Prezident İlham Əliyev aprelin 23-də hökuməti tam formalaşdırıb başa çatdırsa da, nazirlik və komitələrdə ciddi kadr dəyişiklikləri davam edir. Yada salaq ki, prezidentin fərmanları ilə üç nazir, 3 komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular.
İlham Əliyevin 7 illik prezidentlik müddətində qarşıya qoyduğu əsas məqsədlərdən biri, əlbəttə ki, çevik hökumətlə Azərbaycanın qeyri-neft sektorunun inkişafına nail olmaq, əhalinin sosial təminatı və ölkənin müdafiə qüdrətinin artırılmasıdır. Belə görünür ki, nazir portfeli alan kadrları əvvəlcədən qəbul edən prezident onlara qarşıya qoyulan vəzifələri icra etmək üçün öz komandalarını qurmaq və əvvəlki, yumşaq desək, “köklü kadrları” işdən uzaqlaşdırmaq sərbəstliyi verib. Bu, yeni nazirlərin ilk gündən başladığı və hələ də davam edən kadr təyinatlarından da aşkar hiss olunmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətində ilk dəfədir ki, (MTN çetesinin ifşasını nəzərə alsaq belə) “yuxarıdan” başlamış belə əhatəli və ciddi kadr dəyişiklikləri aparılır. Müşahidələr göstərir ki, bu həm də nazirlik və komitələrdə masştablı bir “təmizləmə əməliyyatıdır”. Doğrudur, hələ ki işdən uzaqlaşdırılanların əksəriyyəti ilə bağlı korrupsiya iddiaları rəsmilər tərəfindən təsdiqlənməyib, qalmaqallı həbslər də yoxdur. Amma istisna deyil ki, bu da baş versin. Hakimiyyətin bu məsələdə nəzərəçarpan səbri dəyişikliklər prosesin tam başa çatması ilə də bağlı ola bilər.
“Yeni Müsavat”ın özəl qaynaqlardan əldə etdiyi məlumata görə, iyun ayında da hakimiyyət komandasında ciddi dəyişikliklər gözlənilir. Məlumdur ki, paytaxt Bakıya icra başçısı təyinatı hələ olmayıb. Aprelin 21-də Hacıbala Abutalıbov baş nazirinin müavini vəzifəsinə təyin edildikdən sonra bu vəzifə vakant qalıb.
2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Abutalıbovun paytaxta rəhbərlikdən uzaqlaşdırılması şübhəsiz ki, hakimiyyətin xüsusi dəyişiklik planı ilə bağlıdır. Bu planın detalları ilə bağlı iddialar var, hətta Abutalıbovun boşaldılmış postuna müxtəlif şəxslərin adı da çəkilir. Amma mənbəmiz deyir ki, iqtidarın Bakı ilə bağlı planları təkcə bu posta layiqli kadr təyin etməklə məhdudlaşmır. Belə ki, Bakının Baş planından tutmuş idarəetməyə, bina və obyektlərin tikintisinə nəzarətə qədər xüsusi strategiya hazırlanır. Abutalıbovun idarəetməyə başladığı dövr paytaxt həqiqət də “çadır və budkalar şəhərinə” bənzəyirdi.
O, xüsusilə küçə ticarətində qayda-qanun yarada bildi. Amma son illər meqapolisə çevrilən, turistlərin axın etdiyi və dünyanın diqqətində olan bir modern şəhərə rəhbərlik etməyə “nəfəsi” çatmadı. Mənbənin dediyinə görə, bu ayın ilk ongünlüyündə BŞİH-ə artıq yeni rəhbər təyin ediləcək, o cümlədən burada da ciddi kadr islahatları aparılacaq, bir neçə struktur birləşdiriləcək və çevik şəhər idarəetməsi metoduna keçiləcək. Qaynağımız deyib ki, meriya müxalifətin sayəsində (mitinqlər üçün müraciət nəzərdə tutulur-Y.M.) oluşan “siyasi post” statusundan tam çıxarılacaq və bütün diqqət infrastruktura və idarəçiliyə yönələcək.
Aydındır ki, hakimiyyət Bakının təkcə əhəmiyyətli tədbirlərin təşkilatçısı kimi deyil, həm də turistik zona kimi daha da cəlbedici olmasını istəyir. Bu xəbərlərdən sonra BŞİH-ə rəhbər təyinatının (birinci müavin postu da vakantdır) bu qədər yubadılmasının səbəbləri üzə çıxar. Amma mənbəmizin iddiası bu yöndədir ki, yaxın 10 gündə Bakının yeni icra başçısının adı hamıya məlum olacaq. Yeri gəlmişkən, Binəqədi rayonuna da icra başçısı təyinatı gözlənilir. Yada salaq ki, inzibati ərazisində 5 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May, 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar), 103 sənaye müəssisəsi fəaliyyət göstərdiyi, ən çox əhali yaşayan rayonlardan biridir. Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılmasından sonra bu posta da təyinat yoxdur. Mənbəmiz deyir ki, bu rayona da şəhər təsərrüfatını yaxşı bilən kadrın təyinatı gözlənilir. Mənbə yay mövsümündə təkcə mərkəzi hakimiyyətdə deyil, əyalətlərdə də ciddi kadr dəyişikliyi olacağını iddia edir. Söhbət rayon və şəhər icra hakimiyyətlərinin başçılarından gedir. İslahatların onlardan da yan keçməyəcəyi şübhəsizdir. Çünki prezident İlham Əliyev dəfələrlə işini düzgün qurmayan icra başçılarına xəbərdarlıq edib. İsti yay bu gündən başlayır. Hakimiyyət üçün də...(“Yeni Müsavat”)