PAŞİNYAN ÜÇÜN “RUS RULETKASI”:Avropaya hazırlaşan erməni Baş nazir Qarabağla bağlı əvvəlki mövqeyindən niyə geri çəkildi? -TƏHLİL



“1in.am”,

Ermənistan, 10 iyul 2018-ci il

 

11 iyulda Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfər edəcək, onun Avrop Birliyi (AB) rəhbərliyi ilə yüksək səviyyəli görüşləri planlaşdırılıb. Nikol Paşinyanın NATO sammitində iştirakı da gözlənilir.

Ötən həftə “1in.am”a verdiyi müsahibəsində o bəyan edib ki, onun NATO sammitində iştirakı sammitin yekun sənədinin – rəsmi məlumatının mətni ilə şərtlənir və əgər onda bizim üçün qeyri-məqbul ifadələr yer almayacaqsa, o, zirvə görüşündə iştirak edəcək. 

Buna paralel olaraq, dünən məlum olub ki, 11 iyulda Brüsseldə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin – Zöhrab Mnasakanyanla Elmar Məmmədyarovun görüşü olacaq.

Bu, Ermənistanda “məxməri inqilab”ın baş verməsindən və Azərbaycanda prezident seçkilərinin keçirilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşü olacaq.

Bu, eyni  zamanda Nikol Paşinyanın 9 mayda Stepanakertdə (Xankəndidə – tərc.) Dağlıq Qarabağın danışıqlar prosesinə geri dönməsi haqqında verdiyi bəyanatdan sonra Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ilk görüşü olacaq.

Nikol Paşinyanın bu bəyanatı ikimənalı deyil, birmənalı olub və mahiyyətcə, imperativ – ilkin şərt əhəmiyyətli idi. O, nəzərdə tuturdu ki, əgər Dağlıq Qarabağın iştirakı təmin edilməyəcəksə, bu andan başlayaraq Ermənistan Qarabağ münaqişəsinin həllində iştirak etməyəcək. İndi isə Ermənistan, faktiki olaraq, XİN başçılarının görüşündə iştirak edir, bu da Nikol Paşinyanın imperativ – ilkin şərt əhəmiyyətli bəyanatından geri çəkilmədir.

Əlbəttə, müxtəlif formullar tapmaq olar ki, XİN rəhbərlərinin görüşü, əslində, texniki xarakter daşıyır və mühüm olan iki ölkə başçısının görüşü və Nikol Paşinyanın tələbinin yerinə yetirilməsi – onun, həmçinin, ehtimala əsasən, Bako Saakyanın İlham Əliyevlə görüşünün təşkil edilməsidir. Lakin baş vermiş son bir neçə hadisəyə əsasən, belə görüş, çətin ki, baş tutsun. Çünki belə təəssürat yaranır ki, erməni tərəfi Qarabağın danışıqlar prosesinə geri döndərilməsi tələbindən imtina edib.

Xarici işlər naziri Zöhrab Mnasakanyanın “Şant” televiziya kampaniyasının “Horizont” verilişinə verdiyi son müsahibə belə təəssürat yaradır. O, danışıqlar prosesini kifayət qədər geniş şərh edir, lakin bu şərhdə Ermənistanın Qarabağın danışıqlar prosesinə geri qaytarılması prinsipini rəhbər tutmağa davam etməsi haqqında hər hansı bir bəyanat səslənmir.

Aram Abramyanın “10 ildən artıq müddət ərzində bizim diplomatiya, təxminən, elə onu deyirdi ki, Qarabağın səsi eşidilmir və o, həlledici deyil” sualına cavab verərkən, Zöhrab Mnasakanyan deyir: “Mən deməzdim ki, Qarabağın səsi eşidilmir və o, həlledici deyil. Qarabağ həm bizim tərəfimizdən, həm də həmsədrlər tətəfindən dəqiq prosesə cəlb edilib və o, prosesin mahiyyətindən də, daxilindən də, danışıqlar masası üzərində olan vasitələrindən də, yollarından da xəbərdardır”.

Hamısı elə bu qədər. Qarabağın danışıqlar prosesinin tamkeyfiyyətli tərəfi edilməsi barədə bir söz belə yoxdur. Bunun Nikol Paşinyanın Baş nazir seçilməsinin ertəsi günü verdiyi birinci konseptual bəyanatı olması haqqında bir söz belə yoxdur.

Bu müddətdə nə dəyişib, nə üçün Ermənistan dolayısı ilə bu tələbdən imtina edir? Bu suallara birbaşa cavab, əlbəttə, yoxdur – ən azı ictimai səviyyədə. Lakin bu suallara dolayı cavablar ötən həftə baş tutan görüşdə və onun haqqında verilən məlumatda gizlənmiş ola bilər.

Bir neçə gün bundan öncə, Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşevlə görüşüb və bu görüş gedişində, rəsmi məlumata əsasən, “Moskvanın, bütün tərəflərin maraqları nəzərə alınmaqla, Qarabağ münaqişəsinin dinc yolla və mərhələli tənzimlənməsi lehinə olan mövqeyi yenidən təsdiq edilib”.

RF Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində qeyd edilir ki, “Rusiyanın regionda sabitlik, bütün tərəflərin maraqları nəzərə alınmaqla, Qarabağ probleminin dinc, mərhələli tənzimlənməsini dəstəkləyən mövqeyi təsdiqlənib”.

Burada bizim üçün ən diqqətçəkici və ən təhlükəli olanı danışıqlar prosesində Qarabağın iştirakını istisna edən mərhələli həllə vurğu edilməsidir. Belə ki, mərhələli həll variantında Qarabağ danışıqların subyekti kimi iştirak etmir, onun obyekti olur.

Putin-Tramp görüşü, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü və Nikol Paşinyanın Brüssel səfəri öncəsi Rusiyanı Təhlükəsizlik Şurasının katibi səviyyəsində Qarabağ münaqişəsinin mərhələli həlli variantını xatırlatmağa nə məcbur etdi? Rusiyanın təzyiqilə danışıqlar prosesində Dağlıq Qarabağın iştirak etməsi tələbindən geri çəkilmə baş verirmi? Ermənistan və Azərbaycan XİN rəhbərləri Brüsseldə nə barədə danışacaqlar və Qarabağ məsələsi gözlənilən Putin-Tramp görüşündə müzakirə predmeti ola bilərmi?

Bütün bunlar da hələlik cavabları olmayan suallardır və onlara cavablar, yəqin ki, yaxın günlərdə ortaya çıxacaq. Bu suallara Ermənistan üçün əlverişsiz olan cavabların istisna edilməsi də Nikol Paşinyanın Brüssel səfərinin gündəliyində olmalıdır, əks halda biz etiraf etməyə məcbur olacağıq ki, Rusiyanın Ermənistana təzyiqi növbəti dəfə öz məqsədinə xidmət edir.

Bu kontekstdə, Rusiyanın ekspert dairələrinin, o cümlədən Aleksandr Duqinin Serj Sarkisyanın Baş nazir postunda qalması üçün Rusiyanın razılığının alınması qarşılığında, azad edilmiş 5 rayonun (mətndə belə gedir, işğal edilmiş 5 rayonumuz nəzərdə tutlur – tərc.) geri qaytarılmasına Ermənistandakı “məxməri inqilab”adək razılıq verməsi haqqındakı bəyanatları tamamilə başqa məna kəsb edir. Serj Sarkisyan artıq Baş nazir deyil, lakin xarici siyasət məsələlərində əvvəlki hakimiyyətin kursunu davam etdirəcəyini bəyan edən Nikol Paşinyan Baş nazirdir. Bu, təhlükəlidir.

Tərcümə Strateq.az-ındır

Tarix: 11-07-2018, 08:39
Xəbəri paylaş





Xəbər lenti