28 may-Respublika Günündə ölkə müxalifətinin daxilində ənənəvi halın yenidən baş verəcəyi indidən görünür. Belə ki, Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini siyasi partiyalar pərakəndə şəkildə ziyarət edəcəklər. Bu, sosial şəbəkələrdə yaradılan eventlərdə və təbliğatlarda özünü büruzə verməkdədir.
Azərbaycan tarixində belə önəmli tarixi gün bir də bir əsr sonra yaşanacaq. Müxalifətin bunun fərqində olmadığı və heç olmasa bir dəfə vahid şəkildə ziyarət təşkil etmək fikrində olmadıqları göz önündədir. Maraqlıdır ki, ölkənin əsas müxalif qurumları sayılan Müsavat və Milli Şura arasında hazırda elə də inciklik yoxdur. Əksinə, bir yaxınlıq hiss olunur. Hətta mart-aprel aylarında hər iki düşərgə birlikdə mitinqlər təşkil etdi. Lakin bu qurumlar da ayrı-ayrılıqda Rəsulzadənin abidəsini ziyarət edəcəklər.
Siyasi partiyalardan ziyarəti necə təşkil edəcəkləri və müxalifətin nə üçün birlikdə bu ziyarəti təşkil etməmələri barədə mövqelər aldıq.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Cümhuriyyətlə bağlı fərqli tədbirlərin keçiriləcəyi barədə məlumatsızdır: “Mətbuatda Müsavat Partiyasının tədbirləri, eləcə də 28 mayda ”Məhsul" stadionunda açıq havada təntənəli yubiley keçirmək barədə partiyaların müraciətləri haqqında məlumatlar gedir. Başqa tədbirlər olmasa, hər il keçirilən tədbirlər bu il də keçiriləcək. Bu bayramı hər zaman ümummilli bayram kimi qeyd edirik. Bu yubileyi ərazi bütövlüyümüzün tam bərqərar olması şəraitində qeyd etməyi çox istərdik. Ayrı-ayrı qüvvələrin, dövlətin bu hədəflərə çatmadığı bir faktdır. Bilirsiniz ki, bu il eyni zamanda Əbülfəz Elçibəyin anadan olmasınını 80 illik yubileyidir. Bu yubileyin yüksək səviyyədə qeyd olunması istiqamətində hazırda işlər gedir. Bu məsələlərin hər ikisi bir-biri ilə iç-içədir. Qalan müddət ərzində tədbirlərimiz davam edəcək".
AĞ Partiya başqanı Tural Abbaslı Cümhuriyyətin yubileyi ilə bağlı müxalifətin birliyinin vacibliyindən danışdı: “Biz AĞ Partiya olaraq hələ ki 28 may günündə Novxanıya Rəsulzadənin heykəli önünə getmək məsələsini müzakirə etməmişik. Hər zaman müxalifətin funksional əməkdaşlığının və kardinali fəaliyyətinin tərəfdarı olmuşuq. Hətta bir neçə dəfə də Novxanıya digər müxalifət partiyaları ilə birgə ziyarətə getmişik. Bu il isə hələlik bizə hansısa partiya tərəfindən birgə iştirakla bağlı konkret təklif gəlməyib. Əgər yaxın günlərdə belə bir təklif olarsab təbii ki, bunu müzakirə edə bilərik. Ancaq 28 may günü daha başqa tədbirlər keçirmək və cümhuriyyətin 100 illik yubileyini fərqli aksiyalarla qeyd etmək də olar. Partiya olaraq bunun da üzərində işləyirik. Təbii ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi kimi ümummilli bayramları siyasi mövqeyindən asılı olmayaraq iqtidarlı-müxalifətli bütün partiya və təşkilatlar birgə qeyd etsələr daha yaxşı olar. Bütün dünyada normal, sivil dövlətlərdə bu zatən belə olur. Həmçinin belə birgə təşkil olunan tədbirlər siyasi dialoq mühitini formalaşdırır, cəmiyyət arasındakı neqativ gərginliyi aradan qaldırır və ən əsası cəmiyyətdə milli barışıq mühitini formalaşdırır. Sadaladığım nüanslar isə dövlətçilik ənənələrinin formalaşmasına və möhkəmlənməsinə vasitəçilik edir. Nəticədə keçmişə barışıq və gələcəyinə ümidli güclü bir dövlət meydana çıxır. Müxalifətdə tək bu məsələdə deyil, təəssüflər olsun ki. bir çox ümummilli digər məsələlərdə də birlik müşahidə olunmur. Bu neqativ ənənə uzun illərdir davam edir. Düşünürəm ki, bunun da səbəbi özünü müxalifət liderlərindən zənn edən bəzilərinin cılız şəxsi ambisiyalarıdır. Onlar bu şəxsi ambisiyalarını hətta rəhbərlik etdikləri təşkilatların siyasi kursuna da daxil etməyi bacarıb. Bir çoxları 1992-ci ildə hakimiyyətdə olduqları zaman kimlərləsə yaşadıqları intriqa və qarşıdurmaları bu günlərə qədər davam etdirirlər. Təbiidir ki, bunun da altını Azərbaycan xalqı çəkir. Biz AĞ Partiya olaraq bu neqativ ənənəni davam etdirmək niyyətində deyilik. Bundan irəli gələrək də siyasi spektrin bütün tərəfləri ilə normal siyasi münasibətlər qurmağa çalışırıq”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bunları dedi: “Bizim hələ iştirak formasız barədə yekun qərarımız yoxdur. Əlbəttə ki, həmin gün heç olmasa Rəsulzadəni öndər bilənlər bir yerdə olsalar çox yaxşı olardı. Hələ necə baş tutacağından xəbərsizəm. Amma biz dost bildiklərimizlə bir yerdə qatıla bilərik. Müzakirə olunacaq. Müxalifətin pərakəndəliyi iqtidarın ən uyğun müttəfiqidir. Bu təfriqə yalnız onlara sərf edir. Heç olmasa, Türkiyə siyasi qüvvələrindən, lap elə müxalifətindən ibrət götürmək olmazmı? Hərə öz marağını qorumaqla prezident və parlament seçkilərinə birgə qatılmaq formulunu tapdılar. Bu belə mürəkkəb tənlik deyil ki, məchulu tapılmasın. Bunu tapa bilməyənlər siyasi riyaziyyatdan keçə bilməyəcəklər və uğur olmayacaq. Bu mənim fikrimdir”.
AMİP katibi Əli Orucov müxalifətin birliyinin nəzərdə tutulmadığını söylədi: “AXC-nin 100 illik yubileyi ilə bağlı AMİP-də işçi qrupu yaranıb və tədbirlər plani Siyasi Şurada təsdiqlənib. Həmin plana uyğun olaraq da bir sıra silsilə tədbirlər həm yerli təşkilatlarda, həm də mərkəzi qurumlarda keçirilməkdədir. Cümhuriyyətin banisi Rəsulzadənin ziyarətinin müxalifətlə birlikdə edilməsi nəzərdə tutulmayıb”.(“Yeni Müsavat”)