1 ay sonra Rusiya müdaxiləyə cəhd edəcək- MÜSAHİBƏ


Cənubi Qafqazda və Mərkəzi Asiyada ABŞ-la Rusiya arasında geosiyasi gərginliyin artdığı müşahidə olunur.

Bəzi ekspertlər hazırkı situasiyada Yaxın Şərq, İran, Cənubi Koreya kimi problemlərin ABŞ üçün əsas prioritet təşkil etdiyini və Cənubi Qafqazın diqqət mərkəzində olmadığını bildirir. Ancaq post-sovet məkanında, o cümlədən, Cənubi Qafqaza nəzər saldıqda ciddi bir geosiyasi qarşıdurmanın baş verdiyini görmək olar. Bu proses MDB məkanını Rusiyanın təsir dairəsindən çıxartmağa hesablanmış geostrateji bir plan hesab edilir. Gürcüstanın 2021-ci ildə NATO üzvlüyünə qəbul ediləcəyi barədə rəsmi açıqlama, Ermənistanda Qərbin dəstəyi ilə baş verən “məxməri inqilab” Qərbin Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətini öz xeyrinə dəyişmək cəhdinədən xəbər verir. 

Politoloqlar Rusiyanın öz mövqeyini qoruyub saxlamaq üçün yaxın perspektivdə Cənubi Qafqazda və Mərkəzi Asiyada ABŞ-a, o cümlədən, NATO-ya qarşı müqaviməti artıracağını proqnozlaşdırır.

Ona görə də qeyd edilən proseslərin Azərbaycana mümkün təsirlərini təhlil etmək üçün suallarımızı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər cavablandırdı.

-İlk növbədə mənzərəni ətraflı görmək istəyiriksə, ona əhatəli baxmaq lazımdır. Yəni strateji qiymətləndirməni operativ taktiki qiymətləndirmədən fərqləndirməliyik. Strateji qiymətləndirmə uzunmüddətli dövrü əhatə edir.

Operativ taktiki qiymətləndirmə isə mövcud şəraitdə baş verən hadisələrə görə aparılır. Strateji planda qiymətləndirsək, nəzərə almaq lazımdır ki, “soyuq müharibə” çoxdan başa çatıb və Qərb bu savaşın qalibidir. Həm Qorbaçov, həm də Yeltsin Rusiyası bu məğlubiyyəti qəbul etmişdilər. Lakin Rusiyanın dərin dövləti Vladimir Putini hakimiyyətə gətirməsi ilə Moskva yaranmış geopolitik duruma etirazını bildirdi. Hətta Putin çıxışlarının birində SRRİ-nin dağılmasını XX əsrin fəlakəti adlandırmışdı. Bu, rus dərin dövlətinin fikrinin ifadəsi idi. Bundan sonra Rusiya siyasətini tədricən dəyişməyə başladı və Qərbə qarşı əks-hücuma keçdi. Rusiya ABŞ-ın qlobal liderliyinə öz etirazını ortaya qoydu. Bundan sonra post-sovet məkanının geopolitik inkişafında yeni bir mərhələ başladı.

Həmin mərhələ də getdikcə yüksələn toqquşmalarla müşayiət olunur. Hazırda isə bir tərəfdə ABŞ, NATO və Avropa Birliyi, digər tərəfdə isə Rusiya, İran və Şimali Koreyanın dayandığı bu geopolitik qarşıdurma həm qlobal miqyasda, həm də bizim regionumuzda həlledici mərhələyə daxil olub. Ona görə də bizim və Geniş, Böyük Orta Şərq adlandırılan qonşu regionda qarşıdurmanın həlledici mərhələyə daxil olması özünü göstərməyə başlayıb. Onu da qeyd edim ki, ABŞ özünün regional siyasətində korrektələr etməyə başlayıb. Məsələn, Orta Asiyanı əvəz edən Böyük Mərkəzi Asiya anlayışı meydana çıxıb və ABŞ Əfqanıstanla, Pakistanı da bura daxil edir. Hindistandan o tərəf isə Hind-Sakit Okean Regionu adlandırılır. Bir tərəfdən, İran məsələsi gündəmə gəlib, digər tərəfdən, Rusiya amili gündəmə gəlib, eyni zamanda Cənubi Qafqaz məsələsinin geopolitik planda həlli gündəmdədir. Qonşu Rusiyada, İranda, Gürcüstanda və Ermənistanda baş verən proseslər şübhəsiz ki, Azərbaycana da təsir edir. Çox güman ki, bu təsir artacaq. 

-Rusiya Gürcüstanın NATO-ya daxil olmasının və Ermənistanın yeni hökumətinin Qərbə yönəlik siyasət yürütməsinin qarşısını ala biləcəkmi? 

-Bu məsələyə yenə də ikili səviyyədə baxmalıyıq. Strateji planda Putin anlayır ki, onun resursları NATO ilə müqayisədə zəifdir. Rusiya prezidenti bunu Sankt-Peterburqdakı çıxışında da bildirdi. Stokholm Sülh Tədqiqatları İnstitutunun araşdırmalarına görə, 2017-ci ildə ABŞ-ın hərbi xərcləri 610 milyard dollar təşkil edib. NATO-nun hərbi xərcləri isə ötən il 900 milyard dollar olub. Rusiyanın hərbi xərcləri isə 2017-ci ildə 67 milyard dollara yaxın olub. Bu strateji qarşıdurmadan kimin qalib çıxacağını bu rəqəmlərdən müəyyən etmək çətin deyil. Ona görə də Rusiya operativ-taktiki planda nə qədər dirəniş göstərsə də, strateji planda uduzacağını bilir.

Rusiyanın məqsədi özünü Qərbdən müdafiə etmək, daha çox güzəşt əldə etməkdən ibarətidr. Rusiya bəzən Qərbi müharibə ilə təhdid etməklə, şantaja əl atmaqla özünün strateji maraqlarını qorumağa çalışır. Məsələn, Kreml “Böyük yeddilər”in sırasına qayıtmaq, post-sovet məkanında Rusiyanın rəyinin nəzərə alınmasına çalışır. Operativ-taktiki plandan sonra isə hər şey futbol üzrə dünya çempionatından sonra məlum olacaq. Artıq çempionatın başlanmasına bir neçə gün qalır. Rusiya həm Ermənistanda, həm Gürcüstanda gedən proseslərə müdaxilə etməyə çalışacaq. Amma Rusiya eyni zamanda anlayır ki, dirəniş göstərəcəyi təqdirdə, Qərbin müqaviməti ilə üzləşə bilər. Ukraynanı, Gürcüstanı, Moldovanı itirdiyi kimi, Ermənistanı da itirə bilər. Ermənistandan Rusiya hərbi bazalarının çıxarılması məsələsi gündəmə gələ bilər. Həmçinin, NATO-nun Gürcüstanı indiki sərhədləri daxilində üzvlüyə qəbul edəcəyi istisna olunmur. NATO-nun nizamnaməsinə görə, alyansa üzv olan ölkənin gərək qonşu ölkələrlə sərhəddində öz daxilində münaqişə olmasın. Amma hazırda NATO-da Gürcüstanı mövcud vəziyyətdə alyansa üzv qəbul etmək barədə müzakirələr gedir. Rusiya da bunu bilir və qonşu ölkələrin NATO-ya daxil olmasının qarşısını almaq üçün sərhədlərini pozur, münaqişələri pozur. 

-Gürcüstanın NATO üzvlüyünə yaxınlaşması, Ermənistanda baş verən hadisələrdən sonra Cənubi Qafqazda geosiyasi balansı ABŞ-ın xeyrinə dəişmiş hesab etmək olarmı, yoxsa, bu qüvvələr nisbəti Rusiyanın xeyrinə qalmaqda davam edir? 

- Gürcüstan öz strateji qərarını verib və referendum keçirməklə NATO-ya və Avropaya üzvlük yolunu tutub. Ermənistana gəldikdə isə 23 apreldə baş verən hakimiyyət dəyişikliyindən sonra yeni hökumət Rusiya ilə əməkdaşlığı qorumaq şərti ilə Avropaya və Avroatlantik məkana daha sıx inteqrasiya yolunu tutmağa cəhd edir. Yəni Ermənistan hələ ikili mövqe nümayiş etdirir. Bu da anlaşılandır. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqidir, Gümrüdə Rusiya hərbi bazası var. 

Ölkənin sərhədləri Rusiya tərəfindən qorunur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Paşinyan hökuməti Ermənistanın iqtisadi cəhətdən Rusiyanın nəzarətində olduğunu nəzərə almağa məcburdur. Ona görə də Ermənistan ikili xətt yürüdəcək. Bu da Rusiyanı qıcıqlandıracaq. Ona görə də yaxın mddətdə, görünənə gələcəkdə Ermənistanda ABŞ və Qərbin Rusiya ilə toqquşmasının şahidi olacağıq. Bölgədə balansa gəldikdə isə, hərbi-siyasi sahədə üstünlük Rusiyanın, geoiqtisadi baxımdan, Qərbin tərəfindədir. 

-Bəs bu geopolitik qarşıdurma müstəvisində Azərbaycan hazırda hansı mövqedədir?

- Azərbaycan Gürcüstan və Ermənistanla müqayisədə öz məsələsinin o qədər də aktual olmadığını düşünür. Yəni Azərbaycan hesab edir ki, hələ zamanı var və indiyə qədər yürütdüyü strateji seçim etməmək xəttini davam etdirəcək. Azərbaycanın yaxın bir-iki ildə strateji xəttini dəyişəcəyini düşünmürəm.

-ABŞ-ın öz hərbi yüklərini Xəzər dənizindən keçməklə Qazaxıstan və Özbəkistan vasitəsilə Əfqanıstana daşınması, eyni zamanda bu ölkələrə investisiya qoyuluşunu artırması, son məlumatlara görə isə “Transxəzər” qaz kəməri layihəsinin reallaşdırılması ilə bağlı Avropa Birliyi ilə Türkmənistan arasında razılaşmanın əldə olunması barədə xəbərlərin Azərbaycana hansı şəkildə təsir göstərə bilər? 

-Bu proseslərin Azərbaycana təsir göstərəcəyi qaçılmazdır. Çünki Amerikanın xarici siyasətində Cənubi Qafqaz və Mərkəzi Asiya geopolitik baxımdan, vahid region kimi götürülür. Trampın dönəmində meydana çıxmış Genişləndirilmiş Mərkəzi Asiya anlayışı əvvəlki yanaşmadan fərqlidir. Amma hələlik aparılan praktiki siyasətdə Cənubi Qafqaz - Mərkəzi Asiya xətti üstünlük təşkil edir. Bu bölgədə ABŞ və Avropa Birliyi dediyim kimi, geoiqtisadi baxımdan qələbə əldə ediblər və bunu tam, geriyədönməz etmək istəyirlər. Buna nail olmaq üçün də “Transxəzər” dəhlizi açılmalıdır. “Transxəzər” dəhlizinin qarşısının alınmasında Rusiyanın və İranın dirəniş göstərməsi də bununla bağlıdır. Bu səbəbdən də Xəzər dənizinin hüquqi statusu indiyə qədər həll olunmur. 

Rusiya və İran anlayır ki, “Transxəzər” layihəsi reallaşarsa və Türkmənistanın, hətta gələcəkdə İranın təbii qazı bu dəhliz vasitəsilə Avropaya nəql olunarsa, o halda gerçəkdən Rusiyanın Avropa Birliyi ilə münsibətdə əsas təsir vasitəsi əlindən çıxa bilər. Məlumdur ki, Avropanın enerji bazarında Rusiya qazına böyük tələbat var. Rusiya 2017-ci ildə Avropa ölkələrinə, Türkiyə də daxil olmaqla 160 milyard kubmetr qaz ixrac edib. Cənub Qaz Dəhlizinin işə düşməsi Rusiyanı tam narahat etmir. Çünki TANAP və TAP kəməri Rusiyanın Avropaya ixrac etdiyi qaza alternativ deyil. Ona görə də Rusiya daha çox Mərkəzi Asiya qazının “Transxəzər” vasitəsilə bu enerji dəhlizinə qoşulmasından narahatlıq keçirir. Gələcəkdə isə İran qazının Ermənistanın Mehri dəhlizi vasitəsilə Cənub Qaz Dəhlizinə qoşulması baş verə bilər. Burada məqsəd bir tərəfdən, İranla Rusiyanı qarşı-qarşıya qoymaq, digər tərəfdən, Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxartmaqdan ibarətdir.

Müşfiq Abdulla

Cebhe.info

Tarix: 10-06-2018, 23:31
Xəbəri paylaş





Xəbər lenti