Son iki həftədə 4 icra başçısı prezident İlham Əliyevin müvafiq sərəncamları ilə vəzifələrindən azad edilib. Həmin icra başçılarının fəaliyyətləri barəsində bu vaxta qədər mətbuatda da neqativ məlumatlar dərc olunub. Belə ki, ötən həftə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən çıxarılıb. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan R.Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu. R.Yediyarov icra başçısı olduğu müddətdə sahibkarları incitməklə, onların mal-mülkünü yağmalamaqla məşhurlaşmışdı.
Əməllərinə görə R.Yediyarovdan heç də geri qalmayan Ağdam rayonunun icra başçısı Raqub Məmmədov da vəzifəsindən kənarlaşdırıldı.
Prezident həmçinin Bakının Binəqədi rayonunda da icra başçısını dəyişdi. Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun da məmura yaraşmayan hərəkətləri, addımları barəsində mətbuatda çoxsaylı yazılar dərc olunub.
İyunun 7-də isə Tovuzun icra başçısı Tofiq Məhəmmədəli oğlu Zeynalov prezidentin sərəncamı ilə vəzifəsindən azad edildi. Məlumatlara görə, bundan sonra da bir neçə icra başçısının dəyişdiriləcəyi gözlənilir.
Bəs icra başçılarının dəyişdirilməsi nəyi dəyişəcək?
“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu, kadr siyasətinin və kadrların yenilənməsinin ikinci mərhələsidir: “Bundan əvvəl isə hökumət, Prezident Aparatı strukturlarında dəyişikliklərə gedildi. Nazirlər Kabineti sistemində cavan və perspektivi aydın görünən bir sıra şəxslər nazir vəzifəsinə təyin olundu. Onlar da nazirlik sistemlərində ciddi kadr dəyişiklikləri aparırlar. Bütün bunların fonunda belə demək mümkündür ki, korrupsiyalaşmış, qohumbazlıq və şəxsi sədaqət prinsipi əsasında formalaşdırılmış kadrlar sistemi dəyişdirilir. Hələ də Azərbaycanda kadrların təyin edilməsində regionçuluq və qohumbazlıq əlamətləri qalmaqdadır. Prezident bu məsələlərə diqqət yetirir və bunu aradan qaldırmağa çalışır. Məsələn, baxırsan ki, nazirin qardaşı icra başçısıdır. Əvvəllər mövcud olmuş nazirlərin müəyyən rayonlara kurasiya sahəsi kimi baxmasına da son qoyulur. Artıq Prezident Aparatının müvafiq şöbəsi yerli icra hakimiyyəti orqanına nəzarəti daha effektiv surətdə həyata keçirməyə başlayıb. Bu kadr dəyişiklikləri də həmin proseslərin tərkib hissəsi kimi qavranılmalıdır. Zənnimcə, son zamanlar xüsusən də rüşvətxorluq və korrupsiya ilə bağlı daha ciddi mövqe sərgilənməkdədir. Bu faktların üzərinə daha prinsipial surətdə gedilib və onun kökünün kəsilməsinə cəhdlər edilir. Hesab edirəm ki, dövlət aparatı müasir tələblər səviyyəsində qurulmalıdır. Siyasi sistemin konstitusiyamızda yaradılmış formaları, konstitusiyanın tələblərinə uyğun şəkildə qurulmalı, səmərəli fəaliyyət göstərməlidir. Ərizə və şikayətlərə baxılması, vətəndaşların hüquqlarının qorunması, bütün bu kimi məsələlərdə yüksək səriştəlilik və həssalıq göstərilməsi, kadr seçimində əsas meyarlar olmalıdır”.
Politoloq bildirib ki, indiki kadr siyasəti və xüsusilə də yerli icra hakimiyyəti orqanlarında aparılan yenilənmə məhz sadalanan hədəflərə yönəlib:
“Yəqin ki, bütün bunlar öz səmərəsini verəcək. Bütün dövrlərdə düzgün və sağlam kadr siyasəti, aparılan işlərin ana xəttini təşkil edib. Dövlətin səmərəli idarə edilməsi, məhz kadr siyasəti ilə sıx bağlıdır. Görünür, prezident yeni seçkilərdən sonra ölkənin kadr problemlərinə daha ciddi surətdə müdaxilə etməkdədir. Çalışır ki, bu məsələdə bəlli meyarlar gözlənilsin, həyata keçirilsin. Güman edirəm ki, bütün bunların hamısı dövlət idarəçiliyinin təkmilləşdirilməsinin tərkib hissəsidir. Eyni zamanda bunlar səmərəli dövlət aparatının qurulmasında vacib addımlardan biridir. Bəllidir ki, bu icra başçılarından əhali də narazı idi və onlara ”kiçik padşahlar" deyirdilər. İnsanların gündəlik qayğılarına və ehtiyaclarına yönəlmiş gündəlik kadr korpusunun qurulmasına can atılır. Əlbəttə ki, bunu xalq da alqışlayır. Dövlətimiz dünya standartlarına cavab verən kadr siyasəti həyata keçirməklə, müasir dövlətçiliyin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atır. Hər halda, yeni icra başçılarının da necə fəaliyyət göstərəcəkləri bir müddət sonra məlum olacaq. Ancaq hesab edirəm ki, ciddi nəzarət sistemi də qoyulmalıdır. Kadrlara ciddi şəkildə nəzarət edilməlidir. Görülən işlərin icrasına, dövlət büdcəsinin xərclənməsinə ciddi şəkildə diqqət edilməlidir. Bununla yanaşı, kadrlarla bağlı ictimai rəyə də diqqət etmək lazımdır. Çünki insanların imicinin müəyyən edilməsində ictimai rəy əhəmiyyətli amillərdən biridir. Ona görə də şəxsin haqqında cəmiyyətdə formalaşmış fikir və mülahizələrə də diqqət edilməsi əsas şərtlərdəndir. Sözsüz ki, kadr vətənpərvər olmalı, öz xalqını, vətənini sevməlidir. Bununla yanaşı, regionçuluq duyğularından da uzaq olmalı, ümummilli, dövlət maraqlarına sadaqətlə xidmət etməyi bacarmalıdır. Bütün bunların fonunda insanlar da əmin olmalıdırlar ki, onlara rəhbərlik edən adamlar bu millətə xidmət edirlər. Bütün bunlar ciddi və fədakar işdən, dövlətçiliyin qorunmasından keçir".
Əli Rais