Son zamanlar davamlı şəkildə Rusiyadan Azərbaycan əleyhinə yönəlik addımlar müşahidə olunur. Baxmayaraq ki, prezident Putin səviyyəsində Azərbaycanın iştirakçısı və müəllifi olduğu nəhəng iqtisadi layihələr dəstəklənir, ölkəmizin roluna yüksək qiymət verilir, amma ayrı-ayrı Rusiya rəsmiləri tam fərqli mövqe nümayiş etdirir.
Ötən ay Rusiya XİN-in 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski Abxaziyada, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnepryanı və Cənubi Osetiya rejimləri ilə yanaşı, Qarabağ separatçıları ilə də görüşmüşdü və bu, rəsmi Bakının kəskin etirazına səbəb olmuşdu. Azərbaycan XİN bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirmişdi. Lakin Rusiya XİN Bakının etirazına əcaib reaksiya verməklə kifayətləndi. Bunun ardınca Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif edilməsi xəbəri yayıldı. Azərbaycan tərəfi bu fakta görə də təəssüfləndiyini bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə məsələyə münasibətində qeyd edib ki, bu, bilərəkdən edilib və başqa cür düşünmək üçün əsas yoxdur. “Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırırıq” - Ə.Amaşov deyib.
Rusiyanın iqtidar dairələrinə yaxın məşhur ictimai-siyasi xadim, filosof və publisist Aleksandr Dugin isə virtualaz.org-a verdiyi müsahibədə Rusiya XİN rəsmisinin Nikol Paşinyanın Qarabağla bağlı söylədiklərinə reaksiyası və sonradan bu reaksiyanın məzmununun dəyişdirilməsi ilə əlaqədar baş verənləri şərh edib. “Əlbəttə, Rusiya böyük ölkədir. Lakin siyasi və geosiyasi strategiya sona qədər müəyyənləşdirilməyib. Xarici İşlər Nazirliyində və digər qurumlarda fikir ayrılıqları mövcuddur. Buna misal kimi elitada Avrasiya meylli şəxslərlə qərbmeylli şəxslərin qarşıdurmasını göstərmək olar”, - Duqin bildirib.
“Bilirik ki, Rusiyada erməni lobbisi güclüdür və o, öz xəttini yürüdür. Bununla belə, Azərbaycanla yaxınlaşmaq barədə göstəriş mövcuddur!” - həmsöhbətimiz qeyd edir. Aleksandr Duqinin fikrincə, Moskvada bir çox məsələlər üzrə ümumi mövqe yoxdur. “Bircə Krım istisnadır”, - o vurğulayıb.
Qeyd edək ki, az öncə rusiyalı jurnalist və analitik Maksim Şevçenko xarici işlər naziri Sergey Lavrovu Rusiyada əsas erməni lobbiçisi adlandırmışdı. Yeri gəlmişkən, Rusiyadakı prezident seçkilərindən sonra erməni əsilli Lavrovun postundan uzaqlaşdırılacağı gözlənilsə də, bu, baş vermədi.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu mövzuda “Yeni Müsavat”a danışarkən öncə bildirdi ki, Ermənistan hazırda ikili oyun oynayır: “Ermənistan istəyir Qərblə bir yerdə olsun. Çünki İrəvan iqtisadi sahədə uğur əldə etməyin yeganə yolunun Qərblə əməkdaşlıqda olduğunu anlayır. Amma eyni zamanda istəyir Rusiya onun təhlükəsizliyini təmin etsin. Bu, Rusiya üçün nəinki sərfəli deyil, eyni zamanda alçaldıcı təklifdir”.
Sabiq nazir indiki halda Rusiyada Ermənistanla yaxınlıq etməyə yönəlik təşəbbüslərin mövcudluğunu təsdiqləyir. Ancaq hesab edir ki, bu, müvəqqəti olacaq: “Çünki artıq ermənilərin məqsədi barədə Rusiyada bilirlər. Artıq bununla bağlı Leontyev, Şevçenko və Duqin tərəfindən fikirlər səslənib”.
Bundan əvvəl də “Yeni Müsavat”a Rusiyanın Ermənistandan gedəcəyini bildirən T.Zülfüqarov qeyd etdi ki, hazırda rəsmi Moskvanın Azərbaycanla bağlı tərəddüdlü siyasət yürütməsinin arxasında erməni əsilli nazir Sergey Lavrov amilinin olduğunu istisna etmir: “Keçən il də buna aid bəyanatlar səslənirdi. Hətta prezident İlham Əliyevin Soçidə Vladimir Putiunlə görüşündən sonra Rusiya mətbuatı buna aid fikirlər dərc etmişdi. İndiki mərhələdə həm Lavrov, həm də Matviyenko amili var. Azərbaycana yaxınlığı ilə seçilən Dmitriy Roqozin isə artıq postundan gedib. Həmçinin Azərbaycana dost hesab edilən digər insanları zərərsizləşdiriblər”.
Bütün bunlara rəğmən, T.Zülfüqarov maraqların toqquşmasının mövcudluğunu təsdiqləsə də, gec-tez daha obyektiv siyasətə üstünlük veriləcəyi qənaətindədir: “Əminəm ki, Rusiya Azərbaycana tərəf dönəcək. Çünki ayrı yol yoxdur. Ermənistanın vəziyyəti onu Qərbə yön almağa vadar edir. Eyni zamanda Ermənistan daxilində ziddiyyətlər gec və ya tez partlayacaq. Paşinyan bu oyunu oynamağa məcburdur. O, Sərkisyandan daha aşkar oynayır. Ermənistan hakimiyyətində Rusiyaya bağlı adamlara təzyiqlər artıb, Nalbəndyan, Sərkisyan kimi Rusiyanın adamları postundan gedib. Qarabağ separatçısı Bako Saakyan da Rusiyanın təsiri altında olan insandır, ona qarşı da təzyiqlər müşahidə edirik. Paşinyan Rusiyanın qurduğu sistemi dağıdır”.
Eks-nazir Rusiyada erməni lobbisinin güclü olmasını təkcə bu ölkədə 3 milyon erməninin yaşaması ilə əlaqələndirmir:“Bu, bizim tariximizdən irəli gələn xüsusiyyətdir. Tarixən ermənilər digər ölkələrdə yaşayıb, çünki öz dövlətləri olmayıb. Odur ki, təşkilati işlərə çoxdan başlanılıb. Bu işlərin başında dayanan kilsədir. Amma burada onların daha güclü olmasının səbəblərindən biri budur ki, əslində Qərb də erməniləri Rusiyanın içində dəstəkləyir. Lavrovun özünün də siyasəti Rusiyanın Cənubi Qafqazdan çıxmasına yönəlib. Təsəvvür edin, Rusiya xarici işlər nazirinin müavini qaçıb Mərkəzi Kəşfiyyat İdarəsinə sığındı və 5 min sənədi kəşfiyyata çatdırdı. Amma bu fakt Lavrovun karyerasına heç bir təsir göstərmədi. Həmçinin kokain məsələsindən sonra da Lavrov öz postunda qaldı. Yəni Lavrovu qoruyub-saxlayan qüvvələr mövcuddur, onların bir hissəsi isə xaricdədir. Rusiyanın nüfuzunu dağıtmaq üçün elə belə adam lazımdır. Rusiya vətənpərvər qüvvələri isə bunu görürlər və səslənən bəyanatlarda haqlıdırlar. 20-ci əsrin əvvəllərində Osmanlı imperiyası çökən zaman ermənilər Osmanlının daxilində çox böyük mövqelər tuturdular. Hətta o vaxt Osmanlının xarici işlər naziri erməni idi. İndi Rusiya zəifləyir, eyni zamanda Rusiyanın xarici işlər naziri ermənidir. Bu, çox maraqlı məsələdir”.