Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin Azərbaycana səfəri başa çatıb. Avropalı komissarın səfər çərçivəsində rəsmilərlə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, ölkə müxalifəti ilə görüşüb-görüşmədiyi məlum deyil. Bu barədə xəbərlər də yayılmayıb.
G.Ottinger səfərinin yekunları barədə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunmayıb.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli avropalı komissarın Bakıya gəlişinin qeyri-rəsmi olduğunu söylədi: “O rəsmi mandatla Bakıya gəlməyib. Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən müxtəlif tədbirlərə qatılmaq və ADA Universitetində çıxış üçün Azərbaycana gəlmişdi. Xarici nümayəndələr rəsmi səfər olmayanda siyasi partiyalar, vətəndaş cəmiyyəti ilə görüşmürlər. Bu səfərin Azərbaycanla Avropa İttifaqı arasında sazişin bağlanması üçün aparılan danışıqlar çərçivəsində baş tutduğunu düşünmürəm. Çünki bir neçə həftə öncə böyük bir nümayəndə heyəti Bakıya gəldi, ölkə başçısı, müəyyən nazirliklərlə, parlament üzvləri ilə görüşləri oldu.
O görüşlərlə müqayisədə bu səfər zamanı keçirilən görüşü qeyri-rəsmi kimi səciyyələndirmək olar. Təəssüflər olsun ki, Cümhuriyyətin yüz illiyi ilə bağlı keçirilən tədbirlər beynəlxalq səviyyədə olmadı. Gürcüstan və Ermənistandan fərqli olaraq, yüz illiklə bağlı Azərbaycana azsaylı xarici qonaqlar gəldi. Xaricdən demək olar ki, yalnız təbrik məktubları gəldi. Amma Gürcüstana Avropa Komissiyasının prezidenti, 5 Avropa Birliyi ölkəsinin rəhbəri gəldi. Azərbaycan üçün yaxşı imkan yaranmışdı ki, xarici qonaqlar ölkəmizə dəvət olunsun. Açığı, bu səfəri əlamətdar hadisə hesab etmirəm”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Günter Ottingerlə görüşməsələr də, onun yaxın nümayəndələri ilə görüşdüklərini qeyd etdi: “Onların ayrı-ayrı nümayəndələri ilə görüşdük. Məsələn, gender məsələləri və insan haqları üzrə nümayəndələrlə görüşdük. Çox yüksək səviyyədə görüş oldu. Qadınlarla bağlı onlara çoxsaylı informasiyalar verdik. Onların Azərbaycana səfərinin əhəmiyyəti yüksəkdir”.
Vətəndaş cəmiyyətinin nümayəndələrindən olan yazıçı-publisist Mehriban Vəzir də bu görüşlərdə iştirak edib: “Günter Ottingerin siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə nə üçün görüşmədiyi barədə bir söz deyə bilmərəm. Bu onun şəxsi seçimidir. Belə görüşlərdən bir nəticə gözləmirəm. Biz vətəndaş cəmiyyətin problemləri ilə bağlı danışdıq. Onlar bizdən təkliflər gözləyir, problemləri bilmək istəyirdilər. Öz fikirlərimizi dedik. İki saatlıq normal bir fikir mübadiləsi oldu. Şəxsən mən belə görüşlərə böyük ümidlər bəsləmirəm. Sıradan bir görüş idi. Onlar hər zaman gəlirlər. Ümidlərimizin belə görüşlərə bağlanmasının tərəfdarı deyiləm. Vətəndaş cəmiyyəti istənilən halda beynəlxalq əlaqələrini canlı saxlamalıdır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”