaya hörmət qoymaq mühümdür. Yoxsa nüfuz, etibarlılıq məsələsi gündəmə gələr. Trampı biz də qınayırıq, çünki onun qərarı partlayış həddində olan regionda kövrək sülhə və sabitliyə növbəti ciddi təhlükədir. Amma və lakin...
Məsələ ondadır ki, Rusiyanın özü də tarix boyu verdiyi vədləri, götürdüyü öhdəlikləri zaman-zaman pozub. Ən son fakt: 4 il öncə Moskva Krımı ilhaq elədi. Halbuki ondan cəmi 10 il qabaq - 1994-cü ildə ABŞ və İngiltərə ilə birgə o, Kiyevin nüvə başlıqlarından imtinası qarşılığında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zəmanət verən Budapeşt Memorandumuna imza atmışdı. Rusiya həmin anlaşmanı birtərəfli qaydada pozdu və üstündən “su içdi”. Bu harasıdır, hələ də Ukraynadan əl çəkməyib, yenə ərazi qoparmaq istəyir.
Krımın işğalına görə isə Vaşinqton Rusiyaya qarşı 4 ildir sərt sanksiyalar tətbiq edir. Və düz də edir. Amma iş ondadır ki, ABŞ eyni işğalçılıq hərəkətinə yol vermiş Ermənistana qarşı nədənsə loyal davranır, ona hər il maliyyə yardımları ayırır, yeri gələndə bağrına basır; hətta Qarabağdakı separatçı rejimi də unutmur, ona da hər il paydan-puşdan verir, işğal altındakı ərazilərimizə konqresmenlərin qanunsuz səfərlərinə göz yumur və separatçı liderlərin vaxtaşırı Amerikaya səfərlərini təşkil edir - özü də deyilənlərə görə, qondarma qurumun “sənədləri” əsasında hazırlanan vizalarla!..
Sonra da deyirlər dünyanın tarazlığı niyə pozulub? Müharibələr, qırğınlar, terror aktları niyə bitmir? Birinci səbəb bu: fövqəlgüclərin verdikləri zəmanətə, yazılı vədlərə və öhdəliklərə, sivil birgə davranış qaydalarına xəyanəti, ortaq oyun qaydalarının, yəni beynəlxalq hüquq prinsiplərinin çeynənməsi, BMT prinsipləri və qərarlarına məhəl qoyulmaması. Acı gerçək belədir ki, biri buna özünün iqtisadi, hərbi qüdrətinə arxalanaraq, cəzasızlığa əmin olaraq əl atır, başqası (Rusiya) hamıdan çox nüvə başlıqlarına güvənərək gedir, digəri, hansı ki, heç bir hərbi-iqtisadi gücü, atom bombası yoxdur, - məsələn, cırtdan Ermənistan, - həmin o qüdrətli güclərdən birinə (Rusiya) sığınaraq buna cürət edir.
Aydın məsələdir ki, ayı öz balasını yanında saxlayan kimi Rusiya Ermənistanı yanında saxlamasaydı, Azərbaycan çoxdan onun cavabını vermiş, cəzalandırmışdı
Gələk İrana. İranda teokratik rejimdən daha çox, onun dövlət maraqları keşiyində duran, din adına siyasi rejimin hakim olduğu bəllidir. Əks halda, biz çoxdan Qarabağ məsələsində müsəlman cənub qonşumuzu müsəlman Türkiyə kimi öz yanımızda, daha doğrusu, beynəlxalq hüququn yanında görərdik, nəinki beynəlxalq hüququ, BMT qətnamələrini vecinə almayan işğalçı Ermənistanın yanında. Məgər Ermənistan İranın da dəstəyinə güvənib bölgədə at oynatmır?
Odur ki, Tehran rəsmiləri “bizə qarşı Amerika haqsızlıq edir”, deyə car çəkib çox təəccüblənməsinlər. Axı, söhbət İranın imza atdığı beynəlxalq sənədə (“Altılıq” anlaşması) sayğısızlıqdan gedirsə, Ermənistan da 25-26 ildir dünya birliyinin əsas təşkilatı olan BMT-nin Qarabağa dair 4 qətnaməsini 25-26 ildir vecinə almır. Di gəl, bu, cənub qonşumuza işğalçı ilə “çaşka-lojka” olmağa mane olmur.
Qərəz, özünə rəva bilmədiyini gərək başqasına rəva görməyəsən ki, başına belə işlər, haqsızlıqlar da gəlməsin. Başqası deyəndə öncə özümüzü - Azərbaycanı nəzərdə tuturuq...
Cəmiyyətdəki kimi, siyasətdə də əmanətə, zəmanətə xəyanət olmaz. Siyasət də cığallığı, satqınlığı sevmir. Yoxsa bədəli ağır olur. Gec ya tez, xəyanət müəllifi kim olur-olsun.