Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terror təşkilatının əsas bazası olan Afrini “Zeytun budağı” hərəkatı ilə təmizlədikdən sonra İraqın şimalında PKK düşərgələrinə qarşı əməliyyatlara başlayıb.
Publika.az “Habertürk”ə istinadən xəbər verir ki, müvəffəqiyyətli əməliyyatlarla İraqın şimalında Hakurk, Bermize, Kalereş və Sidekan yaşayış məntəqələrinin yerləşdiyi Bradost bölgəsində nəzarət tamamilə təmin edilib.
Bununla da, Türkiyə ordusu Şimali İraqda 22 kilometr dərinliyə çatıb. Bradost bölgəsi Şəmdinli xəttindən Hakkari, Van, Ağrı, Bitlis Ərzurum, Ərzincan və Ermənistana qədər uzanan ərazidə bir keçid bazası olaraq istifadə edilirdi. Bölgədə nəzarətin təmin edilməsi bu xətdən keçidlərin qarşısını kəsəcək.
Bradostda 2 aydır aparılan əməliyyatların gedişatında PKK-nın 14 yüksək vəzifəli idarəçisi bölgəni tərk edib. Bölgədəki mənbələrin məlumatına görə, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə sızmağa hazırlaşan 2 minə yaxın terrorçu buna nail olmadan Qəndilə dönüb. Yerli mənbələr terror təşkilatının Bradostda xeyli itki verdiyini bldirirlər.
“Silah-sursat toplanılan bazalar boşaldı. Xüsusən, Hakurk düşərgəsi və bazalar Türkiyəyə keçişlər üçün strateji baza rolunu oynayırdı. Ancaq indi bölgədəki terrorçular Qəndilə qayıdıblar. Kiçik qrupların Türkiyəyə sızmasının qarşısı da alındı”, - yerli mənbələr deyiblər.
Bradost-Sidekan bölgəsində əməliyyatların sıxlaşdığı bir vaxtda, Türkiyə Silahlı Qüvvələri terror təşkilatının əsas qərargahı olan Qəndilin ən kritik qapısı və keçid nöqtəsi Barazgir vadisinə çatıblar. Barazgir vadisinin PKK üçün strateji əhəmiyyət daşıdığı bildirilir. Vadi Qəndildən Suriyanın şimalı və Sincara keçişlər üçün istifadə olunur. Bradost bölgəsində nəzarətin təmin olunması ilə şimal keçid xəttinin qarşısının alındığı halda, Qəndilə açılan Barazgirdə nəzarət təmin olunduğu halda, Sincar və Suriyaya keçid xətti bağlanacaq.
Məlumata görə, İran Silahlı qüvvələrinin Baş qərargahı Qəndilin İranla sərhəd xəttində yerləşən kəndləri gələn həftənin çərşənbə axşamına kimi boşaldacaq. Bölgədə silah-sursat toplayan İran əməliyyatın gedişatında Türkiyəyə dəstək verəcək.