Müxalifətdən REAL-çılara DƏSTƏK


May ayının 28-də Bakıda “Cümhuriyyət yürüşü” təşkil edən REAL Partiyasının Məclis üzvü Azər Qasımlının həbsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ölkədə fəaliyyət göstərən siyasi partiya təmsilçiləri də məsələyə biganə qalmayıb. Bu barədə “Cümhuriyət” qəzetinə açıqlama verən partiya rəsmiləri həbs məsələsində daha loyal mövqe sərgilənməli olduğunu önə çəkiblər. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayevqəzetimizə açıqlamasında deyib ki, təmsil olunduğu partiya bu tip həbsləri pisləyir:

“Həbslərə son qoyulmalı, daha loyal mövqe sərgilənməlidir. Partiyamızın REAL-la münasibətləri “isti” olmasa da, Azər Qasımlının həbsini birmənalı şəkildə pisləyirik.  

Azər bəy dərhal azad edilməlidir. Nəzərə alınmalıdır ki, bu həbslər beynəlxalq imicə də zərbədir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü  Əli Orucovun sözlərinə görə, təkcə Azər Qasımlı deyil, digər REAL-çılar da həbs ediliblər:

“Hamısını da polisə müqavimət göstərməkdə günahlandırıblar. Təbii ki, bunlar normal qarşılana bilməz. Azərbaycanda insanların siyasi fəaliyyətinə qadağa qoymaq onun elementar hüquqlarının həyata keçirilməməsinə imkan verməməkdir. Bu, həm də ölkəmizin beynəlxal imicinə də yaxşı heç nə vəd etmir. Bu halı pisləyirik. Təbii ki, belə hadisələrə yol vermək olmaz. Siyasi rəqabət olmalı, ölkədə siyasi partiyaların fəaliyyətinə imkan yaradılmalıdır. Yoxsa bu həbslərlə biz hara gedirik?”

Ağ Partiyanın sədri Tural Abbaslı qeyd edib ki, bu cür həbslər  yaxşı hal deyil:

“Azər Qasımlıdan sonra 3-4 nəfər də həbs edildi. Onların  heç bir səbəb və siyasi zəmin olmadan həbsi düzgün deyil. Guya ki, polisə tabe olmayıblar. Əslində isə əsas səbəb hər kəsə məlumdur. Nəzərə alaq ki, həmin gün küçələrə çıxan insanlar nə müxalifət, nə də iqtidar tərəfdarlarıdır. Ona görə də insanların narazılığına səbəb ola biləcək addımlar atılmamalıdır. Təbii ki, haqsız yerə həbs olunan insanlar dərhal azadlığa buraxılmalıdır”.

Məlumat üçün bildirək ki, mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib. Qeyd edək ki, polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi. Bundan əlavə isə mayın 30-da REAL Partiyası Ali Məclisinin üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib. Onların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.(Cebhe.info)


Tarix: 2-06-2018, 12:02
Xəbəri paylaş





Xəbər lenti