Azərbaycanın Bako Saakyanı qandallaması üçün presedent


Kataloniya separatçılarının liderinin taleyi Qarabağ separatçıları üçün təkrarlana bilər, ancaq...

Ötən həftə Almaniya məhkəməsi dövlət vəsaitinin talan edilməsinə görə İspaniyanın Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonu İspaniyaya təhvil verməyi qərara alıb. Beləliklə, Almaniya məhkəməsi ekstradisiya üçün qiyama təhrik etməklə bağlı ittihamı əsas tutub.

Azərbaycan da illərdir erməni separatçılığından əziyyət çəkir. İşğal olunmuş ərazilərimizdə qondarma qurum yaradılıb və bu qondarma qurum dünyaya “dövlət” kimi təqdim edilir. Azərbaycanın hüquq-mühafizə orqanları isə Xocalıda dinc azərbaycanlıların soyqırımını həyata keçirmiş həmin erməni separatçılarının liderləri olan Robert Köçəryana, Serj Sərkisyana, Seyran Ohanyana, Bako Saakyana, Arkadi Qukasyana və digərlərinə qarşı cinayət işi açıb.

Bako Saakyan hazırda Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəridir. Almaniya məhkəməsinin İspaniya dövlətinə qarşı separatçılıq edən Karles Puçdemonu İspaniyaya təhvil verməklə bağlı qərarı Azərbaycana gələcəkdə Dağlıq Qarabağ separatçılarının liderləri barədə açılmış cinayət işlərini reallaşdırıb onları hansısa üçüncü ölkələrdə həbs etdirmək və sonradan təhvil almaq təcrübəsini qazandırırmı? Bu, bir presedent yarada bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a öncə bildirdi ki, Almaniya məhkəməsinin Puçdemonu İspaniyaya təhvil verməsi qərarının yerinə yetiriləcəyini zənn etmir. Daha öncə  Puçdemonun sığınacaq tapdığı Belçikada da oxşar qərar çıxarılmışdı. Ancaq sonra fərqli qərar çıxarıldı: “İspaniya Avropa İttifaqının üzvü olsa da, tərəfdaş dövlətlərin Madridin istəyi əsasında separatçı Puçdemonu İspaniyaya təhvil verəcəyini zənn etmirəm. Təəssüf ki, Avropanın bir sıra aparıcı ölkəsi separatçılara hər zaman simpatiya ilə yanaşıb. O cümlədən Dağlıq Qarabağ separatçılarına münasibətdə də ”ikili standart" yanaşması mövcuddur. Bu baxımdan Avropa dövlətlərinin nə vaxtsa Qarabağ separatçılarının liderlərini, o cümlədən Xocalı soyqırımını törədənləri Azərbaycana təhvil verəcəyini düşünmürəm".

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

E.Şahinoğlu qeyd etdi ki, hər bir halda birincisi, Azərbaycanın müvafiq strukturları İnterpola müraciət etməlidirlər:“Məsələnin üzərində ciddi dayanılmalıdır. İkincisi, bu müraciət olsa belə, Avropa dövlətlərinin separatçıları tutub Azərbaycana təhvil verəcəyi ehtimalı yüksək deyil. Özü də bu məsələdə ”ikili standart"lara yol vermək olmaz. Məsələn, Dağlıq Qarabağ separatçıları Rusiyada da azad hərəkət edir, rusiyalı rəsmilər və diplomatlarla görüşürlər. Əgər Azərbaycanın müvafiq dövlət strukturları separatçıları həbs etmək istəyirlərsə, bunu yalnız Avropadan deyil, Rusiyadan da tələb etməlidirlər".

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli də bildirdi ki, Puçdemon məsələsindəki prinsipiallıq Qarabağ separatçılarına münasibətdə özünü göstərmir: “Hələ ki Dağlıq Qarabağ separatçılarına münasibətdə ”ikili standart"ların qalması davam edir".

Politoloq hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ separatçılarının liderlərinin həbs olunması məsələsini Puçdemonun timsalında populyarlaşdırmağa və ictimai fikrin mərkəzinə gətirməyə çalışmalıdır: “Çünki Avropa Birliyi etnik münaqişələrin həlli məsələsində prinsipial mövqe ortaya qoyub. Biz son iki-üç ay ərzində Avropanın etnik separatizmə qarşı münasibətində əmələ gələn kəskinliyin praktikaya çevrilməsi istiqamətində ciddi səy göstərməliyik. Bu səylər nəticəsində Dağlıq Qarabağ separatçılarının başçısı ilə bağlı xüsusi qərarların çıxarılmasına nail olmalıyıq. Onsuz da bu gün hüquqi müstəvidə Azərbaycanın əli möhkəmdir. Beynəlxalq təşkilatların əksəriyyətinin verdiyi bəyanatların əksəriyyəti bizim tərəfimizdədir. Son zamanlar Avropa fikrində meydana gələn ciddi dəyişikliklər də bizim yanımızdadır. Bütün bunlardan istifadə edib, məsələnin praktik həllinə çalışmalıyıq”.

Etibar SEYİDAĞA

Tarix: 17-07-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti