Nəzakət Məmmədova: “Burada tək din amilini nəzərdə tutmaq olmaz”; Əhəd Məmmədli: “Güc göstərmək vaxtıdır”
Dünyanın superdövləti sayılan Amerikanın Azərbaycana münasibətdə daim ikili siyasət yürütdüyünün şahidi olmaqdayıq. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsində Birləşmiş Ştatların bu siyasəti özünü daha açıq şəkildə büruzə verir.
Düşmən ölkə Rusiyanın forpostu olsa da, Qərb dünyası da bu ölkəyə olan “sevgisini” gizlətmir. Azərbaycan balanslı siyasət yürüdür, həm Rusiya, həm də Amerika ilə dövlətlərarası əlaqələrini yüksək səviyyədə saxlamağa çalışır. Amma bu ABŞ-ın ölkəmizə olan münasibətini dəyişdirmir. Rəsmi Vaşinqtona arxa çevirib Kremlin əyaləti funksiyasını yerinə yetirən təcavüzkar ölkəni dirçəltmək üçün Qərb dairələri əllərindən gələni edirlər. Buna səbəb olaraq bir sıra amillər göstərilir ki, onlardan da öndə gələni din faktorudur. Əksəriyyət düşünür ki, Amerika xristian təəssübkeşliyindən çıxış edir.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, ABŞ-Ermənistan münasibətlərinin bir neçə əsaslı, çoxşaxəli istiqaməti var:“Burada tək din amilini nəzərdə tutmaq olmaz. İlk növbədə, geosiyasi maraq ön planda dayanır. Azərbaycandan fərqli olaraq Ermənistan heç də təbii resurslarla zəngin ölkə deyil ki, burada enerji maraqları da ön plana keçə. ABŞ-Ermənistan münasibət bəylərimiz şərtləndirən əsas amil bu ölkənin Rusiya, İran və Türkiyəyə yaxın bölgədə yerləşməsidir. Eyni zamanda, Ermənistan indiyədək Rusiya və İranın təsiri altında olan ölkə idi. Hələ də o təsirdən çıxa bilməyib, Paşinyan bunu edə biləcəkmi, sual altındadır. Cənubi Qafqazda Amerika ilə daha yaxından əməkdaşlıq edən Azərbaycan və Gürcüstan idi. Lakin ABŞ regionu bütöv öz nəzarətinə almaq istəyirdi. Ermənistanın indiyədək olan siyasəti isə buna zidd idi. Ona görə də Amerika Ermənistanla da yaxın münasibətlər qurub onu Rusiya və İranın cəngindən qurtarmaq istəyirdi. İndiyədək bunu maliyyə ayırmaqla etməyə çalışdı, lakin səylərinin nəticəsiz olduğunu görüb, ordakı hakimiyyəti radikal yolla dəyişdi. Ermənistan uzun müddət İsrail və Misirdən sonra milyardlarla yardım alan 3-cü ölkə olub. Dağlıq Qarabağa da ayrıca yardım göstərilib. Hazırda ABŞ və Rusiya arasında Ermənistandakı status-kvonu dəyişmək uğrunda mübarizə gedir. Onun nəticəsində regional məsələlər, o cümlədən, Qarabağ məsələsinin aqibəti xeyli dərəcədə asılı olacaqdır. ABŞ-ın Ermənistana münasibətində din amilinin rolu inkar oluna bilməz, lakin əsas deyil. Ümumiyyətlə, ABŞ-ın xarici siyasətinin bir sıra qüvvə və vasitələri vardır.
Bu fövqəldövlətin istənilən ölkəyə, konkret olaraq Ermənistana münasibətinin formalaşmasında ilk növbədə, oradakı erməni lobbisinin Konqresə təsiri, Pentaqon, Ağ Ev, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsinin region ölkələrinə - Rusiya, İran və Türkiyəyə olan mövqeyi nəzərə alınır. Ermənistana da münasibətdə xarici siyasət kursu bu cür müəyyənləşir. ABŞ-ın xarici siyasətində, o cümlədən Ermənistan siyasətində Birləşmiş Ştatların geosiyasi, iqtisadi, siyasi, hərbi maraqları əsas götürülür. Lakin Ermənistan dediyimiz kimi kiçik bir ölkədir, əlverişli geosiyasi vəziyyətindən başqa təqdim etməyə heç nəyi yoxdur. Ona görə də ona münasibət ayrılıqda yox, onun əlaqədə olduğu və ABŞ-ın maraq dairəsində olan böyük dövlətlərə olan siyasətə görə müəyyənləşir. ABŞ niyə məhz indi Ermənistanda radikal hakimiyyət dəyişikliyinə qərar verdi. Çünki Ermənistanın bilavasitə yaxınlığında olan hər üç dövlət - İran, Rusiya və Türkiyə ilə ABŞ-ın münasibəti çox gərgindir. Belə bir vəziyyətdə Ermənistanın plasdarm kimi ələ keçirilməsi ABŞ-a lazım idi və o, bunu etdi. Buradan adıçəkilən hər üç ölkəyə cəbhə açmaq, kəşfiyyat işi aparmaq mümkündür. Azərbaycanın ABŞ-la normal münasibəti var. Bu dəyişiklik bizə o qədər də təhlükə törətmir. Əksinə, dalana dirənmiş danışıqlarda dinamika ehtimalı var. Paşinyan da görünür ki, bu yeni formatı Qarabağın erməni icmasını da qoşmaq istəyir. Ermənistanda olan dəyişikliklər onun iki güclü müttəfiqi - İran və Rusiya ilə münasibətinin üstündən xətt çəkdi. Doğrudur, ABŞ sağ güclü müttəfiqdir. Ancaq hər halda uzun illərdir Azərbaycana qarşı Ermənistanı himayə edən Rusiya və İrandan daha təhlükəli himayədar deyil. Ermənistandakı çevrilişin arxasında Rusiya, İran və Türkiyəyə qarşı mövqedə olan Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və Amerika Mili Erməni Assambleyasının dayandığı ehtimalı var. Erməni Mili Assambleyası isə Amerika yəhudi təşkilatlarına bağlıdır və ona tabedir. Azərbaycanın isə illərdir ki, həmin yəhudi lobbisi ilə çox yaxşı münasibətləri formalaşıb. Belə olan halda Qarabağ məsələsinin vahid bir mərkəzdən həlli ehtimalı daha yüksəkdir. Əgər danışıqlar bundan sonra Azərbaycanın zərərinə istiqamətə yönəlsə, məsələn ermənilərin xeyrinə hər hansı güzəşt tələb olunsa, Azərbaycan yenə də Rusiya-Türkiyə ittifaqına üzv çevirib prosesi neytrallaşdıra bilər”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli ABŞ-da güclü erməni lobbisinin olduğunu bildirdi: “Azərbaycan lobbisi ABŞ-da yenə zəifdir. Amerikadakı səfirliyimiz, eyni zamanda, XİN bu yöndə çox zəif işləyir. Amerika kimi çox önəmli ölkədə lobbi siyasətimiz olduqca zəifdir. Dünyada 3 ölkə var ki, orada erməni lobbisi çox güclüdür, ABŞ, Fransa və Rusiya. Bu 3 ölkə də dünyanın aparıcı ölkələrindəndir, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. 3 həmsədr ölkənin hər biri Ermənistana Azərbaycandan daha yaxındır. Burada din faktoru da çox önəmli rol oynayır. Biz Ermənistanın hansısa ərazisini 30 ilə yaxın işğalda saxlaya bilərdikmi? Təbii ki yox. Amma onlar bizim torpaqları 30 ilə yaxındır ki işğalda saxlayırlar. Çünki onlar xristian ölkəsidir, indi isə dünyada söz sahibi xristian dünyasıdır. Balanslaşdırılmış siyasət kifayət deyil. Azərbaycan güc göstərməlidir ki, hər kəs başda ermənilər olmaqla bizimlə hesablaşsın. Biz artıq ABŞ, Rusiya və Avropadan Qarabağ məsələsində ədalət gözləməməliyik. Güc göstərmək vaxtıdır. Hər kəs gücə hörmət edir, o cümlədən, ABŞ kimi superdövlət də”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”