Rəsmi Bakı Paşinyana cavab verdi və Azərbaycanın "ən böyük güzəşti"nə aydınlıq gətirdi





Rəsmi Bakı Paşinyana cavab verdi və Azərbaycanın "ən böyük güzəşti"nə aydınlıq gətirdi
"Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk".

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamasına münasibət bildirən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Mia.az-a deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir.

"Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Bu qətnamələrdə işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.

Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır".

O, qeyd edib ki, danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır:

"Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır. Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir", -deyə XİN rəsmisi vurğulayıb.
Tarix: 7-06-2018, 14:50
Xəbəri paylaş





Xəbər lenti