“İsrail ermənilərin 1918-ci ildə Azərbaycanda Azərbaycan türklərinə və yəhudilərə qarşı həyata keçirdiyi həqiqi soyqırımı tanısa daha ədalətli olar” - politoloq
Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyovun Amerika mətbuatına müsahibəsində Rusiyanın maraqlarından çıxış edən, üstəlik, ermənilərin ürəyindən xəbər verən açıqlamalarla çıxış etməsi Müsavat Partiyasının Milli Şuranın yaradılışı zamanı irəli sürdüyü şərtlərdə nə qədər haqlı olduğunu və qurumu tərk edərkən də düzgün mövqe tutduğunu təsdiqlədi.
ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi səbəbindən Qəzzada baş verənlərə görə, müsəlman əhalinin qırğının həyata keçiriləməsinə Türkiyə sərt etiraz mövqeyi nümayiş etdirməkdədir. Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terrorçu dövlət, 60-dan yuxarı fələstinlinin öldürülməsini, yüzlərlə adamın yaralanmasını isə soyqırımı adlandırıb. Bundan əlavə o, ABŞ və İsraildəki səfirlərini geri çağırıb.
İsraildəki bir sıra dairələr isə ənənəvi hədələmə üsuluna keçiblər. Belə ki, İsrailin təhsil naziri Naftali Bennet Knesseti qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb. N.Bennet bu məsələ ilə bağlı Knessetin spikerinə müraciət etdiyini açıqlayıb. O deyib ki, parlament İsrail hökumətinə 1915-ci ildə ermənilərə qarşı Osmanlı imperiyası zamanında törədilən “soyqırımının” rəsmi şəkildə tanınmasına icazə verməlidir. Bundan əlavə o, İsrail vətəndaşlarını Türkiyəyə səfər etməməyə, baş nazir Benyamin Netanyahunu isə Suriya və Türkiyədə kürdlərin hüquqlarının tanınması məsələsini müzakirə etməyə çağırıb.
İsrailin Kəşfiyyat naziri İsrail Katz isə bildirib ki, “erməni soyqırımı”nı tanımamaq üçün əxlaqi və tarixi baxımdan bir səbəb yoxdur.
İsrailin “erməni soyqırımı”nın tanınması məsələsi son 5 ildə dəfələrlə ortaya atılıb. Nə zaman Türkiyə ilə İsrail arasında münasibətlərdə gərginlik yaranır İsraildən kimsə “erməni soyqırımı” məsələsini ortaya atır və Türkiyəni hədələməyə başlayırlar.
Hər dəfə də hadisələrə soyuq başla və qərəzsiz yanaşan yəhudilərin özləri bunun üçün heç bir əsas olmadığını bəyan ediblər.
2014-2015-ci illərdə bu məsələ daha kəskin şəkildə ortaya atılmışdı. Lakin elə təklif olaraq da havada qaldı. O zaman İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirimişdi ki, İsrail qondarma “erməni soyqırım”ını tanımaq niyyətində deyil: “İsrail demokratik ölkədir və hər kəsin bir deyil, bir neçə fikri ola bilər. Hər bir insanın fərdi fikirləri var. Ancaq hökumətin aydın mövqeyi mövcuddur. Bu məsələyə gəlincə isə İsrail heç vaxt bunu tanımayacaq və tanımaq niyyətində də deyil.
İsrail ilə Türkiyə arasında əməkdaşlıq üçün kifayət qədər ümumi məsələlər və maraqlar mövcuddur. Burada “Türk Hava Yolları”nı misal gətirmək olar. “Türk Hava Yolları” İsraildə fəaliyyət göstərən ən böyük xarici aviaşirkətdir. Turizm, ticarət sahəsində də əməkdaşlıq artan xətt üzrə gedir".
“Erməni soyqırımı” məsələsi 2016-cı ildə İsraildə gündəmə gətiriləndə də buna qarşı çıxan israillilər olmuşdu.
Məsələn, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bildirmişdi ki, qondarma “erməni soyqırımı”nın tanınması məsələsi erməni apostol kilsəsi və İsraildəki erməni icması tərəfindən hər zaman qaldırılır, lakin bu məsələnin heç bir perspektivi yoxdur. İsrail qondarma “erməni soyqırımı”nı tanıya bilməz və tanımamalıdır: “Ermənistanda faşistlərin ”göylərə qaldırılması" Holokosta hörmətsizlik deməkdir. İsraildə anlayırlar ki, 1915-ci il hadisələrini soyqırım adlandırmaq çətindir. Ermənistan antisemitizmin çiçəkləndiyi ölkədir. Ermənistan bu baxımdan MDB məkanında ilk yeri tutur. Bu gün Ermənistanda siyasətçilərin antisemitist bəyanatlarla çıxış etdiyini görürük. Ermənistan monodövlətdir, burada ermənilərdən başqa heç bir millət yaşamır. İsrailin Türkiyə və Azərbaycanla münasibətlərdə provokasiyaya getməsində məna yoxdur".
Bu ilin fevralında isə İsrail Knesseti (Parlament) qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul etməkdən imtina etmişdi. Knesset “Eş Atid” partiyasının sədri Yair Lapidin dəstəklədiyi qondarma “erməni soyqırımı”nı tanımaq barədə qanun layihəsini ilkin səsvermədə rədd edib.
Aradan üç ay keçdikdən sonra indi məsələnin yenidən aktuallaşdırılmasının da perspektivinin olmadığını əksər siyasi təhlilçilər bəyan etməkdədirlər.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq məsələsinin gündəmə gətirilməsi informasiya savaşının tərkib hissəsidir. İsrail əslində bu informasiyanı dövriyyəyə buraxmaqla Türkiyə ilə siyasi bazarlaşmalar etmək istəyir: “İsrail Türkiyəyə demək istəyir ki, bizim bu imkanımız var və biz bunu edə bilərik, ancaq etməyəcəyiksə, bunun qarşılığı olmalıdır. Bu qarşılıq isə Türkiyənin İsraillə münasibətləri, əlaqələri əvvəlki isti məcraya yönəltməsi ola bilər. Hesab edirəm ki, bu istiqamətdə anlaşmalar olacaq, rəsmi qaydada ”erməni soyqırımı"nın tanıması məsələsi baş verməyəcək".
Politoloqun fikrincə, İsrailin “erməni soyqırımı”nı tanımasını tormozlayan faktorlardan, maneələrdən biri də Azərbaycandır: “İsrail Azərbaycanla çox yaxın münasibətlərdədir, Azərbaycanda kompakt şəkildə çoxlu sayda yəhudilər əsirlərdir yaşayır. İsrail bilməmiş deyil ki, ”erməni soyqırımı"nı tanımaq təkcə Türkiyə ilə deyil, Azərbaycanla münasibətlərə çox ciddi zərbə vura bilər. Azərbaycanın torpaqlarını işğal edən Ermənistanın xeyrinə “soyqırımı” tanımaq kimi addımı atmağın Azərbaycanın da maraqlarına zidd olacağını İsrail şübhəsiz ki, bilir. Ona görə də bütün bu faktorlar nəzərə həmişə alınıb və alınacaq. Məncə, İsrail bunu da nəzərə almalıdır ki, ermənilər 1918-ci ilin martında Azərbaycan ərazisində Azərbaycan türkləri ilə yanaşı, Azərbaycan yəhudilərinə də soyqırımı həyata keçiriblər. Qubada yaşayan yəhudilərə qarşı o vaxt ermənilər amansız qırğın törədiblər. Bütün bunlar tarixi faktlardır. İsrail ermənilərin 1918-ci ildə Azərbaycanda Azərbaycan türklərinə və yəhudilərə qarşı həyata keçirdiyi həqiqi soyqırımı tanısa daha ədalətli olar".(“Yeni Müsavat”)