“Paşinyanın Tiflis səfəri “Üçlər”ə qarşı yönəlib” - Müsahibə



Hərbi ekspert Azad İsazadə Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Azad bəy, mayın 31-dən iyunun 1-ə keçən gecə Tiflisdə keçirilən aksiyada ölkənin baş nazirinin çıxışına imkan verilməyib və o, istefaya çağrılıb. Giorgi Kvirikaşvilinin istefaya getməsi gözləniləndirmi?
– Fikir verirsinizsə, bu gün səhərdən etibarən, etirazçılar təkcə baş nazirin deyil, Bidzina İvanaşvilinin fotosunun üzərindən xətt çəkilmiş plakatlar qaldırıblar. Aydındır ki, İvanişvili respublikanın qeyri-rəsmi rəhbəri hesab olunur. O, hətta yenidən iqtidar partiyasının rəhbəri oldu. Etirazlara səbəb iki məktəblinin öldürülməsidir. Qətl törədənlərdən biri prokurorluq orqanının işçisinin oğlu olduğu üçün onu istintaqdan uzaqlaşdırıblar. Etiraz buradan başladı. Amma sonra – dünən axşamdan başlayaraq, bu gün səhərədək davam edən kütləvi aksiya, sözsüz ki, iqtidardan digər narazıları da öz sıralarına topladı.

Buna Ermənistanda gedən proseslərin də təsir göstərdiyini istisna etmək olmaz. Gürcülər düşünürlər ki, qonşu dövlətdə belə bir proses baş veribsə, bizdə niyə baş verməsin? Kim nədən narazıdırsa, küçəyə çıxıb öz narazılığını bildirib. Bu gün baş nazirin istefa verib-verməyəcəyini demək tezdir. Ancaq aksiyalar davam etsə və kütləvi etirazlara daha çox insan qatılsa, Gürcüstanda vəziyyət dəyişə bilər. Biz Saakaşvili amilini də yaddan çıxarmamalıyıq. O da bu iqtidarla mübarizə aparır və dəfələrlə deyib ki, qayıdacaq və Gürcüstanda siyasi vəziyyəti dəyişəcək. Aksiyalar davam etsə, nəinki baş nazirin dəyişiləcəyini, hətta Ermənistandakı vəziyyətin təkrarlanacağını istisna etmirəm. Bunun nəticəsində Gürcüstanda ümumi siyasi durum dəyişə bilər.

– Son vaxtlar Gürcüstanda ümumən vəziyyətin gərginləşdiyi hiss olunur. Bundan öncə Tiflis polisinin şəhərdə gecə barları ilə bağlı keçirdiyi əməliyyatlar böyük etiraz aksiyasına səbəb olmuşdu. Sanki Gürcüstan yeni bir inqilaba hamilədir…
– Belə deyək, hansısa elementlər var. Amma yaddan çıxarmayaq ki, inqilaba hamiləlikdən əlavə xaricdən də hansısa dəstək olanda proses daha tez baş verir. Gürcüstanın indiki iqtidarı Rusiyanı daha çox qane edir, nəinki Mixail Saakaşvili və onun tərəfdarları. Gürcüstanın indiki rəhbərliyi Qərbi də qane edir. Saakaşvili və onun tərəfdarları qayıtsa, Qərb üçün daha əlverişlidir. Çünki Gürcüstan NATO-ya istiqamət götürüb, Avropa ilə inteqrasiyaya gedir. Amma Rusiya üçün tərsinədir. İndiki iqtidar hər iki tərəf üçün neytraldır. Nisbətən qərbmeyillidir. Hər iki tərəf qorxur ki, dəyişiklik olsa, daha radikal qüvvə gələcək. Ona görə də istisna etmirəm ki, hər iki güc mərkəzi indiki iqtidara dəstək verə bilər. Aksiyaların davamlılığından və kütləvi xarakter daşımasından çox şey asılıdır. Bu etirazlara xaricdən dəstək olmasa, yəqin ki yavaş-yavaş sönəcək. Yaxud, kütlənin həddən artıq aktiv olduğunu görsələr, hansısa güc mərkəzləri istər-istəməz vacib regiondakı aksiyalara ya yardım göstərməyə, ya da əks tədbirlər görməyə çalışacaqlar. Yaxın aylarda Gürcüstanda vəziyyət doğrudan da bir qədər gərginləşə bilər. Bunun əlamətləri mövcuddur.

– Əgər Gürcüstanın indiki iqtidarı Rusiyanı daha çox qane edirsə, o zaman Suriya hökuməti nədən Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi”ni tanıdı? Dəməşqin bu addımı Rusiya ilə məsləhətləşmədən atdığını söyləmək çox çətindir axı…
– Bu addımın atılması məsləhətləşmə deyil, birmənalı şəkildə, birbaşa Rusiyanın təklifi və əmri idi. Hardasa Gürcüstana təzyiq davam edir. İndiki iqtidar, məsələn Serj Sərkisyan və onun komandası kimi tam ruspərəst deyil. Təzyiq NATO ilə, Avropaya inteqrasiya ilə bağlıdır. Rusiya o birilərin əli ilə Gürcüstana təzyiq göstərir ki, o, həddən artıq uzaqlaşmasın. Amma yenə də başa düşür ki, əvəzində hakimiyyətə daha kəskin, daha müxalif qüvvələr gələ bilər. Ona görə İvanaşviliyə qarşı aksiyalar başlayıbsa, bu, Rusiyaya qarşı aksiyalardır.

– Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Gürcüstana səfərini ümumən necə qiymətləndirirsiniz?
– Cənubi Qafqazda istər-istəməz bir üçlük yaranıb. Bunlar Azərbaycan, Gürcüstan və Türkiyədir. Bizi çoxlu ortaq regional layihələr birləşdirir. “Üçlük” arasında Türkiyə və Azərbaycanı özünə düşmən hesab edən Ermənistan üçün yalnız Gürcüstan qalır. İrəvan bu “üçlük”ü bir qədər zəiflətmək, Gürcüstanla əlaqəni bərpa etmək, dəmiryolunun inkişafına nail olmaq, o cümlədən iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Qərbyönümlü rəhbərlik gəlib və demək, gələcəkdə İranla da münasibətlərin pozulması da istisna olunmur. Başa düşürlər ki, Gürcüstanla da əlaqəni pozsalar, bu zaman Ermənistanın dünyaya yeganə çıxışı Gürcüstan üzərindən olur. Ona görə də ilk növbədə Gürcüstanla əməkdaşlığı genişləndirməyə və Cənubi Qafqazda özlərinə müttəfiq tapmağa çalışırlar. Sözsüz ki, ilk növbədə Ermənistanın Gürcüstanla əməkdaşlığı inkişaf etdirmək istəyi ilk növbədə Azərbaycana və hardasa Türkiyəyə qarşıdır.

– Bəs Ermənistan baş nazirinin Samsxe-Cavaxetiya bölgəsinə səfərini necə qiymətləndirirsiz? Belə bir məlumat var ki, Gürcüstan hökuməti indiyədək Ermənistanın yüksək çinli məmurlarından heç kimə sözügedən bölgəyə səfər etməyə icazə verməyib. Bu mənada Paşinyana belə bir imkan yaradılması nə ilə bağlı ola bilər?
– Doğrusu, mən Ermənistanın yüksək vəzifəli şəxslərindən kimlərinsə indiyədək Samsxe-Cavaxetiyada olub-olmamasını deyə bilmərəm. Ancaq təxminən bir il öncə Cavaxetiyada doğulub-böyümüş, hazırda İrəvanda fəaliyyət göstərən politoloqu ermənilər Gürcüstana səfir təyin etmək istəyəndə Tiflis onu qəbul etmədi. Demək, Gürcüstan öz maraqlarını qoruyur. Biz bilmirik, onlar nədən danışıblar, nədə razılaşıblar və sair. Bəlkə də Paşinyan Cavaxetiyaya erməniləri sakitləşdirməyə gedib. Bəlkə də ermənilərə deyib ki, hələlik Gürcüstanın əleyhinə çıxış etməyin. Nə baş verdiyini bilmirik. Amma Cavaxetiya sözsüz ki, Gürcüstan üçün çox ağrılı bir nöqtədir. Cavaxetiya Abxaziya və Cənubi Osetiyadan sonra Gürcüstan üçün daha təhlükəlidir, nəinki məsələn, azərbaycanlıların yaşadığı Borçalı bölgəsi. Orda azərbaycanlılar dinc yaşayır və heç bir separatçı hərəkətlər etmirlər. Ermənilər isə edirlər. Ona görə də bu gün Cavaxetiyada yaşayan ermənilər Gürcüstan üçün təhlükəli bir amildir. Ən azı başağrısıdır. Bəlkə də daha böyük ağrıdır.

– Separatçı abxazlar və Gürcüstan hökuməti arasında 1992-1993-cü illərdə hərbi münaqişə yaşanan zaman “Krunk” və “Maştots” kimi erməni təşkilatları dərhal “mədəni-maarifçilik” təyinatlarını bir kənara qoyub və onların bazasında Baqramyan batalyonu – gürcülərə qarşı xüsusi qəddarlığı ilə seçilən hərbi hissə yaradılıb. Onların əli ilə Abxaziyada etnik gürcülərdən ibarət minlərlə dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib. Bu məqam Gürcüstan-Ermənistan münasibətlərinə necə təsir edir?
– Abxaziyada erməni faktoru həddən artıq böyükdür. Birincisi, əhali arasında ermənilərin sayı da faiz baxımından çoxalır. Əsasən, Ermənistandan köçənlər və sair. Bundan başqa bu, böyük bir qüvvə idi və qeyd etdiyiniz döyüşlərdə erməni batalyonu aktiv iştirak edib. Amma Abxaziyada gürcülərə qarşı döyüşənlər təkcə ermənilər deyildi. Abxaz ordusunun Baş qərargah rəisi rəhmətlik Şamil Basayev idi. İllər keçəndən sonra Şamil gürcü xalqından üzr istədi. Bildirdi ki, orda rusların xeyrinə döyüşdüyünü bilməyib. Bu, artıq tarixdir. Ancaq gürcülər onu başa düşürlər ki, ətrafda hamı ilə düşmən kimi yaşamaq çətindir və hələlik bu acı tarixi fakta göz yumurlar.


Tarix: 1-06-2018, 22:22
Xəbəri paylaş





Xəbər lenti