İrəvandan müharibəyə YAŞIL İŞIQ, yox etmək TƏCRÜBƏSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan Moskvaya səfər edəcək. Suriyada İranla bağlı silahlı qruplaşmalar İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar. ABŞ Baş Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi Çini təhdid edib. ABŞ prezidentinin alüminium və polad idxalına tətbiq etdiyi gömrük vergisi bugündən qüvvəyə minib. Pentaqon Cənubi Koreya və Yaponiyanın müdafiəsi üçün nüvə silahı istifadə etməyə hazır olduğunu bəyan edib.

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək. Bu barədə Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom Kojin deyib.

Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək.

“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın son təyinatları Moskvada suallar yaradıb. Çünki yeni təyin olunan kadrların əksəriyyəti rusofoblardır. Misal üçün, “Moskva komsomolçusu” nəşri “niyə mülayim Paşinaynın komandasında bu qədər rusofob var?” sualını manşetə çıxarıb. “Eadaily” saytı isə “Paşinyanın komandasında rusofoblar: Soros “erməniyönümlü” baş nazirin gəmisini yönəldir” deyə yazıb.



Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçüləri İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırırlar. Bu haqda İsrailin “Jerusalem Post” qəzeti bildirib.

Nəşrin yazdığına görə, xüsusi halda, İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl İsrailin “Kanal 10” televiziyasının yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Razılaşmaya görə, İran, “Hizbullah” və ya Tehrana bağlı olan hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.



İran parlamenti İŞİD terror qruplaşmasının Tehranda törətdiyi terror aktları ilə əlaqədar ABŞ-ı məhkəməyə verməyə hazırlaşır. İran məhkəmə iddiasında ABŞ prezidenti Donald Trampın seçkiqabağı niqtlərindən istifadə edəcək.

Belə ki, Tramp seçkiqabağı kampaniyasında dəfələrlə iddia edib ki, İŞİD-i Barak Obama (həmin dövrün prezidenti) və Hillari Klinton (sabiq dövlət katibi) yaradıblar.

Xatırladaq ki, 2017-ci ilin iyununda İŞİD döyüşçüləri parlament binasına və İran İslam Respublikasının banisi Xomeyninin məqbərəsinə hücum ediblər. Terror aktları nəticəsində 10-dan çox insan ölüb.

ABŞ Baş Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi Çini təhdid edib. Çinin Cənubi Çin dənizində yerləşən adaları silahlandırmasını şərh edən general-leytenant ABŞ ordusunun Qərbi Sakit okeanında kiçik adaları yox etməkdə təcrübəli olduğunu deyib.

“II Dünya müharibəsində kiçik və təcrid edilmiş adaları yox etmək mövzusunda böyük təcrübə əldə etdiyimiz bir gerçəkdir. Bu, ABŞ ordusunun daha əvvəl də etdiyi etdiyi bir işdir”, - Makkenzi bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində Amerika kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC telekanalının xəbərinə görə, Çin Cənubi Çin dənizində yerləşən mübahisəli adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket komplekslərini gizli qurub.



ABŞ Prezidenti Trampın ölkəyə alüminium və polad idxalına tətbiq etdiyi gömrük vergisi bugündən qüvvəyə minib. Vergi Avropa, Meksika və Kanadaya tətbiq edilib.

“Polşada Amerika hərbi kontingenti daimi olarsa, Belarus öz ərazisində Rusiyanın hərbi bazasının yerləşdirilməsinə icazə verə bilər”. “Amerikanın Səsi” radiosunun məlumatına görə, bu haqda Brüsseldə Belarusun xarici işlər naziri Vladimir Makey bildirdi.



ABŞ bütün hərbi vasitələrindən Cənubi Koreya və Yaponiyanın müdafiəsi üçün istifadə etməyə hazırdır. Bunu Cənubi Koreya və Yaponiyadan olan həmkarları ilə görüşü zamanı ABŞ Baş Qərargah rəisi Cozef Danford deyib. Danford hər iki ölkənin müdafiəsi üçün hətta nüvə silahından istifadə edilə biləcəyini deyib.

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş ola bilər. Bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, belə görüş ola bilər. Onun modallığı və vaxtı diplomatik kanallar üzrə uyğunlaşdırılacaq”, - o deyib.

Qeyd edək ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Kim Çen In arasında Pxenyanda görüş keçirilib.

“Rusiya prezidenti Vladimir Putinin Donbasdan qoşunlarını çıxarması üçün Ukraynanın qərb partnyorları Moskvaya qarşı sanksiyaları gücləndirməli və müxtəlif beynəlxalq strukturlarda iştirakını məhdudlaşdırmalıdır”. Bunu “Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert, general-leytenant Vasiliy Boqdan deyib.


Tarix: 1-06-2018, 22:19
Xəbəri paylaş





Xəbər lenti