Səməd Seyidov və bir sıra deputatı 2 və 10 il müddətində cəzalandırılacaq! - AŞPA rəsmən bəyan etdi

                           Çərşənbə axşamı günü keçirilən iclasında, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaydalar komitəsi "qaydaları pozduqlarına görə" Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov daxil olmaqla, bir sıra deputatı 2 və 10 il müddətində cəzalandırmağa qərar verib, AŞPA rəsmən bəyan edib.
Qərara əsasən AŞPA-nın keçmiş sədri və Azərbaycan üzrə sabiq həmməruzəçi Pedro Aqramunt (İspaniya) 10 il, Səməd Seyidov, Cezar Florin Preda (Rumınya) və Jordi Xuclà (İspaniya) isə 2 il müddətinə bəzi hüquqlarından məhrum ediləcəklər.
Bu müddətdə adları çəkilən deputatlar məruzəçi təyin edilməkdən, seçki müşahidə missiyalarında iştirak etməkdən, hərhansı bir komitədə sədr müavini və ya müavin vəzifəsini tutmaqda və assambleyanın prezidentliyinə namizəd olmaqdan məhrum ediləcəklər, bəyanatda bildirilir.
Səməd Seyidov çərşənbə günü keçirdiyi mətbuat konfransında, sanksiyaların "Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət" etdiyini və "başdan ayağa" qərəzli olduğunu iddia edib.
Komitənin qərarı AŞPA-nın Müstəqil İstintaq Qurumunun (MİQ) korrupsiya iddialarına dair araşdırması nəticəsində aprel ayında qəbul olunan qətnamədən sonra atılan ilk addımlardan biridir.
Ötən ildən bəri, MİQ Azərbaycanın bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb.
Qətnamə qəbul olunan iclasda iştirak edən Səməd Seyidov MİQ-in hesabatını sərt etirazla qarşılamışdı.
AŞPA daxilində fəaliyyətlərinə qoyulan məhdudiyyətlərlə yanaşı, dörd deputat həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sual üvanlandırmaq hüququndan və kənarda keçirilən tədbirlərdə AŞPA və ya onun komitələrini təmsil etməkdən məhrum ediliblər.
"Qərəzlidir"
Çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında Səməd Seyidov sanksiyaların qərəzli olduğunu və Azərbaycana qarşı ikili standartların "təzahürü" olduğunu deyib.
MİQ tərəfindən 3 saat dindirildiyini qeyd edən nümayəndə rəhbəri qurumu ona təzyiq göstərməkdə təqsirləndirib.
"Bizə təsir edirdilər, deyirdilər ki, "sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq" və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi", o əlavə edib.
Son bir neçə il ərzində, Azərbaycanın və Avropa Şurası əlaqələrində gərginlik artmaqdadır.
Respublikaçı Alternativ (ReAl) partiyasının sədri İlqar Məmmədovun həbsi və Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına zidd olaraq onu azadlığa buraxmaması ilə yanaşı, Azərbaycan deputatlarına qarşı korrupsiya ittihamları Azərbaycanın AŞ-dakı nüfuzuna ciddi zərbə vurub.
İlqar Məmmədovun azadlığa buraxılmaması nəticəsində Avropa Şurasının Nazirlər Komitəsi dekabr ayında Azərbaycana qarşı pozuntu prosedurunu başladıb.
Azərbaycan isə öhdəliklərini pozmadığını və AİHM-nin qərarında İlqar Məmmədovun azadlığa buraxılmamasının göstərilmədiyini iddia edib.
Korrupsiya ittihamlarına dair istintaq isə bu ilin aprel ayında yekunlaşıb.
Təhqiqat qurumu belə qənaətə gəlib ki, Avropa Şurası Parlament Assambleyasının bir neçə indiki və keçmiş üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.
İstintaqın hesabatında AŞPA-da Azərbaycanın xeyrinə çalışan bir qrup şəxsin olduğu deyilib.
Təhqiqat qurumu AŞPA-nın Azərbaycanla bağlı fəaliyyətinə təsir etmək üçün maliyyə vəsaitlərindən istifadənin iki əsas formasına aid faktları müəyyən edib.
Birinci hal bir sıra keçmiş AŞPA millət vəkillərinin ödənişli lobbiçilik fəaliyyəti ilə bağlıdır.
Digər hal isə birbaşa və ya dolayı Azərbaycanın xeyrinə müxtəlif fəaliyyətlərə təsir göstərmək üçün pul və digər korrupsiya fəaliyyətlərindən istifadəyə aiddir.
Hesabat üzrə hazırlanmış qətnamə AŞPA tərəfindən böyük səs çoxluğu ilə aprelin 26-sı qəbul olunub.
Qaydalar komitəsinin vəzifələrindən biri, qətnamənin tövsiyələrini yerinə yetirməkdir.\\ BBC
HURRİYYET.ORG
Tarix: 17-05-2018, 04:05
Xəbəri paylaş





Xəbər lenti