Gəncədə öldürülən kimdir? - DOSYE


  • /

Gəncədə öldürülən kimdir? - DOSYE




Rəşad Böyükkişiyev Gəncə sakini olub, şəhər mərkəzinə yaxın məhəllələrindən birində yaşayıb.

Qonşuları onun 5 nömrəli məktəbdə oxuduğunu, sakit bir "uşaq" olduğunu deyirlər.

"Yaxşı uşaq idi. Atası Rusiyaya, Sibirdə işləməyə getmişdi. Orda xəstələnib geri qayıtdı, bir müddət xəstə yatdı, sonra vəfat etdi. Ondan sonra Rəşadın həyatı dəyişdi, düzgün həyat yaşamayan adamlarla oturub durdu", vaxtilə onun qonşusu olduğunu söyləyən Gəncə sakini deyir.

İki bacının tək qardaşı olan Rəşad, 2007-ci ildə əsgərlikdən qayıdır, Ona anasının "pis yola" düşdüyü deyilir. Hərçənd qonşular 50 yaşlarında olan qadınla bağlı bu deyilənləri təsdiqləmirlər.

Hərbi xidmətdən yenicə qayıdan Rəşad bu söz-söhbətə görə anasını öldürür: "Polisə gedib özü təslim olmuşdu. Anasını qəddarcasına öldürmüşdü, başını kəsmişdi. O hadisəni unutmaq çətindir", qonşulardan biri deyir.

Rəşad dindar idimi? Qonşular "yox" deyir. "Özü danışmışdı ki, həbsxanada namaz qılıb, ibadətlə məşğul olub, amma deyirdi ki, türmədə dindarlara namaz qılmağa vaxt verirlər, tez-tez yuyuna bilirlər. Yəni belə deyirdi, həbsdən çıxandan sonra da Rusiyaya getdi", qonşulardan biri deyir.

Digəri onun Rusiyada oğurluq üstündə həbs olunduğunu, azadlığa çıxandan sonra Gəncəyə qayıtdığını deyir: "Onun bibisinin əri Gəncədə yüksək vəzifə tutan adamlardan biri olub. Elə onlarda da qalırdı. Anasını öldürəndən sonra o evi satmışdılar".

Qonşular üçün Rəşadın polis zabitlərinə hücumu müəmmalıdır, "heç bir fikrimiz yoxdur" deyirlər.

Elmar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev

İcra başçısına hücum

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub. O və onun mühafizəçisi ağır yaralanıblar.

Hadisə rəsmi şəxslər tərəfindən ilk öncə "kriminal hadisə" kimi xarakterizə edilsə də, sonradan hücumu törətməkdə təqsirləndirilən Yunis Səfərovun həm də "terror təşkilatları ilə əlaqəli şəxs olduğu və dövlət məmuruna qarşı terror törətdiyi" bəyan edilib.

Hadisə baş verəndən sonra Yunis Səfərovun üzərində xəsarətlər olduğu iddia edilən fotoşəkilləri yayılmış, hüquq-mühafizə orqanları bunun "hər hansı işgəncə olmadığını, saxlanarkən aldığı" xəsarət olduğunu bildirmişdi.

Bundan sonra naməlum şəxslər iyulun 10-da Gəncədə aksiya keçirəcəklərini elan etmişdilər. Həmin gün iki yüksək rütbəli polis zabiti hücum nəticəsində öldürülmüş, bir nəfər isə yaralanmışdı.

Həbslər

Cümə günü dərc etdiyi bəyanatında, Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü Gəncədə iki yüksək rütbəli polisin ölümündə şübhəli bilinərək, axtarışda olan şəxslərdən biri Rəşad Böyükkişiyevin öldürüldüyünü bildirib.

Məlumatda bildirilir ki, "şübhəli Rəşad Böyükkişiyevin gizləndiyi Şəmkir rayonunun Moranlı kəndində səhər saatlarında keçirilən əməliyyat zamanı, o, silahlı müqavimət göstərdiyindən yerindəcə məhv edilib".

DİN-nin məlumatında o da qeyd olunub ki, Gəncədə polislərin ölümündə şübhəli bilinənlərdən biri Samir İbrahimov da bir neçə gün əvvəl yaxalanıb.

Respublika Prokurorluğu BBC News Azərbaycancaya bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 nəfər həbs edilib.

Qurum bildirib ki, terrorçuluğa açıq çağırış etmiş digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Bundan başqa, qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib. \\BBC


Siam.az

Tarix: 14-07-2018, 09:15
Xəbəri paylaş





Xəbər lenti