İlham Əliyevə müxalif olan icra başçıları: hakimiyyətə birbaşa təhlükə onlardı

            Azərbaycan hakimiyyəti üçün təhlükə ocaqları tənqidçi media, müxalifət və xaricdəki dairələr, fondlar deyil. Anaxeber.Az yazır ki, iqtidarın siyasətini baltalayan, ona təhdid və təxribat mənbəyi yerlərdəki icra hakimiyyəti strukturlarıdır. Bu günə kimi mətbuatın yazmasına, müxalifətin çağırışlarına görə ölkə qarışmayıb, hətta hər hansı nazirin korrupsiya fəaliyyətinin ifşası da cəmiyyəti silkələməyib. Amma təkcə Quba və İsmayıllıdakı məlum hadisələr, Siyəzən, Lənkəran, Ağsuda olmuş etirazları xatırlamaq olar ki, məhz icra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti ucbatından xalq ayağa qalxmışdı. Eyni qaba siyasət davam etməkdədir. Deməli, fiqurların dəyişməsi ilə struktur dəyişkənliyi baş vermir. İlk növbədə struktur islahatları aparılmalıdır. Necə ki, dəfələrlə icra hakimiyyətlərinin ləğvi və səlahiyyətlərinin ASAN xidmətə verilməsi təklif olunub.
Çünki Azərbaycanda icra hakimiyyətlər korrupsiya bulağı, bürokratiya aparatı, iqtidar-xalq münasibətlərini korlayan, onu tənzimləmək əvəzinə körpüləri yandıran strukturdur. O baxımdan İH-lərin ləğvi həm büdcə xərclərinə qənaətdir, həm yerlərdəki padşahların zərərsizləşdirilməsidir. Bu hakimiyyətin başına nə gəlirsə, icra başçılarının sərsəm çıxışları, qanunsuz hərəkətlərin üzündən gəlir.
Məsələn, Nəsiminin icra başçısı Asif Əsgərovu götürək. Rayonda yaşıllıqları kəsdirib yerini biznesmenlərə satır, camaatı qızşdırır, ayağa qaldırır, sakinlər yol bağlayır, aksiya keçirir və nəticədə hakimiyyətlə əhali üzbəüz qalır.
Onun oğlu isə ksasıbların balaları səngərdə qışın sazağında, yayın qızmarında xidmət çəkərkən atasının bahalı maşınında qəza törədir, insan ölümünə səbəb olur, həbsdən xəstəlik adı ilə yayınıb xaricdə dincəlir. Və bu da cəmiyyətdə qıcıq doğurur, sosial təbəqələşməni dərinləşdirir. Təkcə budurmu? Göyçayda icra başçısı şəhid bulağını sökdürür, Zərdabda icra başçısı aprel şəhidinə başdaşı pulu alıb mənimsəyir, Daşkəsəndə Əhəd Abıyev aprel qazisini mənzil fırıldağı ilə üz-üzə qoyur, Şəkidə icra başçısı Elxan Usubov kəndlilərin torpağını zəbt edərkən, bir kasıba 3 sot sahə verməmişkən, türk müğənnisi Petek Dinçözə torpaq bağışlayır, Laçının icra hakimi köçkünü tutdurur, özünün fərariliyi üzə çıxır, Abşeronun icra hakimi İradə Gülməmmədova qoçularını Qarabağ əlillərinin üstünə göndərir, onları döydürür, təhdid edir, evsiz-eşiksiz qoyur, didərgin salır.
Faktlar sadalamaqla bitməz. Yuxarıda qeyd etdiklərimiz sadəcə, yaxın keçmişdə olanlardır. Anaxeber.Az yazır ki, bütün bu arayışlar, məmurların qanunsuzluqları, icra başçılarının özbaşınalıqları hakimiyyət üçün birbaşa təhlükə saçırlar.
İcra hakimiyyəti strukturlarının əyalətlərdə vətəndaşları incitməsi, süründürməsi, qapıdan qovması, qəbula gələnlərin təhqir olunması xalqın hakimiyyətə nifrətinə səbəb olur. Artıq iqtidara müxalifət, alternativ qüvvə lazım deyil, “sapı özündən olan” İH-lər oturduqları budaqları baltalayırlar.
Odur ki, təxirəsalınmaz struktur reformalarından biri İH-lərinin ləğvi, səlahiyyətlərinin ASAN-a transferi olmalıdır. Əks təqdirdə, bu gediş günün birində hansısa əyalətdə sosial partlayışla nətticələnə bilər. İkincisi, büdcədən böyük pullar mənimsənilir və rayonların abadlaşdırılması ilə silinir. İcra başçıları iş adamlarına parklar salır, yollar asfaltladır, büdcə vəsaiti hesabına oliqarxlaşırlar, villalar tikdirirlər, biznes sahibi olurlar.
Azərbaycanda milyonçu olmayan icra hakimi tapmaq möcüzə olardı. Ona görə də prezidentə həm iqtisadi, həm sosial-siyasi təhlükə olan İH-lər demontaj edilməlidir. Onlar xalq üsyanlarının memarlarıdırlar. Əgər Azərbaycanla yaxşı münasibəti olmayan Rusiya və yaxud İranın xüsusi xidmət orqanları ölkədə süni iğtişaş yaratmaq istəsələr, bəlkə də bu cəhdlər gözlənilən nəticəni verməz. Ancaq yerli icra başçıları insanlara elə “divan tutur”lar ki, sabah qəzəblənmiş kütlə ayağa qalxsa, İran və ya Rusiyanın iğtişaş layihələri bunun yanında “toya getməli” olacaq. Özü də bu süni yox, təbii iğtişaş olacaq – lümpenə çevrilən insanlar hansısa formada istibdada müqavimət göstərməlidirlər. Bunun vaxtı və forması isə konkret hadisədən asılı ola bilər.
Tarix: 15-05-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti