Rusiya İsraillə anlaşdı, İranın maraqları qurban verilir
İsrail öz mövqelərinə raket atıldığını bildirərək Suriyadakı İran mövqelərinə ardıcıl aviazərbələr endirib. İngiltərə mətbuatının nümayəndələri bunun ardınca "Bu artıq vəkalət savaşı deyil, İsrail və İran arasında bir məsələdir",-deyə yazıb. Yaxın Şərqdə getdikcə artan gərginlik Suriyada münaqişə həddinə keçib. Suriyada İrana məxsus 50-dən çox hədəfin İsrail Hərbi Hava Qüvvələri tərəfindən raket zərbəsinə məruz qaldığı açıqlanıb. 50-dən çox nöqtənin bombalanmasının açıqlandığı bir zamanda Rusiyanın Müdafiə Nazirliyi İsrailin Suriyaya atdığı raketlərin yarıdan çoxunun Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirildiyini deyib.
Suriya tərəfi isə gecəki bombardman nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığını xəbər verib. BBC-nin Yaxın Şərq üzrə redaktoru Caremi Bovenin sosial şəbəkədə yazdığına görə, bu, İsraillə İran arasında olan məsələdir. Həmçinin, İsrailin hücumunun son illər İran hədəflərinə yönəlik ən böyük hərbi hərəkat olduğu yazılıb.
İsrail tərəfinin açıqlamasına görə, Suriyadakı İran İnqilab Keşikçiləri Ordusuna bağlı qüvvələr Çolan təpələrinə 20 raket atıb. Bu əmri isə iranlı general, Putinin də yaxın dostu olduğu deyilən Qasım Süleymaninin verdiyi vurğulanıb. Artıq münaqişənin təkcə hava zərbələri ilə kifayətlənməyərək quru əməliyyatlarına keçməsi təhlükəsi barədə də yazılır. Qeyd olunur ki, tanklar sıraya düzülüb, hücuma hazırlıq əmrinin verilməsi gözlənilir.
İsrail hərbi hava qüvvələrinin İranın Suriyadakı mövqelərini məhv etmək başlatdığı əməliyyatlar tərəflər arasında açıq müharibə həddinə çatıb. Artıq İsrail “Hizbullah”ın da Suriyadakı mövqelərinə aviazərbələr endirib. Rəsmi Təl-Əviv İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus silahlı qüvvələrin, o cümlədən, muzdlu silahlıların Suriyadan çıxarılması üçün hərbi əməliyyatları genişləndirməyə qərar verib. Lakin ABŞ-ın İsraildəki səfirliyinin mayın 14-də Qüdsə köçürülməsi bölgədə qarşıdurmaların miqyasını genişləndirib. Bu isə regionda İsrail-Fələstin münaqişəsinin yenidən alovlanmasına təkan verə bilər. Eyni zamanda, İraqda keçirilmiş parlament seçkilərində isə Tehran rejiminə yaxınlığı ilə seçilən Seyid Müqtəda əs-Sədrin liderlik etdiyi “Saurin” bloku qalib gəlib. Mayın 6-da isə Livan parlamentinə keçirilmiş seçkilərdə İran tərəfindən dəstəklənən və “Hizbullah”ın liderlik etdiyi “8 mart koalisiyası” qələbə çalıb. Bütün bunlar isə İranın bölgədəki mövqelərini möhkəmlədən amillərdir. Ona görə də Yaxın Şərqdə İsrail və ABŞ-la İran arasında hərbi qarşıdurmanın artacağı gözlənilir.
Münaqişənin dərinləşəcəyi halda İranın müttəfiqi Rusiyanın hansı mövqe tutacağı ilə bağlı müzakirələr gündəm gəlib. İsrail hökuməti Rusiyaya “S-300” zenit raket komplekslərini Suriyaya satmaqdan imtina etməyi təklif edib. Rəsmi Təl-Əviv “S-300” raketdən müdafiə sistemlərini Suriyadakı hərbi əməliyyatları üçün başlıca maneə hesab edir. ABŞ-ın Suriyanın hərbi hava bazalarını vurmasından sonra bu ölkənin “S-300” komplekslərinin hamısını istifadə etdiyi bildirilir. Ona görə də hava və raket hücumundan müdafiə ehtiyatları tükənmiş Bəşər Əsəd rejimi “S-300” raketlərinin alınması üçün yenidən Rusiyaya müraciət edib. Lakin Moskvadan Bəşər Əsədə “yox” cavabı gəldiyi deyilir. Buna səbəb İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasındakı razılaşmadır. Rusiya mediasının yazdığına görə, mayın 9-da Moskvaya səfər edən Benyamin Netanyahu Vladimir Putindən Suriyaya “S-300” satmamağı xahiş edib.
“Rusiya Suriya hökuməti ilə “S-300” müasir hava hücumundan müdafiə sistemlərini bu ölkəyə satmaq üçün danışıqlar aparmır. Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin “İzvestiya” qəzetinə müsahibəsində belə deyib. İsrailin baş naziri Moskvadan təkidlə Suriyaya raket verməməsinə nail olmaq istəyir. Rusiya ötən ay Qərb koalisiyasının Suriyaya zərbə endirməsindən sonra İsrailin etirazlarına baxmayaraq, Əsədə silah tədarük edəcəyinə işarə etdi. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov raket tədarük etməmək barədə mənəvi öhdəlik götürdüklərini söyləsə də, “Kommersant” qəzeti “S-300”-lərin göndərilməsinə yaxın vaxtlarda başlanacağını yazır. Vladimir Kojin isə bildirib ki, yeni sistemlərin tədarükündən söhbət getmir. Vladimir Putinin köməkçisi qeyd edib ki, Suriya silahlı qüvvələrinin “hər nə lazımdırsa, varıdır”.
İsrail dəfələrlə Moskvanı Suriyanı “S-300” ilə təmin etməməyə razı salmağa cəhd edib. Çünki, İsrail HHQ İranın dəstəklədiyi "Hizbullah" qrupuna silah tədarükünə qarşı mübarizə imkanlarını məhdudlaşdırmasından ehtiyat edir. Çünki İsrail yüklərin olduğu ehtimal edilən onlarla karvana havadan zərbə vurub. Çərşənbə axşamı İran qüvvələri İsrailin ərazisinə raket atdıqdan sonra İsrail İranın Suriyadakı bütün infrastrukturuna hücuma keçdiyini bəyan etdi. “S-300” İsrailin hücumlarını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
Rusiya mediası isə cümə günü İsrail ordusunun nəşr etdiyi bir videonu yayımladı. Bu, İsrail raketinin Rusiya istehsalı olan "Pantsir S-1" Suriya hava müdafiə batareyasını məhv etdiyini göstərirdi.
Suriyadakı hərbi müdaxiləni genişləndirməkdə İranın əsas məqsədi isə Əsəd rejiminə devirmək üçün mübarizə aparan çoxsaylı üsyançı qruplara qarşı müqavimətini gücləndirməkdir. Lakin bu da faktdır ki, iranlılar Suriyada minlərlə böyük və ortamənzilli raket yerləşdirməklə İsrailə qarşı daha ciddi təhdid yaratmaq məqsədi güdür.
Böyük Britaniyanın “The Telegraph UK” qəzeti isə qeyd edir ki, İranın yəhudi dövləti ilə uzun bir qarşıdurma kontekstində yeni bir cəbhə yaratmaq üçün Əsədlə ittifaq qurması Moskva ilə Tehran arasında gərginlik yaradıb. Çünki Kreml İsrailə qarşı münaqişəyə təhrik edilməkdə maraqlı deyil. “Əksinə, cənab Putinin baş nazir Benyamin Netanyahu ilə yaxşı münasibətlərindən məmnun olduğu deyilir”.
Rusiya üçün Suriyadakı hərbi bazaların gələcəyini təmin etməyin əlverişli bir yolu İranı İsrailə qarşı təcavüzü dayandırmağa razı salmaqdır. Hətta Rusiya və İran Əsəd rejiminin mənafeyi uğrunda müttəfiq kimi mübarizə aparmasına baxmayaraq, Moskva əvvəllər İsrailə İranın mövqelərinə hücuma keçmək üçün razılıq da verib. İndi də İsrail Moskvanı iranlılara qarşı aviazərbələri barədə xəbərdar edib”.
“Bu özünəməxsus vəziyyətin Rusiya ilə İran arasında on il əvvəlki gərginliyi xatırlatdığını qeyd edir. Həmin vaxt ruslar Tehranı özünün nüvə proqramı haqqında yanlış məlumat təqdim etməkdə ittiham etmişdi”-Britaniya mediası belə yazır.
Müşfiq Abdulla
Cebhe.info