“Müqəddəs yerlərdə çoxlu əcinnə olur”
(Çin ata sözü)
Avropa Şurasında bizim deputat nümayəndə heyətinin şefi Səməd müəllimə nəsə embarqo qoyublar. Doğrusu, AŞ mənim nəzərimdə çoxdandır dünyanın ən səfeh qurumlarından biridir, o üzdən embarqonun mahiyyəti ilə heç maraqlanmadım. Elə hökumətimiz də qətiyyən narahat olmuşa bənzəmir, əksinə, Səməd müəllimə ürək-dirək verirlər. Oqtay müəllim deputatxana tribunasından söz verdi ki, Səməd müəllimin hər il Strasburqa daşıdığı kürüləri və pulları indi onun özünə verəcəklər. Deyəsən embarqo da elə bu cür şeylər üzündən qoyulubdur, avropalıların qəfildən yadına düşüb ki, Azərbaycandan aldıqları rüşvətlər pis imiş.
Səyavuş Novruzov lap qabağa gedib, deyib bizim dində qazancdan pay vermək düzgün sayılır. Yəni, onun sözünə görə hakimiyyətin avropalılara verdiyi rüşvətlər əslində fitrə-zəkat imiş. Vallah, halal olsun. Ola bilsin Səməd müəllimin Strasburq təpələrində apardığı mübarizə də nəsə yeni formada “Xəndək döyüşü” imiş. Müqəddəs savaşdır. Elə Səməd müəllim özü qoyulan embarqodan qürur duyduğunu, hər kəsin bir cəbhədə savaşdığını deyərkən bu müqəddəs şəhidlik yolunu nəzərdə tutur. Vaxtilə Gültəkin xanım da bu savaşda çox qılınc çalmış, axırda şəhid olmuşdur. Asim Mollazadənin daim bu nümayəndə heyətinə salınması isə gözgörəti dini faktorla bağlıdır - adamın soyadına diqqət edin. Orada mollalıq edir, kafirləri haqqın yoluna dəvət edir. (Məni də hacı adıyla göndərmək olar - hökumətin diqqətinə).
İntəhası, Səyavuş müəllimin yozduğu fitrə-zəkatı dinə görə varlı müsəlmanlar kasıb müsəlmanlara verməlidir. Kitabda belənçik həkk olunubdur: varlılar qazancın, malın qırxda birini kasıblara versin. Bəyəm bizim hökumətdən pul alan xarici deputatlar və müşahidəçilər kasıb-kusub, ac-yalavac idilər? Bəlkə Luka Volonte yeddi yetimlə bir dərədə qalmışdı? Yox, əlbəttə. Sənin ölkəndə ünvanlı sosial yardıma ehtiyac duyan minlərlə işsiz varsa, halallığı xaricdə niyə axtarırsan? Üstəlik, dini hədislərdə kürüdən və neft fondundan zəkat verilməsi haqda bir mənbəyə rast gəlinmir.
Ancaq ədalət naminə, bizim hökumətin bu embarqodan, hədiyyələrin adının rüşvətə çıxarılmasından-zaddan təəccüblənməkdə haqqı olmamış deyildir. Doğrudan da bu saat dünyada, müqəddəs bir şey qalmamışdır. Necə deyərlər, hamını alıb-satırlar, sadəcə hərənin öz qiyməti vardır. Necə olur axı, o boyda Almaniyanın kansleri olmuş Gerhard Şröder (sözgəlişi, 74 yaşı var, saçına boya vurur) rusların “Qazprom”, “Rosneft” şirkətlərində çirkli pullara işləyə bilir, bizim hökumət Strasburqda itə-qurda 1-2 milyon paylaya bilmir? Nə təhər olar ki, 800 illik demokratiya tarixi olan Britaniyanın baş naziri işləmiş Toni Bleyer Bakının Qaradağ rayonunda hansısa qotur zavodun açılışına gəlmək üçün 50 min dollar alar (insafən sonra burnundan gətirdilər), bizimkilər Pedro Aqramuntun vedrəsinə kürü doldura bilməz? Hələ mən dünya demokratiyasının beşiyi, keşiyi, nə bilim, qara deşiyi olan ABŞ-ı demirəm... Rüşvəti lobbi adıyla qanuna salıblar, a kişi. Puluna minnət, hansı qanunu istəsən bas konqresə, senata. Dünənə qədər “gözəllik müsabiqəsi” adıyla de-fakto qadın alveriylə məşğul, Moskvada bambılı müsabiqələrdə kəkilini yan darayıb gəzən bir alverçini özlərinə prezident seçiblər, indi ona-buna ağıl, mərifət öyrədirlər.
Müqəddəs yer boş qalmır - belə deyib müdriklər. İndi Səməd müəllimin də bu müqəddəs cihadımızdakı yeri boş qalmayacaqdır, Hacıbala müəllim demişkən, əmin olun.
Yeri gəlmişkən, bugünlərdə internetdə Bakının mərkəzi küçələrinin sakinləri adından bir şikayətnamə oxudum, nə yalan deyim, ləzzət aldım. Hörmətli sakinlər deyirlər küçəmiz fahişəxanaya dönübdür, barda qadın alveri gedir, musiqi qulaq batırır, nə bilim, ərəb turist küçəni batırır və sairə. Deyəsən oralarda Sodom və Qomorranın balaca filialı açılıbdır. Mübarək olsun. Bəs bu adamlar nə gözləyirdilər? Vaxtilə müxalifət partiyaları, qəzet redaksiyaları, teatrlar, nə bilim, sadə insanlar mərkəzdən vurulub çıxarılanda bu adamlar divanda uzanıb hərdən gərnəşirdilər. Asudə vaxtlarında isə balkona çıxıb “Eti çuşki muxalifətçilər nə istəyir axı” deyinirdilər. Elə bilirdilər dünya elə bu cür gəlib gedəcəkdir. Ay hay... Axı ora müqəddəs yerdir! Boş saxlamaq olmazdı. Arzu edirəm bütün mərkəzi küçələr bar olsun. İlahi, amin!
İndi söz əlaqədar təşkilatlarındır - müqəddəs yerləri çoxaldın.