Ermənistan bu şərtlə hərbi tribunala çıxarıla bilər - TŞ qərarı...


Politoloq: “Avropada, Qərb dövlətlərində anti-erməni əhvalı...”

Başda Serj Sərkisyan olmaqla, Ermənistan hakimiyyətində təmsil olunan digər şəxslər Azərbaycana qarşı saysız-hesabsız cinayət əməli törədiblər. Onlardan biri Xocalı soyqırımıdır ki, illərdir biz bu hadisəni törədən cəlladları beynəlxalq Haaqa Məhkəməsinə çıxara bilmirik. Həmçinin Azərbaycana qarşı törətdiyi əməllərə görə Ermənistan hakimiyyəti hərbi tribunal da  çıxarılmır. APA-nın xəbərinə görə, bununla bağlı  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransı zamanı  bildirib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası hərbi tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul etməyib. O bildirib ki, məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biri də budur: “Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıb. Bu cür qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir”.

Mübariz ÆhmÉdoÄlu ile ilgili görsel sonucu

 “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu vurğulayıb ki, bizim Sərkisyanı beynəlxalq məhkəməyə verməyimiz üçün iki yol var: “Dövlət olaraq biz onu məhkəməyə verə bilərik. Ancaq bunun üçün də gərək biz, Roma Statutunun üzvü olaq, Ermənistan da həmçinin. Ermənistan isə Roma Statutunun üzvü deyil. Ona görə də biz də Roma Statutuna üzv olmadıq. İkinci yol isə Hikmət Hacıyevin qeyd etdiyi yoldur. Yəni gərək belə vəziyyətdə biz BMT qarşısında məsələ qaldıraq və BMT Təhlükəsizlik Şurası da müvafiq qətnamə qəbul etsin. İndiki halda nəzəri-diplomatik, siyasi yolla bunu qəliz görürəm. Yəni qəlizdir ki, BMT Təhlükəsizlik Şurasında qərar qəbul edilsin ki, Azərbaycan Ermənistanı ərazimizdə törətdiyi cinayətlərə görə məhkəməyə vermək  və konkret olaraq Robert Köçəryanın, Serj Sərkisyanın və digər təxminən 70-80 nəfər adamın məhkəmə qarşısına çıxarılmasını istəyir. Onların hər birinin konkret cinayəti var. Prokurorluq və digər hüquq-mühafizə orqanlarımız onlarla bağlı konkret faktları toplayıblar. BMT Təhlükəsizlik Şurası qərar qəbul edərsə, biz onu məhkəməyə verə bilərik. Ancaq bu, siyasi baxımdan çox çətin məsələdir. Əgər BMT TŞ Qarabağla bağlı qətnamə qəbul edəcəksə, elə əvvəlki qətnamələr çəkisində bunu qəbul etdirməliyik. Yəni erməni silahlı birləşmələri yox, Ermənistan Respublikasının silahlı birləşmələrinin təcili şəkildə Azərbaycan ərazisini tərk etməsi bildirilməlidir. Çünki 1990-cı illərin əvvəllərində qəbul edilən qətnamələrin hamısında göstərilib ki, erməni işğalçı birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Beynəlxalq hüquqda da ”erməni birləşmələri" sözü yoxdur. Ermənistanın konkret olaraq adı çəkilməlidir. Ancaq 4 qətnamənin heç birində Ermənistan Respublikası sözü yoxdur. Əgər biz yenə də qətnamə qəbul etdirə biləcəyiksə, o zaman Ermənistan Respublikasının adını ora saldırmalıyıq. Bunu qəbul etdirmək isə çətindir".

Politoloq bildirib ki, bu gün beynəlxalq aləmdə Ermənistanın əleyhinə tendensiya var: “NATO sənəd qəbul etdi və eynilə NATO-nun əvvəlki sammitlərində hansı sənəd qəbul edildisə, burada da onları gördük. ATƏT-in Minsk Qrupunun adı yoxdur və Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə dəstək elan olunur. Azərbaycanın ərazisindəki Dağlıq Qarabağ münaqişəsi eynilə Gürcüstanın, Moldovanın ərazisindəki münaqişə ilə bərabər tutulur. Avropa da ötən həftə Azərbaycanla sənəd imzaladı və orada da Dağlıq Qarabağ məsələsi eynilə bu şəkildə qoyuldu. Yəni ATƏT-in Minsk Qrupuna dəstək yoxdur, Dağlıq Qarabağ münaqişəsində iki tərəfin olduğu bildirilir. Azərbaycanın ərazi bütövlüyünə hörmət görünür. Xüsusilə Avropa ictimaiyyətində anti-erməni əhval-ruhiyyəsini bir qədər gücləndirmək və eləcə də ordumuzun fəaliyyəti ilə Avropada, Qərb dövlətlərində və ümumiyyətlə, həmsədr ölkələrdə anti-erməni əhvalını təxminən paralel şəkildə aparmalıyıq. Əgər Avropa ictimaiyyəti, həmsədr ölkələrin rəhbərləri görsələr ki, Ermənistan ciddi diplomatik iflasdadır və Azərbaycan da hərbi əməliyyatlara başlamaq istəyir, o zaman onlar təşəbbüs göstərib, BMT TŞ-də Dağlıq Qarabağla bağlı qətnamə qəbul edəcəklər.  Bu qətnamədə Ermənistanı məhkəməyə vermək və ya qoşunların Azərbaycan ərazisindən çıxarılmasının göstəriləcəyi isə artıq ikinci dərəcəli məsələdir. Hər ikisi eyni əhəmiyyətli şeydir”.

Tarix: 13-07-2018, 09:20
Xəbəri paylaş





Xəbər lenti