Siyasətdən mühacirətə:Hansı partiyanın nə qədər mühaciri var?


Son zamanlar ölkə vətəndaşlarının, xüsusilə də gənclərin “siyasi mühacir” olmaq sevdası daha da artıb.

Belə demək mümkündürsə, hər 5 nəfərdən 1-i mühacirətə getmək üçün müxtəlif yollar axtarır. Aralarında gedənlər də olur, gedə bilməyənlər də. Gedənlərin necə getdiyi, getməyənlərin də niyə gedə bilməməsi əslində hər kəsə aydındır. Bu cür müxtəlif A

Avropa ölkələrində “siyasi mühacir” həyatı yaşayanların əksəriyyətini siyasi cameədə demək olar ki, heç kim tanımır.
Onların siyasi təzyiqlərə məruz qaldığına isə yalnız onlara arayış verənlər inanır. Maralıdır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların da üzvlərinin böyük əksəriyyəti elə ölkə ərazisində yaşayır. Yəni, mühacirətdə deyillər. Siyasi partiyalardan soruşduqda da bunu görmək olur. “Cümhuriyət” qəzeti olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyalara “Üzvlərinizdən neçə nəfər mühacirətdədir”  sualını ünvanladıq.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev üzvlərindən birinin mühacirətdə olduğunu deyib: “Hazırda mənim bir müavini mühacirətdədir. Cavid Cabbarlı Almaniyada mühacir həyatı yaşayır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, sədr müavinlərindən bir neçəsi mühacir həyatı yaşayır: “Partiya sədrinin müavinlərindən 4-ü mühacirətdədir. Bundan əlavə partiyanın Ali Məclisinin keçmiş sədri də siyasi mühacirdir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev də partiya üzvlərindən birinin mühacirətdə olduğunu deyib: “Təəssüflər olsun ki, bizim də üzvlərimiz arasında mühacirət həyatı yaşamağa məcbur olan var. Taleyi ilə maraqlanırıq, imkan daxilində əlaqə saxlayırıq. Ümid edirik ki, bir gün ölkədə tam demokratik cəmiyyət qurular və bütün qürbətdə olan mühacirlər öz vətənlərinə dönərlər”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə mühacirətə getməyin tərəfdarı olmadığını bildirib: “Partiya üzvlərindən mühacirətdə olan bir nəfər var. Biz hələ yeni partiya olduğumuzdan bir o qədər də mühacirimiz yoxdur. Ümumiyyətlə, mühaciərətə getməyin tərəfdarı deyiləm. Burada qalıb mübarizə aparsalar, daha yaxşı olar”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da mühacirətə getməyin əleyhinə olanlardandır: “Dəqiq sayını bilmirəm, amma bir-iki nəfər də olsa, AMİP üzvlərindən mühacirətdə olanlar var. Partiya üzvlərinin gələcəkdə mühacirətə getmək fikrində olduğunu isə deyə bilmərəm. Bütün hallarda istəmərik ki, nəinki AMİP üzvləri, ümumiyyətlə, ölkə vətəndaşları mühacirətə getsinlər. Çünki bu ölkənin gələcəyi, genefondu üçün çox ciddi təhlükə yaradır. Xüsusilə də gənc nəsil Avropaya, mühacirətə daha çox həvəs göstərir. Bunun da səbəbləri var. Ölkədə işsizlik, sosial məişət problemləri, müharibə riski və sair səbəblər onları buna təhrik edir”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə təmsil olunduğu partiyadan uzun müddətdir mühacirətə gedənin olmadığını deyib: “KXCP-də o qədər də mühacir yoxdur. Çox öncələr gedənlər olub. Ancaq uzun müddətdir ki, bizim partiyadan heç kim mühacirətə getməyib”. Göründüyü kimi, siyasi partiya üzvlərindən çox az sayda mühacir həyatı yaşayan insanlar var. Bəs, Avropa ölkələrində olan bu qədər “siyasi mühacir” hansı partiyanın üzvləridir? Hər halda onlara “siyasi” statusu verənlər bunun cavabını daha yaxşı bilərlər. 

Vilayət Muxtar

Cebhe.info

Tarix: 10-06-2018, 21:58
Xəbəri paylaş





Xəbər lenti