Kremldən YENİ İTTİFAQ təklifi


Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Aleksandr Duqin Rusiya, İran və Türkiyə birliyi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Duqin hesab edir ki, Türkiyə, İran və Rusiya ittifaqı dünyanın gələcəyini müəyyən edəcək. Məlumdur ki, adıçəkilən 3 ölkə Suriya məsələsinin çözülməsinə müəyyən razılaşmalar əldə edib. Ancaq istər siyasi, istərsə də digər mənalarda hər 3 ölkənin fərqli düşüncələri və geosiyasi maraqları var. Bu, illər ərzində adıçəkilən ölkələrin qarşılıqlı münasibətlərində açıq şəkildə görünüb. Digər tərəfdən, hər üç ölkənin fərqli ideologiyası var ki, bu da mövcud geosiyasi maraqlar baxımından digər ölkələrin maraq dairəsində deyil.

Maraqlıdır, Türkiyə, İran və Rusiyanın birgə strateji əməkdaşlığı mümkündürmü? Adıçəkilən ölkələrin toqquşan və üst-üstə düşən maraqları hansılardır?

Birliyə mane olan səbəblər

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində belə bir birliyin mümkün olmadığını deyib. Onun sözlərinə görə, hər üç ölkənin imperiya maraqları bu birliyin yaranmasına imkan verməyəcək:“Duqinin Avrasiya birliyi ideologiyasında Rusiyanın dünya hegemonluğu nəzərdə tutulub. Rusiyanın Qərb tərəfindən sıxışdırıldığı bir məqamda təbii ki, bu regionda, xüsusilə də Avrasiyada bu 3 güc mərkəzi haqqında müxtəlif fikirlər var. Duqinin də bu istiqamətdə araşdırma və təhlilləri mövcuddur. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, bu fikir yalnız nəzəri olaraq qəbul oluna bilər. Bir şərtlə ki, adıçəkilən dövlətlərin imperiya iddiası olmasın. Məlumdur ki, Kreml nüvəsi Rusiya olan birlikdə  iştirakda maraqlıdır. Rusiya istəyir ki, ölkələr əsasən onun “orbiti ətrafında fırlansın”. Bunu Rusiyanın postsovet ölkələrinə münasibətdə görürük. Moskva  heç bir postsovet ölkəsi ilə bərabərhüquqlu münasibətlər sistemi qurmur. Ona görə ki, bu ölkələri özünün arxa bağçası hesab edir. Rusiya əgər həqiqətən də bu cür birlik layihəsi həyata keçirmək istəyirsə, mütləq mənada imperiya iddialarından əl çəkməlidir.

İranın da şiə məzhəbini yaymaq kimi bir ideologiyası var. Bu istiqamətdə İran hələ də Suriyada, Yəməndə və Yaxın Şərqin digər bir çox ölkələrində fəaliyyət göstərir. Bu gün Yəməndə vətəndaş müharibəsi davam edir və orada ərəb koalisiyası adı altında Səudiyyə Ərəbistanı bölgəyə müdaxilə edir. Digər tərəfdən, İran 2011-ci ildən başlayaraq Suriya müharibəsində iştirak edir və hələ də bölgəni tərk etmək fikri yoxdur. Ona görə də düşünürəm ki, bu cür imperiyayönümlü siyasətdən əl çəkilmədikcə, Avrasiya modeli kontekstində belə bir üçlü modelin yaranması mümkünsüzdür”.

Suriyada toqquşan maraqlar

N.Miri hesab edir ki, Türkiyə, İran və Rusiyanın Suriya məsələsində də maraqları üst-üstə düşmür:“Ancaq Suriya məsələsində Rusiya, İran və Türkiyənin bir razılaşması mövcuddur. Bu razılaşmadan irəli gələn nəticə ondan ibarətdir ki, Suriyada gərginliyi azaltmaq üçün 4 bölgə yaradılıb. Bu bölgələrdən birinə də Türkiyə rəhbərlik edir. İdlibdə Türkiyə artıq 12 müşahidə məntəqəsi yaratmaqla, dolayısı ilə həmin bölgədə sabitliyi təmin edə bilib. Ancaq bundan başqa Suriyanın gələcəyi, yeni konstitusiyası və gələcək prezidenti haqqında bu ölkələr arasında razılaşma yoxdur. Düşünürəm ki, belə bir anlaşmanın olacağı da gözlənilmir. Bütün bunları nəzərə alanda, bu məsələdə razılaşma çətin görünür”.

Natiq Miri hesab edir ki, bu cür birlik ancaq nəzəri baxımdan mümkündür: “Bunlara rəğmən belə bir üçlü formatın olması region üçün müsbət nəticələr vəd edə bilərdi. O, cümlədən, Dağlıq Qarabağ problemini regional səviyyədə, yəni Ermənistana təsir etmək imkanı olan ölkələr çərçivəsində həll  etmək olardı. Ancaq təəssüf ki, nə Suriya, nə də Qarabağ məsələsinə bu ölkələrin yanaşma tərzi birmənalı deyil. Bu məsələdə də uzlaşma yoxdur. Bu baxımdan hesab edirəm ki, Duqinin dediklərini praktik olaraq həyata keçmək reallıqdan uzaqdır”.

Vilayət Muxtar

Cebhe.info

Tarix: 10-07-2018, 21:38
Xəbəri paylaş





Xəbər lenti