Gəncə poliqonu: beynəlxalq güclərin Əliyevə mesajı yoxsa sosial zülm? – Brüssel gizlinləri...

 


 

Prezident İlham Əliyev Brüsseldə NATO sammitindən qayıdar-qayıtmaz Gəncə hadisələrinin dinlə əlaqəsi olmadığını bəyan etdi.
Anaxeber.Az-ın Analitik Mərkəzinin yaydığı xəbərə görə, dövlət başçısı bununla iğtişaşlarda dini motiv axtaranların arqumentlərini dağıtdı.
Bəzi hökumət rəsmiləri məsələləri dini amillərə bağlayaraq Azərbaycanda şiə məzhəbinə mənsub radikalların silahlanması imicini yaratmağa çalışırdı.
Prezident isə açıqladı ki, həmin terrorçular din pərdəsi altında cinayətlərini həyata keçirirlər və heç bir dini cihaddan söhbət gedə bilməz.
Belədə isə Gəncənin icra başçısına sui-qəsdin baş verməsinə şərait yaradan zəminin məhz sosial zülm və əhaliyə qarşı Elmar Vəliyevin yuxarıdan aşağıdan münasibətinin olduğu görünməkdədir.
Əgər E.Vəliyev gəncəlilərin nifrətini qazanmasaydı, onları aşağılayan fikirləri olmasaydı, vətəndaşların mülkiyyət və digər sosial hüquqları kobud şəkildə pozmasaydı, həmin fürsətcil qüvvələr də yaranmış vəziyyətdən sui-istifadə edə bilməzdilər.  
Odur ki, hadisələrin kökündə radikal ekstremistlər varsa, digər budağında məmur özbaşınalığı və zülmü dayanır. Ona görə ilk gündən E.Vəliyevə sui-qəsd az qala qəhrəmanlıq kimi qarşılanmağa başladı.
Çünki Gəncə xüsusi olaraq seçilmişdi: məmur zülmünün ən məşəqqətli nöqtəsi bu şəhər idi. Ekstremistlərə təlimat verən qüvvələr də həssaslıqdan istifadə edə biliblər.
     
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, bu qrupların Gəncə hadisələri ilə verdiyi üç mesaj var: birincisi, Azərbaycanın sabitlik imici korlansın, ikincisi ölkədə məzhəb savaşı qızışdırılsın, üçüncüsü geosiyasi proseslərdə rəsmi Bakı strateji seçimini edərkən bu güclərlə hesablaşsın.
Bəli, İ.Əliyev strateji seçimini çoxdan edib - avroatlantik məkana isteqrasiya. Brüsseldəki NATO sammitində iştirak, daha əvvəl TANAP-ın açılış mərasimi, seçkidən sonra ilk rəsmi səfərlərin Türkiyə və Böyük Britaniyaya olması hakimiyyətin Avropaya bir addım da yaxınlaşdığına dəlalət edir.
 
Azərbaycan hakimiyyəti Moskva və Tehranla məsafəli dostluq əlaqələri saxlayır, Rusiyadan enerji asılılığı azalır, öz qazını Avropa bazarına çıxarır, hətta son işıq fəlakəti zamanı Gürcüstandan kömək istədi və bütün sadalanan faktorlar Gəncədə məmur özbaşınalığının yaratdığı münbit şəraitdən istifadə edərək terror törədilməsinə, Bakıya təzyiq göstərilməsinə səbəb olur.
O baxımdan İ.Əliyev Brüsseldən döndükdən sonra çıxışında hadisələrdə dini motiv axtarılmasını qəti şəkildə təkzib elədi.
Sadəcə, Gəncədə E.Vəliyevin qanunsuz hərəkətlərinin yaratdığı gərginlik, gəncəlilərin ona nifrəti müxtəlif qrupların maraqlarının bu blgədə toqquşması ilə nəticələndi.
İstərsə beynəlxalq güclər, istərsə daxili qruplar, istərsə radikal dini ekstremistlər üçün əlverişli imkan və poliqon yaranmışdı.
Bu xüsusda daxili qrupların intriqa meydanı kimi Gəncəni seçmələrini də istisna etmək olmaz. Sanki qrupların qarşılıqlı ismarışları və “əzələ nümayişi” Gəncə cəbhəsində gedir.
Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, səbəb aradan qalxmasa, yeni İsmayıllı, Quba, Gəncə hadisələri baş verəcək. Bu səbəb isə yerli məmurların qudurğanlığıdır.
İqtidar etiraf etməsə də, sosial şəraitin acınacaqlı olması, işsizlik, məmurların süründürməçiliyi, insanları torpaqlarının əlindən alınması, obyektlərinin sökülməsi, vətəndaşların incidilməsi, icra hakimiyyətlərində qəbula gələnlərin qapıdan qovulması getdikcə şişib Gəncə hadisələrinə gətirib çıxaran partlayışların bir səbəbidir.
Hər nəqdərə xarici dairələrə ölkəni içində qarışdırmaq üçün məkrli planlar cızsa da, buna rəvac verənlər daxikdəki məmurların özbaşınalıqlarıdır.
Gəncə hadisələri dərs verdi ki, hakimiyyət rayonları oliqarxlar arasında bölüşdürmək əvəzinə, yerli seçkilər keçirməyi düşünməlidir.
Yunus Səfərovun döyülmüş şəklini yayan təxribatçılar anlayırdılar ki, ictimai rəy “yazığın və döyülənin” yanındadır.
Hakimiyyət imkan verməməlidir ki, Azərbaycanı istəməyən şimal, cənub və ya Qərbdəki dairələr bu vəziyyətdən istifadə etsinlər, ölkəni qarışdırsınlar. Xüsusən də İrandakı mühafizəkar qüvvələrin anti-Azərbaycan ssenarilərini qeyd etmək lazımdır.
Onlar fəal kəşfiyyat-pozuculuq işi aparır, radikal şiəyönümlü dini qruplara himayədarlıq edir, üstəlik virtual təxribat-pozuculuq, dezinformasiya fəaliyyəti apararaq əhali arasında çaşqınlıq yaratmağa çalışır.
Sonuncu baş verən hadisələr belə yəni Nardaranda məlum olaylar baş verərkən, indi də
Gəncədə qarışıqlıq yaranan kimi yenə İran yada düşür.
Amma təkcə nazirləri işdən azad edərək yeni fiqurlar təyin etməklə deyil, sosial-iqtisadi proqramla, ciddi islahatlarla, gömrükdə, səhiyyə və təhsildəki rüşvəti aradan qaldırmaqla ölkədəki ab-havanı dəyişmək olar.
Bunlar olmayınca, hər dəfə hansısa yaramaz bir məmurun qudurğanlığı günün birində partlayışa gətirib çıxaracaq, hansısa qüvvələr də din pərdəsi altında öz təxribatçı və xain projelərini həyata keçirməyə çalışacaqlar.
Ona görə daxildə sosial rifah güclənməlidir, hökumət nazirləri, icra başçıları xalqla həqiqi mənada işləməlidir, kabinetlərdə pul mənimsəmək, əhalinin arasına çıxmamaq yekunda ağr kataklizmlərlə müşayiət olunur...
Anaxeber.Az
Turan
Tarix: 16-07-2018, 12:38
Xəbəri paylaş





Xəbər lenti