Sülhəddin ƏKBƏR,
Azad Demokratlar Partiyasının sədri
Xüsusi olaraq Strateq.az üçün
… 2001-ci ilin 11 sentyabrından sonra regionda səhnəyə qoyulan yeni böyük geopolitik oyunun növbəti pərdəsinin başlaması ilə Azərbaycan məsələsinin də beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları, nəhayət ki, üzə çıxdı. Onun ilk açıq əlamətləri ABŞ və Fransa prezidentlərinin Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanlı həmkarlarına göndərdiyi məktubda “Dağlıq Qarabağ məsələsi” ilə bağlı verdiyi mesajlarda göründü.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi təbrik məktubunda açıq şəkildə deyilir: “…Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”.
Bu açıq mesajlar, eyni zamanda hər iki həmsədr dövlətin Xarici İşlər nazirlərinin verdiyi tamamlayıcı bəyanatlar, gec də olsa, rəsmi Bakının, eyni zamanda hamımızın “qarşıdan gələn aylar”da nələrin baş verə biləcəyi haqqında ciddi düşünməsini tələb edir…
Bu yazıda da, əsasən, “İran məsələsi”nin və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsi məsələsinin faktiki olaraq aktuallaşacağı halda, hadisələrin mümkün perspektiv inkişaf variantlarına və Azərbaycan Respublikasının nə etməli olduğuna baxacağıq.
Əslində, Azərbaycan məsələsinin gündəliyə gəlməsi, xüsusən də İran məsələsinin gündəliyə gəlməsi kontekstində, gözlənilirdi. Bu, bir daha hər iki məsələnin bir-birilə üzvi şəkildə bağlı olduğunu, Azərbaycan məsələsinin İran məsələsinin tərkib hissələrindən biri, eyni zamanda ən başlıcası olduğunu göstərir.
Təbii ki, o da səbəbsiz deyildir. Onun tarixi, coğrafi, milli, dini, ümummədəni strateji dərin səbəblərilə bərabər, üst (geopolitik, geostrateji, geoekonomik və geokültürəl) və alt səviyyəli (siyasi, hərbi, iqtisadi və mədəni) çoxsaylı səbəbləri mövcuddur. Cəmi iki yüz il bundan öncə türklərin hakim olduğu vahid bir dövlət tərkibində olan Şimali və Cənubi Azərbaycanın, yüz il bundan öncə dövlət müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin və Qacarlar Dövlətinin, eyni zamanda bugünkü Azərbaycan Respublikası və İran İslam Respublikasının geopolitik taleləri, tarixi-siaysi inkişaf yolları, təəssüf ki, zorla – öncə Rusiya İmperiyasının (I (1804-1813-cü illər) və II (1826-1828-ci illər) Rusiya-İran müharibələri nəticəsində), ardınca da Sovet Rusiyasının müdaxiləsilə ayrılmışdır.
Yeni dünya nizamının, qlobal geopolitik balansın və beynəlxalq münasibətlər sisteminin qurulduğu, xüsusən də Iran (regional) və Rusiya (strateji) məsələlərinin eynizamanlı olaraq gündəliyə gəldiyi hazırkı dövrdə bu iki məsələnin – İran və Azərbaycan (həmçinin Azərbaycan Respublikası) məsələlərinin eynizamanlı olaraq gündəliyə gəlməsi nəinki gözlənilməz olmamalıdı, tam əksinə gözlənilməliydi.
İran və Rusiya kimi iki böyük məsələnin eyni zamanda aktuallaşdığı bir dövrdə onların arasında – həlledici strateji mövqedə yerləşən Azərbaycanın, həmçinin Azərbaycan Respublikasının gündəliyə gəlməməsi necə gözlənilməyə bilər? Bunu yalnız tarix və coğrafiyadan bixəbər nadanlar, siyasi baxımdan anlaqsız durumda olanlar “düşünə” bilər.
Nəhayət, özündə çoxsaylı, çoxyönlü və müxtəlif səviyyəli, xüsusən də yüksək səviyyəli təhlükələr, eyni zamanda, təhlükəli olsa da, fürsət və imkanlar daşıyan bu proses başlayıb artıq…
Nələr gözlənilir?
İndi öz cavabını gözləyən əsas suallardan biri budur: regiona, o cümlədən Azərbaycan Respublikasına yönəlik nələr gözlənilir?
Təbii, bu, üst və alt səviyyələrdə çox yönü – geopolitik, geostrateji, geoekonomik və geokültürəl, həmçinin siyasi, hərbi, iqtisadi və mədəni yönləri olan kompleks bir sualdır. Və bu sual geniş və dərin cavab tələb edir. Lakin biz burada bu suala dar kontekstdə, onun konkret bir məsələ – Ermənistan-Azərbaycan münaqişəsi (əslində Rusiyanın Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikası və qondarma DQR-in vəkilliyilə apardığı vəkalət müharibəsi) ilə bağlı olan hissəsinə ilkin və səthi olaraq cavab verməyə çalışacağıq.
Bu suala cavab vermək üçün ilk növbədə mövcud şəraitdə və yaxın perspektivdə əsas regional (Rusiya, İran və Türkiyə) və kənar oyunçuların (ABŞ, AB, NATO, İsrail və Böyük Britaniya) regional, o cümlədən Azərbaycan Respublikası (AR) ilə bağlı hədəflərini dəqiq müəyyən etməliyik. Onlar regiondan və konkret olaraq AR-dən nə istəyirlər?
İran məsələsinin beynəlxalq və regional gündəliyə gəldiyi, İranətrafının, eyni zamanda Cənubi Qafqaz və Xəzər regionunun, o cümlədən Azərbaycan da daxil olmaqla region ölkələrinin yenidən formatlandırılmağa başlandığı hazırkı dövrdə əsas oyunçuların başlıca istəyi regionda, eyni zamanda Azərbaycan Respublikasında öz iştiraklarını artırmaq – genişləndirmək və dərinləşdirmək, maraqlarını inkişaf etdirmək, dəyərlərini yaymaq, mövqelərini, nüfuz və təsirlərini gücləndirmək və beləliklə, siyasi hədəflərinə nail olmaq üçün hərtərəfli maksimum əlverişli şərait yaratmaqdır.
Haradan və nədən başlayacaqlar?
Bunun üçün əsas oyunçular, heç şübhəsiz, regiondakı, o cümlədən respublikamızdakı mövcud iştiraklarının, maraqlarının inkişafından, mövqelərinin gücləndirilməsindən və xarici müdaxiləyə açıq olan həssas nöqtələrdən təsir və təzyiq edilməsindən başlayacaqlar.
Bax, bu səbəbdən də, ölkəmizin xarici müdaxiləyə açıq olan ən həssas, ağrılı “nöqtəsi”, “yeri” – Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticəsində torpaqlarımızın böyük bir hissəsinin işğala və ilhaqa məruz qalması açıq şəkildə ön plana çıxır. Bəli, ölkəmizin ərazisinin böyük bir hissəsinin Rusiya-Ermənistan-“DQR” birləşmiş qüvvələri tərəfindən işğal və ilhaq olunması və bu məsələ ətrafında yaranmış (əslində yaradılmış) durum bizim ən həssas və ağrılı yerimizdir. Deməli, Azərbaycan Respublikasına daha artıq nüfuz, təsir və təzyiq etmək istəyənlər ilk növbədə ora basacaqlar.
Əsas oyunçular konkret olaraq nə istəyəcək?
Rusiya, təbii ki, onun siyasi-hərbi üstünlüyünü təmin edən mövcud status-kvonu mümkün qədər qorumağa çalışacaq.
Bu mümkün və ya dəyişən strateji şəraitin tələbləri baxımından yetərli olmadığı təqdirdə isə:
– ölkəmizdə, xüsusən də Ermənistan Respublikasında (ER), “DQR”-də və işğal zonasında mövcud iştirakını artırmağa, maraqlarını inkişaf etdirməyə, mövqelərini, nüfuz və təsirini gücləndirməyə;
– münaqişənin həlli üçün aparılan danışıqlarda təşəbbüsü əldən verməməyə;
– ölkəmizdə legitim hərbi iştirakına yol açan “sülh təşəbbüsləri” və ya əslində çox təhlükəli olan, hərbi müdaxiləsinə bəhanə verə biləcək şirnikləndirici təşəbbüslər (Mehri dəhlizinin açılmasına və ER-in İİR-lə əlaqəsinin kəsilməsinə, münaqişənin hərbi yolla həllinə və ya sülhə məcburetmə əməliyyatına təşviq və ya sövqetmə və s. kimi) irəli sürməyə;
– ardınca ER-in hərbi-siyasi müttəfiqi kimi, sülhməramlı qüvvələr və ya humanitar müdaxilə adı ilə ölkəmizə hərbi müdaxiləyə və legitim hərbi iştirakını təmin etməyə;
– 5-ci kolonunun ölkəmizdəki dominant mövqeyini daha da gücləndirməyə;
– təmas xəttində (ayırıcı qüvvə kimi) və işğal zonasında, eyni zamanda ölkəmizin İranla və Ermənistanla olan sərhəddində, həmçinin Mehri dəhlizində qalıcı olaraq qalmağa;
– İran məsələsinin gündəlikdə olduğu dövrdə onun şimal sərhədlərinə nəzarət etməyə, daha əlverişli geopolitik, geostrayeji və hərbi-siyasi durumda olmağa;
– İran məsələsinin həllində həlledici rollardan birini almağa;
– bu və ya başqa formada xarici müdaxilə olacağı, rejim dəyişikliyi baş verəcəyi halda, eyni zamanda müdaxilə sonrası İranın yenidən qurulmasında aktiv rol oynamağa;
– bunun üçün də İranın şimalında – Azərbaycan Respublikasında, Xəzərdə və Türkmənistanda hərtərəfli güclü olmağa;
– strateji xarakterli müxtəlif siyasi, hərbi, təhlükəsizlik və xarici siyasət səbəbləri üzündən iqtidarın bu istək və tələbləri adekvat qarşılamayacağı, qarşılaya bilməyəcəyi və ya mane olacağı hallarda isə ictimai-siyasi sabitliyi pozmağa, separatizmi və nəzarətindəki terrorçu qrupları dəstəkləməyə, münaqişə zonasında təxribatlar törətməyə, 5-ci kolonunu destruktiv fəaliyyətə keçirməyə və siyasi hədəflərinə çata bilmədiyi halda da hakimiyyəti dəyişməyə çalışacaq.
İsrail, yəhudi lobbisi, sionist və mühafizəkar neokon dərin dövlətinin qəti, inadkar və sıx dəstəyilə İran məsələsini beynəlxalq gündəliyə çıxaran, ötən ilin mayından etibarən açıq şəkildə antiiran koalisiyası qurmağa başlayan Tramp Amerikasının Cənubi Qafqaz və Xəzər regionundakı, o cümlədən Azərbaycan Respublikasındakı əsas aktual hədəfləri isə:
– üst və alt səviyyəli geniş maraqlarının hərtərəfli inkişaf etdirilməsi, iştirakın və aktivliyin artırılması;
– xüsusən də təhlükəsizlik, enerji və demokratiyanın yayılması – siyasi inkişaf maraqlarının irəlilədilməsi;
– regionun demokratikləşdirilməsi – Rusiyanın asılılığından xilas edilməsi prosesinə yeni stimulun verilməsi, mümkünsə yeni demokratikləşmə dalğasının yaradılması, Gürcüstanın demokratikləşməsinin dərinləşdirilməsi, Ermənistanın demokratik inkişaf yoluna çıxmasının önünün açılması – qonşu ölkədə dinc hakimiyyət dəyişikliyinə dəstək verilməsi, Azərbaycan Respublikasının demokratikləşməsi üçün əlverişli xarici şəraitin yaradılması;
– regional inteqrasiyanın, eyni zamanda regionun, region dövlətlərinin Avropaya və Avroatlantik məkana inteqrasiyasının dəstəklənməsi;
– iri regional və transregional enerji, nəqliyyat və iqtisadi-ticarət layihələrinin dəstəklənməsi;
– Gürcüstanın NATO-ya üzv olmasına açıq və gücləndirilmiş dəstəyin verilməsi;
– Gürcüstanda hərbi-siyasi və iqtisadi mövcudluğunun və aktivliyinin gücləndirilməsi;
– regional inkişaf strategiyasının, xüsusən də demokratik inkişaf strategiyasının qarşısında duran başlıca süni əngəllərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin həllində, onun həlli üçün aparılan danışıqlar prosesində (yaxın aylarda) aktivliyin artırılması, təşəbbüsün ələ alınmasına və mövcud status-kvonun dəyişdirilməsinə cəhd edilməsi;
– tərəflərə, o cümlədən Azərbaycan Respublikasına (rəsmi Bakıya demək daha dəqiq olar), xüsusən də İran məsələsi kontekstində, çəkici, cəzbedici, hətta şirnikləndirici təkliflərin verilməsinin məqsədyönlü – yönləndirici təzyiq və təsirlərlə növbələşdirilməsi;
– işğal altındakı ətraf rayonların bir qisminin (ilk etapda 2-dən 5-ədək ola bilər) azad edilməsi və qondarma DQR-ə müvəqqəti hüquqi status verilməsi, bir sözlə, mövcud status-kvonun beynəlxalq tanınması və təsbit edilməsi qarşılığında münaqişə bölgəsinə, eyni zamanda İranın şimal sərhəddinə beynəlxalq sülhməramlı qüvvələrin, o cümlədən ABŞ silahlı qüvvələrinin yerləşdirilməsi;
– işğal altında olan bir sıra rayonların, xüsusən də İranla sərhəddə olan rayonların (Fizuli, Cəbrayıl, Zəngilan) hərbi yolla azad edilməsi, hətta Ermənistanla İran arasında olan həyati vacib “Mehri keçidi”nin bağlanması və Naxçıvana, eyni zamanda Türkiyəyə quru dəhlizinin açılması üçün Azərbaycan Respublikasına dolayı yolla dəstək veriləcəyinə söz verilməsi;
– İran məsələsinin həllində və İranın yenidən qurulmasında Azərbaycan Respublikasının, eyni zamanda İranda yaşayan Azərbaycan türklərinin (onlar əhalinin, ən azı, 40%-ni təşkil edirlər) maraqlarının qorunması, nəzərə alınması və dəstəklənməsi qarşılığında “Dağlıq Qarabağ məsələsi”ndə güzəştlərin tələb edilməsi (yeri gəlmişkən, eyni şeyi ruslar da edə bilər);
– ona ölkəmizdə legitim hərbi iştiraka (sülhməramlı qüvvələr kimi, Xəzərin mühafizəsi proqramı çərçivəsində, transregional enerji, nəqliyyat və ticarət-iqtisadi infrastrukturun mühafizəsi çərçivəsində və ya başqa formada), ölkəmizin ərazisindən, eyni zamanda hava və dəniz limanlarından istifadə etməyə, Azərbaycan Respublikasının İİR-lə olan sərhəddinə, hava və su məkanına nəzarət etməyə, quru ərazisindən, hava və su məkanından istifadə etməklə aktiv kəşfiyyat fəaliyyəti və xilasetmə-qurtarma əməliyyatları aparmağa və s. imkan verən təşəbbüs, təklif və layihələrin irəli sürülməsi;
– Xəzərin hüquqi statusunun beynəlxalq hüquq əsasında və AR-in maraqları nəzərə alınmaqla müəyyən edilməsinə dolayı yolla dəstək verilməsi;
– yeni qlobal iqtisadi böhranın gözlənildiyi, dünya bazarlarında neftin qiymətinin davam etməkdə və güclənməkdə olan geopoltik təsirlərə məruz qaldığı, qonşu Rusiya və İrana getdikcə ağırlaşan sərt sanksiyaların tətbiq edildiyi, regionda yeni böyük oyunun yeni pərdəsinin başladığı bir dövrdə sanksiyalar rejiminə nəzarətin gücləndirilməsi;
– İran məsələsinin həllində Rusiyanın, mümkünsə, razı salınması, Rusiya və İranın, eyni zamanda onların regional maraqlarının toqquşdurulması;
– Rusiya və İranın regionda iştirakı, aktivliyi, təsiri və nüfuzunun mümkün olduqca məhdudlaşdırılması;
– rəsmi Bakının, xüsusən də hakim elitanın sanksiyaların tətbiqilə, eyni zamanda “məxməri inqilab”la hədələnməsi;
– beləliklə, onun əsas regional hədəflərinə çatması ola bilər.
Onu da nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya həm ayrılıqda, həm də razılaşma olacağı təqdirdə birlikdə, İran məsələsinin həlli paketi daxilində, Azərbaycan Respublikasına da təkliflər paketi təqdim edə bilər. Bu, gözləniləndir.
Soyuq Müharibə bitdikdən və SSRİ dağıldıqdan sonra ABŞ tərəfindən irəli sürülən dinc, demokratik, bölünməz Avropa strategiyasına görə, postsovet məkanı, o cümlədən dağılan imperiyadan ayrılaraq öz müstəqilliklərini bərpa edən respublikalar Yeni Avropa təhlükəsizlik sisteminə aid edilir. AB və NATO-nun genişlənməsini də nəzərdə tutan bu strategiya həm Avropa və ABŞ-ın, həm də hər iki qurumun maraqlarına cavab verirdi. Və bu səbəbdən onlar həmin strategiyanın inkişafı üçün, müəyyən fikir ayrılıqlarına baxmayaraq, birlikdə hərəkət edirdi.
Lakin Trampın “Öncə Amerika!” şüarı ilə hakimiyyətə gəlməsindən, Avroatlantik münasibətlərə, eyni zamanda AB və NATO ilə formalaşan ənənəvi münasibətlərə yenidən baxış keçirməsindən sonra vəziyyət dəyişdi. Təbii, bura “Brexit”i – Böyük Britaniyanın AB-dən çıxmağa qərar verməsini də əlavə etməliyik.
Bu halda AB, xüsusən də onun aparıcı dövlətləri olan AFR və Fransa ABŞ-dan müstəqil hərəkət etməyə qərar verdi. Baxmayaraq ki, bunun üçün onların, ən azı hazırda, yetərli strateji resursları yoxdur.
Ancaq çox keçmədi ki, ABŞ dərin dövlətinin özündə sionist yəhudi və yevangelistlərlə anqlo-saksonlar arasında parçalanma və maraqların toqquşması prosesi başladı. Nəticədə, Avroatlantik münasibətlərdə yaranmış durum yenidən, nisbi də olsa, tarazlanmağa, balanslaşdırılmağa və optimallaşdırılmağa başlandı. Təbii ki, bu, hələ başlanğıcdır…
Hazırda görünən odur ki, ötən ilin mayından antiiran koalisiyası yaratmağa başlamasına və bu ilin 8 mayında İranla imzalanan Birgə Əhatəli Fəaliyyət Planından çıxmasını elan etməsinə baxmayaraq, ABŞ-ın Avropalı müttəfiqləri İran məsələsində onu dəstəkləmir.
Bütün bunlara baxmayaraq, postsovet məkanına, o cümlədən Cənubi Qafqaz və Xəzər regionuna yönəlik siyasətdə tərəflərin maraqları əsasən örtüşür.
Bu, AB-nin genişlənməsinə, enerji, kommunikasiya və ticarət-iqtisadi maraqları ilə bağlı olan iri regional layihələrə, təhlükəsizliyinin təmin edilməsinə və regional münaqişələrin həllinə də aiddir.
Onu da qeyd edək ki, qonşu Gürcüstanda yaranan böhranın (2008-ci il) həllində Fransa, Ukraynadakı böhranın (2014-cü il) həllində isə Almaniya, əlbəttə, ABŞ-la birlikdə, xüsusi aktivlik göstərdi və bu aktivlik hazırda da davam edir.
Təəssüf ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bu aktivliyi bugünədək görmədik. Bu gündən sonra vəziyyətin dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək.
Lakin qeyd etməliyik ki, Avropa Birliyi, eyni zamanda onun aparıcı dövlətləri olan AFR və Fransa:
– postsovet məkanını, eyni zamanda C. Qafqaz və Xəzər regionunu Yeni Avropanın tərkib hissəsi kimi gördüklərinə, Yeni Avropa təhlükəsizlik sisteminə aid etdiklərinə;
– ümumiyyətlə, bu məkandakı və regiondakı öz maraqlarına, xüsusən də təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi, enerji, kommunikasiya, ticarət-iqtisadi və tədrici genişlənmə maraqlarına;
– buradakı regional münaqişələrin arxasında Rusiyanın durduğunu bildiklərinə və onunla, xüsusən də hərbi sferada, toqquşmaq niyyətində olmadıqlarına;
– qonşuları, eyni zamanda ciddi iqtisadi maraqları olan (xüsusən AFR-ın) böyük, aqressiv və militarist Rusiya ilə onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirmək və kəskinləşdirmək istəmədiyinə;
– nüvə proqramı ilə bağlı olaraq İranla imzalanan Birgə Əhatəli Fəaliyyət Planı maraqlarına cavab verdiyinə, orada, xüsusən də iqtisadi sahədə, ciddi perspektiv gördüklərinə və İran məsələsinin həllində ABŞ-la birgə hərəkət etmək niyyətində olmadığına görə, bugünədək regional münaqişələrdəki, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsindəki status-kvonun qorunub saxlanmasında və münaqişənin hərbi müstəviyə keçməsinin qarşısının alınmasında maraqlı olublar.
Bu səbəblərə görə, Rusiya və AB-nin, onun aparıcı dövlətləri olan Almaniya və Fransanın regiondakı strateji maraqları toqquşsa da, regional operativ-taktiki maraqları nəinki toqquşmayıb, əkisinə üst-üstə düşüb.
Ancaq görünən odur ki, mövcud vəziyyət dəyişə bilər. Və İran məsələsinə görə dəyişməyə başlayan, onsuz da dəyişəcək olan regional strateji durum mövqelərin dəyişməsini qaçılmaz edə bilər. AB də, onun aparıcı dövlətləri, xüsusilə Fransa da öz strateji maraqları yönündə hərəkət etməyə qərar verə bilər. O halda, başda Fransa olmaqla, AB ABŞ və İsrailin yanında yer ala bilər.
Hazırda İran məsələsi hazırlıq, antiiran koalisiyası da formalaşma mərhələsində olduğundan, Ermənistan-Azərbaycan münaqişəsilə bağlı durumda status-kvo qorunub saxlandığından, digər maraqlı böyük oyunçular kimi NATO da hər iki məsələ ilə bağlı hələlik arxa planda, lakin aktiv gözləmə durumundadır.
NATO-nun aktiv gözləmə vəziyyətində olduğunu alyansın Baş katibi Yans Stoltenberqin bu günlərdə verdiyi açıqlama da təsdiq edir. NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı (24-28 may 2018-ci il) Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən o deyib ki, “Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsində öz köməyimizi etməyə hazırıq”.(http://strateq.az/siyaset/256317/nato-dan-bakiya-dəstək.html)
Yeni Avropa təhlükəsizlik sisteminin başlıca qurumu olan, regionu Yeni Avropanın tərkib hissəsi kimi görən, Azərbaycan Respublikasına etibarsız GUAM üzvü kimi baxan NATO-nun regiona strateji baxışı və regionla bağlı gözləntiləri məlumdur. Onun operativ-taktiki səviyyədə arxa planda, aktiv gözləmə durumunda olması da anlaşılandır.
Hamıya məlum olan başqa bir həqiqətsə Şimali Atlantika alyansının qurucu liderinin ABŞ olmasıdır. ABŞ-ın NATO-nun Cənubi Qafqaza doğru genişlənməsini, regionda hərbi iştirakını, Gürcüstanın alyansa üzv olmasını açıq şəkildə dəstəklədiyi, Azərbaycan və Ermənistanın da bu yolla getməsini arzu etdiyi də məlumdur.
Əgər Azərbaycan Respublikası digər GUAM dövlətləri kimi demokratik strateji seçim edərək, demokratik inkişaf və Avrointeqrasiya yolu tutsaydı, o zaman o da onlar kimi həm ABŞ-ın, həm də onun lider olduğu NATO-nun dəstəyini qazanmış olardı. O zaman həm ABŞ, həm AB, həm də NATO regional münaqişələrlə bağlı Gürcüstanı necə müdafiə edirsə, Azərbaycanı da elə müdafiə edəcəkdi, sadəcə, müdafiə etməyə məcbur olacaqdı. O halda biz də hazırda gözlənilən regional inkişafla, İran məsələsinin gündəliyə gəlməsilə və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)mə ehtimalı ilə bağlı narahatlıqları bu dərəcədə keçirmiş olmazdıq.
Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarıldıqda isə onlar ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və sərhəd toxunulmazlığının bərpa edilməsinə dəstək verəcəkdi. Çünki həm AB, həm də NATO Azərbaycan Respublikasına öz tərkib hissələri kimi, sərhədlərinə də öz sərhədləri kimi baxacaqdı.
Çox təəssüf ki, müstəqil milli dövlət kimi qurulan və bərpa edilən Azərbaycan Respublikası həyati strateji səhvə yol verdi – müdrik ata-babalarımızın hələ 100 il bundan öncə seçdiyi proqressiv müasir demokratik inkişaf yolunu deyil, reqressiv postsovet avtoritar “inkişaf” yolunu seçdi. Budur, nəticəsi də göz önündədir. İndi biz bu səhvin çoxsaylı acı meyvələrini yeyirik və görünən odur ki, hələ daha acılarını da yeməli olacağıq…
Çünki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası həyati strateji səhvə, eyni zamanda strateji zaman itkisinə (2003-2018-ci illər) yol verdi.
Əgər biz bu səhvə yol verməsəydik, 2003-cü ildə, hətta Gürcüstandan öncə, demokratik strateji seçim edərək, demokratik inkişaf və Avrointeqrasiya yolu tutsaydıq, indi:
– 15 il idi ki, müasir demokratik inkişaf yolu qət etmişdik, demokratik siyasi, hüquqi, inzibati, iqtisadi, sosial və hərbi islahatlar aparmış və onları dərinləşdirmişdik;
– sosial-iqtisadi baxımdan postsovet ölkələri arasında ön sıralaradan birini, bəlkə də birincisini tutmuşduq, vətəndaşlarımız həqiqi rifahın nə olduğunu anlamağa və dərk etməyə başlamışdılar;
– azadlıq və demokratiyanı dərk edən azərbaycanlılar vətəndaş cəmiyyəti qurmuş və açıq cəmiyyət quruculuğu yoluna çıxmışdı;
– azad, demokratik, hüquqi dövlət quruculuğunda, cəmiyyətdə ədalətin, xüsusən də sosial ədalətin təmin edilməsində xeyli irəli getmiş və milli birliyə əsasən nail olmuşduq;
– AB və NATO-ya inteqrasiya yolunda xeyli məsafə qət etmiş, digər GUAM ölkələri kimi AB-yə vizasız gediş-gəliş əldə etmiş, NATO standartlarına uyğun ordu qurmuş, beləliklə, ABŞ və Qərblə qarşıdurmada olan, getdikcə ağırlaşan sanksiyalara məruz qalan Putin Rusiyasının müttəfiqi, KTMT və AİB üzvü olan Ermənistanı xeyli üstələmiş və torpaqlarımızı işğaldan azad etməyə hazır vəziyyətdə durmuşduq.
Və indi də nə edəcəyimizi aydın şəkildə bilirdik.
Bir daha qeyd edirəm, çox təəssüf ki, Azərbaycan Respublikası həyati strateji səhvə, eyni zamanda strateji zaman itkisinə yol verdi.
Və budur, Ermənistan, Rusiyanın siyasi-hərbi müttəfiqi, KTMT və AİB üzvü ola-ola, bu məsələdə də onu qabaqladı – rejimdən cana doymuş erməni xalqı ayağa qalxaraq, arxasında Rusiyanın durduğu və yeni baş nazir seçilmiş (17 aprel 2018-ci il) Serj Sarkisyanı cəmi 6 gün sonra (23 aprel 2018-ci il) dinc, demokratik kütləvi etirazların keçirilməsi yolu ilə istefaya göndərdi və yeni xalq etimad hökuməti quraraq Moskvanın qurduğu kriminal-oliqarxik rejimi demontaj etməyə başladı. Ən başlıcası isə, Ermənistan Moskva ilə münasibətləri qoruyub saxlamaqla bərabər, ABŞ və Qərbin rəğbətini və dəstəyini qazandı. Bura Ermənistan əhalisinin nisbi etnik monolitliyini, erməni kilsəsinin, diasporasının, lobbisinin təsir və nüfuzunu, xüsusən də həmsədr dövlətlərdə – Rusiya, ABŞ və Fransada, – əlavə etsək, necə arzuolunmaz və xoşagəlməz bir mənzərənin yarandığını, hər halda, təsəvvür etmək elə də çətin olmaz. Bunu siz də edə bilərsiniz.
Böyük Britaniyanın (BB) mövqeyini proqnozlaşdırmaq isə:
– AB-dən çıxmaq haqqında qərar verdiyinə, eyni zamanda formal olaraq hazırda Birlik daxilində olduğuna;
– ABŞ dərin dövləti parçalandığına, anqlo-saksonlar “müxalifətə” keçdiyinə və Amerika ilə olan ənənəvi strateji müttəfiqliyinə Tramp dövründə kölgə düşdüyünə;
– qurulmaqda olan yeni dünya nizamında və yeni tarazlığa kəskin ehtiyacı olan qlobal geopolitik münasibətlər sistemində özünə layiq yer arayışında olduğuna;
– Orta Şərq, Cənubi Qafqaz və Xəzər regionları ilə bağlı siyasətinə yenidən baxıb-baxmayacağı, eyni zamanda İran məsələsi və Ermənistan-Azərbaycan münaqişəsilə bağlı hazırkı mövqeyinin dəyişib-dəyişməyəcəyi məlum olmadığına görə bir qədər çətinləşib.
Onu da nəzərə almalıyıq ki, ABŞ və İsrailin müttəfiqlərilə birgə həm İran məsələsi, həm də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı planları hələlik hazırlıq mərhələsindədir və antiiran koalisiyasının formalaşdırılması bir ucu açıq qalacaq məsələdir. Və ABŞ və İsrailin müttəfiqlərilə birgə hazırlıqlarını tamamlayıb, hərəkətə keçəcəyi halda – “qarşıdakı aylarda” regional, ola bilsin ki, həm də qlobal strateji durum dəyişəcək və bu dəyişiklik özü ilə bərabər, böyük ehtimalla, bu gün fərqli mövqedə olan dövlətlərin, xüsusən də Qərb dövlətlərinin mövqe dəyişikliyini gətirəcəkdir.
Eyni zamanda o da nəzərə alınmalıdı ki, Böyük Britaniyanın Cənubi Qafqaz və Xəzərdə, xüsusən də Azərbaycanda həyati vacib maraqları – enerji, nəqliyyat, ticarət-iqtisadi, kəşfiyyat və təhlükəsizlk maraqları mövcuddur və o, xüsusilə də İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyişdirilməsi məsələsinin gündəliyə gəldiyi bir vaxtda bu mövcud durumun dəyişməsində maraqlı deyil. Lakin dəyişəcəyi halda da kənarda qalan deyil.
Unudulmamalıdır ki, II Dünya Müharibəsi dövründə İran məhz Böyük Britaniya ilə SSRİ tərəfindən işğal edilmişdi.
Xatırladaq ki, müharibə bitdikdən sonra işğal zonasında Sovet İttifaqının hərtərəfli dəstəyilə öncə Azərbaycan Milli Hökuməti (20 noyabr 1945 – 12 dekabr 1946-cı illər), ardınca da Mahabad Cümhuriyyəti (22 yanvar 1946 – 30 mart 1947-ci illər) yaradıldı.
Deməli, bu məsələlərin aktuallaşdığı dövrdə, yəni yaxın gələcəkdə, böyük ehtimalla, Böyük Britaniyanın bugünkü mövqeyi dəyişəcək və o, bu və ya başqa formada, antiiran koalisiyasında yer almaqla və ya müstəqil olaraq, Ermənistan-Azərbaycan münaqişənin həllində birbaşa iştirak etməklə və ya arxa planda qalmaqla (bugünkü kimi), həmin məsələlərin həllində öz yerini tutacaq.
Təbii, istər İran məsələsinin, istərsə də Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsinin dəyərləndirilib qiymətləndirilməsində əsas regional oyunçular da, onların mövqeyi də mütləq nəzərə alınmalıdır.
Bu baxımdan Azərbaycan Republikasının təbii müttəfiqi, strateji tərəfdaşı olan qardaş Türkiyə Cümhuriyyətinin mövqeyi çox önəmlidir.
Türkiyə, Avropa ilə Asiyanın qovşağında yerləşən, regional və geoekonomik əhəmiyyətli enerji, kommunikasiya və ticarət-iqtisadi yolların da keçdiyi C. Qafqaza bir bütün olaraq, onu Mərkəzi Asiya ilə, digər türk dövlətlərilə birləşdirən həyati vacib geopolitik məkan kimi baxır. Və bu məkandakı genişlənmə potensialı daşıyan münaqişələri – Ermənistan-Azərbaycan, Abxaziya və C. Osetiya münaqişəsini, xüsusən də birincisini öz milli, regional və strateji maraqları baxımından təhdid hesab edir. Ona görə də, bu regional münaqişələrin həllində ən maraqlı olan regional oyunçudur.
Bu səbəbdən Türkiyə Cümhuriyyəti nə İran məsələsinin, nə də Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsinin gündəliyə gəldiyi bir vaxtda kənarda qala bilməz. Əsas sual onun hansı mövqedə olacağıdır.
Etiraf edilməlidir ki, mövcud şəraitdə:
– ABŞ, AB, İsrail, Misir və Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra Körfəz ölkələrilə münasibətlərinin gərginləşdiyi, pozulduğu;
– həm ölkə daxilində, həm də xaricində beynəlxalq terrorizmlə aktiv mübarizə apardığı, Suriya böhranına aktiv cəlb olunduğu;
– Rusiya və İranla həm ikitərəfli münasibətləri inkişaf etdirdiyi, həm də regional miqyasda operativ-taktiki sıx münasibətlər qurduğu və inkişaf etdirdiyi;
– Ermənistanla münasibətləri normallaşdırmaqda maraqlı olduğu;
– Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləsi olduğu;
– eyni zamanda İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsinin gündəliyə gəldiyi bir vaxtda Türkiyə Cümhuriyyətinin artan narahatlığı və mürəkkəb mövqe tutması (Suriyada olduğu kimi) başadüşüləndir.
Çünki o, eyni zamanda başda ABŞ olmaqla antiiran koalisiyası, Rusiya və İranla balanslaşdırılmış siyasət aparmalı, strateji tərəfdaşı kimi Azərbaycan Respublikasını, ehtiyac yarandıqda isə İrandakı Azərbaycan türklərini dəstəkləməli və bu mürəkkəb geopolitik, geostrateji, geoekonomik və regional hərbi-siyasi şəraitdə öz milli maraqlarını qorumalıdı.
Bu səbəblərə görə də, Türkiyə müxtəlif tərəflərlə müxtəlif dövrlərdə, hadisələrin inkişafının müxtəlif mərhələlərində, müxtəlif yerlərdə, müxtəlif sahələrdə, müxtəlif səviyyələrdə və müxtəlif miqyasda münasibətlər qurmağa çalışacaq. Təbii ki, ilk növbədə öz milli maraqlarını qorumağa çalışacaq.
Türkiyənin Azərbaycan Respublikasına verə biləcəyi dəstəyə gəlincə, ilk növbədə:
– onun öz milli maraqlarını rəhbər tutacağı;
– siyasi-diplomatik, kəşfiyyat, informasiya, iqtisadi, humanitar, mənəvi-psixoloji dəstək verə biləcəyi;
– verə biləcəyi hərbi dəstəyin isə, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin 2-ci maddəsində də nəzərdə tutlduğu kimi, məhdud olacağı[1];
– həm kənar (ABŞ, AB, İsrail), həm də regional (Rusiya və İran) böyük oyunçularla hərbi qarşıdurmaya getməkdən qaçınacağı nəzərə alınmalıdı.
İran məsələsinə gəlincə, başda ABŞ və İsrail olmaqla, antiiran koalisiyası ilə RF arasında hər hansı bir çərçivə anlaşması olduğu təqdirdə, onlarla birgə hərəkət xətti seçmə ehtimalı, bu razılıq olmadıqda, ilk mərhələdə gözləmə mövqeyində durma, durum aydınlaşandan sonra, ən azı, kritik nöqtə aşılanadək, üzdə RF və İranla, arxada isə güclü ilə (antiiran koalisiyası ilə) bir tərəfdə olma ehtimalı, antiiran koalisiyası ilə anlaşdığı təqdirdə isə ya birbaşa koalisiyaya daxil olmaqla, ya da kənardan dəstək verməklə bu yeni böyük oyunun yeni pərdəsində aktiv iştirak etmə və hər bir halda öz maraqlarını, mümkün olduğu qədər, qoruma ehtimalı yüksəkdir.
Təbii ki, yeni dünya nizamının qurulduğu və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bu mövcud mürəkkəb qlobal və regional strateji şəraitdə qardaş Türkiyə nə qədər məqsədyönlü, rasional, səmərəli, adekvat və çevik bir strategiya və siyasət apara bilərsə, istər İran məsələsində, istərsə də Ermənistan-Azərbaycan münaqişəsilə bağlı status-kvonun dəyiş(diril)məsi məsələsində onun həm Azərbaycan Respublikasına, həm də Azərbaycan türklərinə dəstək vermək imkanı bir o qədər çox olar.
O da təbiidir ki, Türkiyə, ilk növbədə, regiondakı, xüsusən də Azərbaycan Respublikasındakı, öncəlikli olaraq da Naxçıvan MR-dəki maraqlarını qorumağa çalışacaq. Çünki Azərbaycan Respublikasından və Gürcüstandan keçən, eyni zamanda RF və İİR-dən yan keçən, Avropanı Asiya ilə, Qara dənizi Xəzərlə, Türkiyəni M. Asiya ilə bir-birinə bağlayan “Cənubi Qafqaz dəhlizi”nin – enerji, kommunikasiya və ticarət-iqtisadi dəhlizin və Naxçıvan MR-in qorunması Türkiyə üçün həyati vacibdir.
Ikincisi, Türkiyə təbii müttəfiqi və strateji tərəfdaşı olan qardaş Azərbaycan Respublikasının maraqlarını qorumağa çalışacaq. Ancaq nəzərə alınmalıdı ki, yuxarıda qeyd edildiyi kimi, onun verə biləcəyi hərbi dəstək, müqavilə şərtləri də nəzərə alınarsa, böyük ehtimalla, məhdud və yetərsiz olacaq.
Üçüncüsü, Türkiyə yalnız RF-nin zəifləyərək, regiondan çəkilməyə başladığı, onunla münasibətlərinin pozulmadığı və milli maraqlarının da tələb etdiyi bir halda hadisələrə hərbi müdaxilə haqqında özü qərar verə bilər.
Dördüncüsü, əgər Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hərbi-siyasi ittifaq müqaviləsi bağlanarsa və birinci ondan yardım tələb edərsə, qardaş Türkiyə hərbi müdaxilə və ya irimiqyaslı hərbi dəstək haqqında qərar verə bilər.
Beşincisi, münaqişə yenidən hərbi fazaya keçərək, genişlənərsə – regiona yayılarsa, Türkiyə də ona cəlb oluna bilər.
Altıncısı, Türkiyə milli maraqları təmin edilmək şərtilə, antiiran koalisiyasına qoşularsa və ABŞ başda olmaqla, Qərbdən – AB və NATO-dan lazım olan dəstəyi alarsa, ya onlarla birlikdə, ya da təkbaşına C. Qafqazda, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində, xüsusən də Naxçıvan MR-in müdafiə olunmasında və Mehri dəhlizinin açılmasında aktiv rol ala bilər.
İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyişdirilməsi məsələsinin ABŞ tərəfindən gündəliyə gətirildiyi bir vaxtdaİran İslam Respublikasının özünün mövqeyinin analiz edilib qiymətləndirilməsi də, şübhəsiz, çox mühümdür. Çünki bir tərəfdən İran özü, digər tərəfdən də tarixi, tarixi-coğrafi, milli-etnik, dini və mədəni birlyi olan və ondan zorla ayrılmış tarixi tərkib hissəsi hesab etdiyi Azərbaycan Respublikası hədəfdədir.
Təbii ki, İİR özünün əsas hədəf olduğunu bilir. Və illərdir bu qarşıdurmaya hazırlaşır. Məhz o səbəbdəndir ki, o, özünə yönəlik təhdidləri, mümkün olduğu qədər, öz sərhədlərindən kənarda – uzaqda qarşılamağa və əsasən “şiə məkanı”nı əhatə etməklə, öz geopolitik təsir zonasını formalaşdırmağa çalışır. Azərbaycan Respublikası da, potensial olaraq, bu təsir zonasına aid edilir. İranın xarici siyasət konsepsiyasında da, hərbi doktrinasında da bu iki ideya qırmızı xətlə keçir.
Ümumiyyətlə, İİR:
– müstəqil, dünyəvi və demokratik bir Azərbaycan Respublikasının mövcudluğunda;
– onun ərazi bütövlüyünün, suverenliyinin və sərhəd toxunulmazlığının bərpa olunmasında;
– sosial-iqtisadi inkişafında və rifaha qovuşmasında;
– demokratik strateji inkişaf yolu seçməsində, Avropaya və Avroatlantik məkana inteqrasiya olunmasında və beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında nəinki maraqlı deyil, bunları öz bütövlüyü və mövcud dini-siyasi rejimi üçün təhdid hesab edir.
Başqa sözlə, uğurlu – demokratik, çiçəklənən və rifah içində olan bir Azərbaycan Respublikası, Tehrana görə, teokratik İranın həyati maraqlarını təhdid edir. Çünki belə bir qonşu Azərbaycan dövləti bütün İran xalqı, xüsusən də orada yaşayan Azərbaycan türkləri üçün gözləri qarşısında duran çox çəkici əyani bir nümunə olacaqdır.
Bu səbəbdən də, İİR hazırda strateji əməkdaşlıq etdiyi Rusiyanın təsir sferasında olan AR-in cəlb edildiyi münaqişənin nəinki həllində, heç mövcud durumunun dəyişməsində də maraqlı deyil.
Lakin görünən odur ki, həm regional, eyni zamanda İranətrafı, geopolitik və hərbi-siyasi durum, həm də Ermənistan-Azərbaycan münaqişəsindəki status-kvo onsuz da dəyişə bilər. Və İİR bu böyük perspektiv dəyişikliklərə hazır olmalı və adekvat mövqe tutmalıdı.
O halda İİR, öz milli maraqlarını rəhbər tutmaqla:
– var gücü ilə alt və üst səviyyəli maraqlarını, ilk növbədə də mövcud dini-siyasi rejimini və bütövlüyünü;
– regionda əldə etdiyi geopolitik, geostrateji və geokültürəl uğur və nailiyyətlərini;
– İraq, Suriya və Yəməndəki, xüsusən də qonşu ölkələrdəki, o cümlədən Azərbaycan Respublikasındakı varlığını və tutduğu mövqelərini qorumağa və imkan daxilində, inkişaf etdirməyə çalışacaq.
Yuxarıda qeyd edilən səbəblərə görə, Azərbaycan Respublikası İİR-in həyati maraq dairəsinə aid edilir.
Deməli, “qarşıdakı aylarda” və daha sonra biz İİR-in ölkəmizdəki aktivliyinin, başda kəşfiyyat, dini və dini-ideoloji sfera olmaqla, maksimum həddədək yüksəlməsinin şahidi ola bilərik.
Təbii ki, İİR Ermənistan-Azərbaycan münaqişəsinə, onunla bağlı və ya onun ətrafında gedən bütün proseslərə də xüsusi diqqət və həssaslıqla yanaşacaqdır.
İran İslam Respublikası:
– yenə də, Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun saxlanmasına çalışacaq;
– eyni zamanda bu münaqişədə status-kvonun dəyişməsinin mümkün variantlarına hazırlaşacaq (bəlkə də hazırdır); – status