Əliyevin anti-Kreml projesi: Bakı “Cənub Qaz Dəhlizi”ndə sıxılacaqmı...?



 

Azərbaycan anti-Kreml layihəsi adlanan “Cənub Qaz Dəhlizi”ni açdı. Bakı Moskvanın iştirakı olmayan növbəti enerji projesini reallaşdırdı.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, Avropanı qazlaşdıracaq bu layihə rəsmi Bakının enerji siyasətində təmayülünü bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev Türkiyə və Avropaya qaz aparacaq “Cənub Qaz Dəhlizi” ilə göstərdi ki, yol Qərbə doğrudur.
Hər nə qədər əbədi qonşu olan Rusiyanın iti dişləri zaman-zaman Bakını sıxmağa çalışsa da, hakimiyyət enerji maraqları ilə bağlı müstəqil siyasət yürütməkdədir.
Analitiklərin qoyduğu suallardan biri budur ki, bundan sonra necə olacaq? Yeni boru kəməri Rusiya qazına gerçək rəqabət təşkil edə bilərmi? “Qazprom” “Cənub Qaz Dəhlizi”nin meydana çıxmasına tab gətirəcəkmi? Suallar çoxdur...
Məlumdur ki, İ.Əliyev dəhlizin açılışında bu layihənin gerçəkləşməsində daimi dəstəyə görə ABŞ, Böyük Britaniya hökumətlərinə, Avropa Birliyi və beynəlxalq maliyyə institutlarının rəhbərliklərinə təşəkkürünü ifadə edib.
Bu təşəkkür mesajı Rusiyanın gərgin münasibətdə olduğu dövlətlərə ünvanlanıb. Xüsusən də ABŞ və AB Moskva ilə burun-buruna gəlirlər.
Belə həssas geosiyasi şəraitdə və coğrafiyada rəsmi Bakının incə gediş edərək layihəyə start verməsi kifayət qədər mürəkkəb proseslərin başlanğıcına vüsət verə bilər.
Moskva Bakını “qaz balonunda” boğmağa, sıxmağa başlayacaqmı? Putin Rusiya əleyhinə bir kəlmə də danışmayan Paşinyanı Əliyevə qarşı qısqırdacaqmı?
Bu suallar da zamanla cavablarını tapacaq. Hələliksə Bakıya qarşı aşkar təzyiq müşahidə olunmur.
Fakt isə ondan ibarətdir ki, bu proje Rusiyanın “Qazprom”una gerçək alternativdir. Yeddi ölkə Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Balkanın daha üç ölkəsi - Bosniya, Herseqovina və Çernoqoriya layihəyə qoşulmağı planlaşdırır.
İ.Əliyevin sözlərinə görə, onlar üçün “Cənub Qaz Dəhlizi”nin şaxələri salınacaq. Bu dəhliz üç qaz kəmərini - Cənubi Qafqaz, Transanadolu (TANAP) və Transadriatik (TAP) – ehtiva edir. Onun əsasında 16 milyard kubmetr qaz müqavilələşdirilib:
TANAP üzrə 6 milyad Türkiyəyə və TAP üzrə 10 milyard Avropaya. TANAP-ın gücünü 2023-cü ilə doğru 24 milyarda və 2026-yadək 31 milyarda çatdırmaq planlaşdırılır. Resurs bazası isə “Şahdəniz” yatağıdır.

Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, Azərbaycanın Rusiya qazıyla rəqabəti ayrı-ayrı ölkələrin bazarlarında mümkün olacaq.
Yunanıstan və Bolqarıstanın hər biri Azərbaycanın 1 milyad kubmetr qazını almalıdır, amma əsas rəqabət Türkiyə və İtaliya bazarlarında olacaq. Bundan heç hara gizlənmək olmayacaq...
Milli Energetik Təhlükəsizlik Fondunun (METF) aparıcı eksperti İqor Yuşkovun fikrincə, Azərbaycan bir yataqdan Avropaya qaz vuracaq.
Başqa yataqlardakı problemləri isə Rusiyanın hesabına həll edərək daxili istehlak üçün Rusiya qazı alacaq.
Tutarlı sual meydana çıxır: bəs yekunda Avropaya kim qaz tədarük edir - Rusiya, yoxsa Azərbaycan? Belə çıxır ki, ABŞ tez bir zamanda tərəfdaşdan asanlıqla rəqibə çevrilə bilər?
Yuşkov hesab edir ki, Azərbaycan bazarının həcmi “Qazprom”unkuyla müqayisədə böyük deyil.
Məsələn, “Qazprom” keçən il Türkiyəyə 29 milyard kubmetr qaz tədarük edib. Türkiyə 2018-in iyunundan 6 milyard kubmetr Azərbaycan qazı almağa başlayacaq.
Azərbaycan qazı Avropa bazarında “Qazprom”la yalnız 2020-ci ildən rəqabətə girə bilər. Çünki Türkiyədən tranzitlə TAP qaz kəməriylə tədarüklər yalnız iki ildən sonraya planlaşdırılıb.
Bəzi mütəxəssislər, xüsusilə də rus geosiyasətçiləri “Cənub Qaz Dəhlizi”nin gerçəkləşməsini Rusiyanın geosiyasi məğlubiyyəti kimi dəyərləndirilər. Bu yanaşmaya əks mövqedə dayanan mütəxəssislər də az deyil.
Belələri isə “Cənub Qaz Dəhlizi”nin Moskvanın maraqlarına ziyan vura biləcək gücdə olmadığını bildirir və bunu Azərbaycanın real və perspektiv təbii qaz resursları ilə əlaqələndirirlər. Bununla yanaşı, tamamilə fərqli və daha konstruktiv yanaşma sərgiləyənlər də var.
Məsələn, Rusiyanın Energetik İnkişafı Fondunun direktoru Sergey Pikinin qənaətinə görə, Moskva yeni boru kəmərinin infrastrukturundan öz maraqları üçün istifadə edə bilər.
Rusiyanın Milli Energetika İnstitutunun direktoru Sergey Pravasudov da eyni fikirdədir. Həm Pikin, həm də Pravasudov “Qazprom”un “Türk axını”nın ikinci xətti ilə TANAP-a qoşulma perspektivinin böyük olduğunu bildirirlər.
“Cənub Qaz Dəhlizi”nin Bakıda gerçəkləşən açılışına ən maraqlı reaksiyanı Rusiya sərgilədi.
Rusiya prezidenti açılışla bağlı Azərbaycana təbrik ünvanlasa da Bolqarıstanın dövlət başçısı ilə geçirdiyi görüşdən sonra Moskvanın indiki halda daha real görünən yanaşmasını dilə gətirdi.
Sitat: “Rusiya “Cənub Qaz Dəhlizi” boru kəmərindən özü üçün təhlükə görmür. Biz istənilən iqtisadi fəallığı alqışlayırıq”.
Anaxeber.Az
Turan
Tarix: 7-06-2018, 09:29
Xəbəri paylaş





Xəbər lenti